Kayrat Zakiryanov: Türkdilli dövlətlər arasında Olimpiya oyunlarına bənzər beynəlxalq idman yarışları keçirilməlidir
Türkdilli dövlətlərin universitetlərinin idman federasiyaları prezidentlərinin Bakı toplantısı türk dünyası, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri iyulun 6-da Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin universitetlərinin idman federasiyaları prezidentlərinin toplantısında iştirak edən Qazaxıstan Universiteti İdman Federasiyasının və Beynəlxalq İdman Universitetləri Assosiasiyasının prezidenti, professor Kayrat Zakiryanov AzərTAc-a müsahibəsində demişdir.
K.Zakiryanov bildirmişdir ki, biz Türkiyənin təşəbbüsü ilə 2010-cu ildə Ankarada türkdilli dövlətlərin universitetləri nümayəndələrinin iştirakı ilə birinci toplantımızı keçirmişdik. Növbəti konfransı da Türkiyədə keçirməyi qərara almışıq. Düşünürəm ki, növbəti illərdə bu məsuliyyətli işi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli dövlətlər öz üzərilərinə götürməlidirlər.
Qonaq qeyd etmişdir ki, türkdilli dövlətlər arasında Olimpiya oyunlarına bənzər beynəlxalq idman yarışları keçirilməlidir. Çünki bir çox tarixi mənbələrdə göstərilir ki, Olimpiya oyunlarının keçirilməsi ideyası da ilk dəfə türk xalqlarından gəlmişdir.
Kayrat Zakiryanov demişdir
ki, bizim məqsədimiz
müxtəlif sahələrdə, o
cümlədən də idman sahəsində
əməkdaşlığımızı genişləndirməklə
türkdilli xalqların əlaqələrini
və türk dünyasının birliyini möhkəmləndirməkdir.
Azərbaycan.- 2012.- 7 iyul.- S. 6.