Moskvada Ümumdünya Media Sammitinin ikinci iş günü plenar iclaslarda aktual məsələlərin müzakirəsi ilə davam etmişdir

 

 İyulun 6-da Rusiyanın İTAR-TASS informasiya agentliyinin himayəsi ilə Moskvanın Beynəlxalq Ticarət Mərkəzinin "Konqres" salonunda "Dünya mediası: XXI əsrin çağırışları" devizi altında keçirilən Ümumdünya Media Sammitinin ikinci iş günü plenar iclaslarda aktual məsələlərin müzakirəsi ilə davam etmişdir.

Sammitin "XXI əsrin informasiya çağırışları və dünya KİV-ləri: qarşıdurmalar və inqilablar şəraitində KİV-lərin rolu" mövzusunda keçirilən səhər iclasında İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, Çinin Sinxua agentliyinin prezidenti Li Tsuntszyun, BBC-nin baş direktoru Piter Xorroks, UNESCO-nun baş direktorunun müavini Yanis Karkliniş və digər aparıcı media qurumlarının rəhbərləri çıxış etmişlər. Onlar qarşıdurmalar, inqilablar və münaqişələr, maliyyə və siyasi böhran şəraitində  sürətlə dəyişən dünyada mövcud çağırışlara necə reaksiya vermək lazım olduğu barədə fikirlərini söyləmiş, İnternet, sosial şəbəkələr və elmi-texniki tərəqqinin digər yeniliklərinin vüsət aldığı qloballaşma dövründə ənənəvi medianın mövqeyinin qorunması, yeni fəaliyyət mexanizmlərinin axtarışı və yaradılması məsələlərindən danışmışlar.

Sonra müzakirələr "Biznes və KİV-lər. İqtisadi böhran şəraitində KİV-lərin yaşaması modeli. Dövlətin və biznesin rolu" və "Gələcəyin informasiyası: ənənəvi KİV-lərin əsas transformasiya meyilləri" mövzularında davam etdirilmişdir. "Moskovski komsomolets" qəzetinin baş redaktoru Pavel Qusev, "Assoşieyted Press" agentliyinin baş direktoru Con Danişevski, Yaponiyanın "Kiodo" agentliyinin prezidenti Satosi İsikava, Serbiyanın "Tanyuq" agentliyinin direktoru Branka Dukiç, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov çıxış edərək müasir dünyada KİV-lərin üzləşdiyi problemlərdən, mediaya artan təsirlərdən, əməkdaşlıq əlaqələrinin yeni mexanizmlərlə zənginləşdirilməsi yollarından söhbət açmışlar.

Müasir qloballaşma dövründə həyatın bütün sahələrində daimi transformasiya proseslərinin getdiyini vurğulayan Aslan Aslanov bildirmişdir ki, bu məsələ KİV-lərin bütün növlərinin fəaliyyətinə təsir göstərmişdir. İndi adamların getdikcə daha çox hissəsinin son xəbərləri öyrənmək üçün internetə müraciət etdiyini qeyd edən baş direktor demişdir: "Mahiyyət etibarilə internet hər hansı, hətta meqapolislərdən uzaqda yerləşən ən kiçik kütləvi informasiya vasitələri üçün qlobal auditoriyaya müraciət etmək baxımından geniş imkanlar yaratmışdır. Ən başlıcası, bu yol hamı  üçün açıqdır, heç bir tematik və coğrafi məhdudiyyət yoxdur. Bu baxımdan orijinal kontent yaratmaq qabiliyyəti və onu savadlı şəkildə yaymaq bacarığı mühüm rol oynayır və biz də AzərTAc-da buna çalışırıq".

İnformasiya məkanında sosial şəbəkələrin artan rolunu qeyd edən A.Aslanov vurğulamışdır ki, elektron mətbuat və sosial şəbəkələrin inteqrasiyası daha da genişlənəcəkdir. Qloballaşma bizim gözlərimiz qarşısında tamamilə yeni bir informasiya məkanı - konverqasiyaya məruz qalmış interaktiv-sosial medialar yaratmışdır. Bu sonuncular sanballı ənənəvi və İnternet KİV-lərin işinə konkret təsir göstərirlər. Onlar ən iri nəşrlərin yaydığı informasiyanı tamamlamaq və təshih etmək imkanına malikdirlər. 

Bu ilin oktyabr ayında Bakıda II Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini xatırladan AzərTAc-ın baş direktoru bildirmişdir ki, bu mötəbər tədbirdə başqa mövzularla yanaşı, qloballaşan dünyada jurnalistikanın rolu məsələləri də müzakirə olunacaqdır. Forumun mətbuata həsr olunacaq bölmə iclasının işi AzərTAc və İTAR-TASS agentlikləri tərəfindən birgə təşkil ediləcəkdir. İstərdim ki, bizi düşündürən aktual mövzuların müzakirəsində aparıcı xəbər agentliklərindən olan həmkarlarımız da iştirak etsinlər.

 

* * *

 

Bununla da Ümumdünya Media Sammitinin rəsmi hissəsi başa çatmışdır. İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko sammitə yekun vuraraq iştirakçılara təşəkkür etmişdir.

 

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 7.