Şəkinin üçüncü İpək Yolu

 

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcraHakimiyyətinin birgə təşkilatçılığı ilə bu qədim şəhərdə "İpək Yolu" beynəlxalq musiqi festivalı keçirildi. Bu, Şəkinin üçüncü "İpək Yolu"dur. Birinci festival 2010-cu ildə baş tutub. Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə "Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı" elan olunub. Eyni zamanda, 2012-ci ildə Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi də bu təntənəli mərasimin ahənginə qarışdı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əvvəlcədən söylədiyi kimi "İpək Yolu" festivalı Şəki şəhər sakinlərinin və xarici qonaqların yaddaşında dərin iz saldı. Bir sıra ölkələrdən bu dağlar gözəli - Şəkiyə gələn tanınmış musiqiçilər festivaldan xoş təəssüratla ayrıldılar.

Festivalın ilk günü Şəki Xan Sarayının həyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının əsasında hazırlanmış "Arşınmalçı İpək Yolunda" musiqili hekayət - tamaşa nümayiş etdirildi. Rejissor Hafiz Quliyevin quruluş verdiyi tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeystri xalq artisti Mədinə Əliyeva idi. Opera və Balet Teatrının solistlərindən Gülüstan Əliyeva, Fərid Əliyev, Afaq Abbasova, Məhsəti Cabbarova və başqalarının çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Festivalın ikinci günündə Şəki şəhərindəki "Çələbixan" Sarayında Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün maraqlı konsert proqramı oldu. Möhlət Müslümovun (tar), Fəxrəddin Dadaşovun (kamança) müşayiəti ilə xalq artisti Mələkxanım Əyyubova muğam və xalq mahnılarımızı özünəməxsus ustalıqla ifa etdi. Muğam ustadının bütün çıxışları tamaşaçılara xoş təsir bağışladı. Sanki bu qeyri-adi ifaların böyük təsirindən doğan bir məqam idi ki, festivalın üçüncü günü muğam üçlüyünün üzvləri Şəki Musiqi Kollecinin konsert zalında şagirdlərə ustad dərsləri keçdilər. Bəstəkarlar İttifaqı üzvlərinin və xarici ölkə musiqiçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə kollecin kollektivi konsert proqramı ilə çıxış etdi. Onlar orkestr və xorun ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Üvertura", "Çənlibel xoru" və digər parçaları böyük ustalıqla qonaqlara çatdırdılar. Kollecin tələbələri həm müxtəlif bəstəkarların əsərlərindən musiqilər səsləndirdilər, həm də muğam ifa etdilər. Mərasimdə iştirak edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirdi ki, üç ildir Şəkidə belə beynəlxalq musiqi festivalı keçirilir. Hər dəfə də kollecin şagirdləri öz qabiliyyətlərini nümayiş etdirirlər. Bir məsələ diqqətə çatdırıldı ki, bu üç il ərzində kollecin üzvləri arasında xeyli irəliləyiş gözə çarpır. Xalq artisti Mələkxanım Əyyubova da muğam ifaçılarına öz məsləhətlərini verdi.

Beynəlxalq muğam festivalına Türkiyə, Gürcüstan, İran, eləcə də Azərbaycanın milli musiqi, folklor və teatr kollektivləri qatılmışdı. Festival çərçivəsində "Çələbixan" Sarayında Cənubi Koreyanın "Buyoqun Cunqnam" milli alətlər ansamblı da konsert proqramı ilə çıxış etdi. ansamblın bədii rəhbəri Lee Guq Do əvvəlcə bu musiqi alətləri barədə, onun yaranma tarixindən tamaşaçılara ətraflı məlumat verdi. Koreya musiqiçilərinin mahnıları da, rəqsləri də maraqla qarşılandı. Konsertin sonunda bu ölkənin Azərbaycandakı səfiri Li Ci Ha çıxış edərək xalqlar arasında dostluğun yaranmasında belə festivalların təşkil edilməsinin mühüm əhəmiyyət daşıdığından danışdı.

"Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində Şəki ilə qardaşlaşmış Giresun şəhərinin (Türkiyə) konservatoriya tələbələrinin təqdim etdiyi folklor nümunələri, rəqs qrupunun konserti festivalın ən maraqlı görüntülərindən biri oldu. Konsertdən sonra Giresun bələdiyyəsinin nümayəndəsi Ömər Cinər öz çıxışında Şəki şəhəri ilə dostluq və qardaşlıq əlaqələrinin tarixindən danışaraq bildirdi ki, bu əməkdaşlıq on ildir uğurla davam edir. Ömər Cinər həmçinin Şəki şəhər rəhbərliyini və musiqi kollektivlərini 2013-cü ildə Giresun şəhərində keçiriləcək beynəlxalq musiqi festivalına dəvət etdi. Həmin gün Türkiyəninl-Kindi" instrumental ansamblının konserti də maraqlı keçdi.

"Aşağı Karvansaray" kompleksində isə Gürcüstanın məşhur "Erisioni" akademik folklor mahnı və rəqs ansamblı rəngarəng konsert proqramı təqdim etdi. Kollektivin yüksək peşəkarlıqla ifa etdiyi şux və oynaq rəqslər, çoxsəsli gürcü xorunun bənzərsiz ifası, balaca nağara çalanların məharəti, bir sıra musiqi kompozisiyaları festival iştirakçılarını məmnun etdi.

Şəki Xan Sarayının həyətində təşkil edilən növbəti musiqili görüşün yaddaşlarda iz salmasına səbəb Azərbaycan Televiziyası və Radiosu Xorunun maraqlı konserti oldu. Kollektivin bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovanın idarə etdiyi musiqiçilər həm yerli, həm də xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirdilər.

Qonşu İran İslam Respublikasından festivala qatılan "Asəmlər" instrumental qrupunun proqramı da yaddaqalan oldu. Konsertdən öncə əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə bu qrupun fəaliyyəti haqqında tamaşaçılara ətraflı məlumat verdi. Bəlli oldu ki, "Asəmlər" adlandırılan İran musiqiçiləri Osmanlı sultanları tərəfindən XIV-XV əsrlərdə Tehran, Bağdad və digər şəhərlərdən İstanbula gətiriliblər. "Asəmlər" vasitəsilə musiqilər, o cümlədən Səfəvi dövrünə aid bəstəkarlıq üslubunun bəzi xüsusiyyətləri Osmanlı paytaxtında uzun müddət yaşayıb.

Ansamblın üzvləri qədim alətlərdə - udda, setarda, tömbəkdə, santurda, bənddə, kamançada qədim Şərq musiqilərini böyük həvəslə ifa etdilər. Onların hər çıxışı alqışlarla qarşılanırdı.

Festivalın yekun mərasimi "Karvansaray" Tarix-Memarlıq Kompleksində başa çatdı. Üzeyir Hacıbəylinin musiqisi ilə start götürən "İpək Yolu" beynəlxalq musiqi festivalı Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin konsert proqramı ilə öz mənzilinə çatdı. Azərbaycan bəstəkarlarının məşhur əsərlərindən, opera və baletlərindən, simfonik poemalarından qanadlanan rəngarəng musiqilər bu yolun hələ çox davam edəcəyini, illər boyu başına çox musiqiçiləri yığacağını bir daha təsdiqlədi. Festivalın bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bağlanış mərasimində çıxış edərək "İpək Yolu" üçüncü beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olduğunu fərəhlə dilə gətirdi.

Son on ildə paytaxt Bakının beynəlxalq tədbirlərə necə məharətlə ev sahibliyi etdiyi hamıya məlumdur. Bizi sevənlərə də, istəməyənlərə də. Çox qürur duyulası bir məqamdır ki, paytaxtdan başlanan bu gözəl mədəni yürüş indi bölgələrimizdə də öz əks-sədasını tapıb. Qəbələdə, Şəkidə, Naxçıvanda... keçirilən beynəlxalq tədbirlərdə iştirak edən xarici və yerli qonaqlar həmişə belə tədbirlərdən məmnun qalıblar. Dönüb qonşu ölkələrə baxanda Azərbaycanın Cənubi Qafqazda hansı qüdrətə, tolerant məkana, təhlükəsizliyə malik olduğu gün kimi aydındır. Bakıda may ayında dünyanın diqqətini çəkən "Eurovision-2012"-nin büsatı haqqında hələ də planetin çox yerində danışılır. İstedadlı insanlar, gözəl ifaçılar hər ölkədə ola bilər. Amma humanistlik, böyüklük, qonaqpərvərlik, yüksək səviyyədə mərasim təşkil etmək qabiliyyəti, dinindən, dilindən, irqindən asılı olmayaraq hamıya eyni gözlə baxmaq, dəyərləndirmək bacarığı hər xalqın qismətinə yazılmır. Sülhsevər Azərbaycanın sülhməramlı niyyəti onun başını həmişə ucaldıb. Bu ucalığın şərəf və şöhrəti isə dostları sevindirir, düşmənləri də öz qara niyyətlərində puça çıxarır. Azərbaycan mədəniyyəti öz qanadlarını geniş açaraq yeni zirvələr fəth edir. Üçüncü beynəlxalq "İpək Yolu" festivalının növbəti illəri hələ çox zamanın yaxasına tarixi zəfərlər yazacaq!

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 7.