İdmançılarımızdan
yeni qələbələr gözləyirik
Azərbaycanda idman sürətlə
və uğurla inkişaf edir. İdmanın
inkişafı Azərbaycanda dövlət siyasətidir və
Azərbaycan dövləti Azərbaycan idmanının
inkişafı üçün konkret addımlar atmışdır.
İlham ƏLİYEV
Azərbaycan müstəqilliyini bərpa
edəndən sonra idmançılarımız beşinci dəfədir
ki, dünyanın ən ali idman tədbirində - Olimpiya
oyunlarında iştirak etməyə vəsiqə
qazanmışlar. Hər dəfə də
idmançılarımızın yarışlara təntənəli
şəkildə yola salınması ənənəyə
çevrilmişdir. İlk dəfə onlar ümummilli lider
Heydər Əliyevin xeyir-duası ilə 1996-cı ildə
Atlantaya, növbəti dəfə 2000-ci ildə Sidneyə
Olimpiya oyunlarına yola düşmüşlər. Ulu öndərin
tövsiyələri həmişə
idmançılarımızın qələbə əzmini
yüksəltmiş, onlarda nikbin əhval-ruhiyyə
yaratmış və nəticədə Olimpiya oyunlarında
böyük qələbələrimizin əsası
qoyulmuşdur.
Bu ənənə
indi ölkə rəhbəri İlham Əliyev tərəfindən
davam etdirilir. İyulun 3-də Heydər Əliyev Mərkəzində
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının paytaxtı Londonda keçiriləcək
XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan
nümayəndə heyətinin yolasalma mərəsimi də
belə keçirildi. Ümumiyyətlə, idmanın kütləviliyinin
təmin edilməsi üçün Azərbaycanda geniş
tikinti-quruculuq işləri aparılır. Hazırda
respublikamızda 34 regional Olimpiya Mərkəzi fəaliyyət
göstərir, 8 mərkəzdə tikinti davam etdirilir.
Yaxın zamanlarda hər bir rayon mərkəzində müasir
Olimpiya İdman Kompleksi olacağı nəzərdə tutulub.
2000-ci ildən başlayaraq son 12 il ərzində, demək olar
ki, bölgələrin əksəriyyətində müasir
Olimpiya kompleksləri tikilmişdir. Milli Olimpiya
komandamızın tərkibində olan idmançıların
bəziləri də öz idman fəaliyyətini məhz son
illər ərzində tikilmiş Olimpiya komplekslərində
başlamışlar.
Londonda
keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək
Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev
ölkədə idmanın inkişafına göstərilən
qayğının nəticələrindən danışarkən
demişdir: "Azərbaycan nisbətən gənc müstəqil
dövlətdir. Bizim müstəqilliyimizin cəmi 20
yaşı vardır. Ancaq bütün sahələrdə
olduğu kimi, idman sahəsində də böyük
uğurlar qazana bilmişik. Bu gün dünyada Azərbaycan
idman dövləti kimi tanınır. Biz beynəlxalq idman ailəsində
layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan
idmançıları hər bir rəqib üçün
çox ciddi sınaqdır və idman ölkəsi
adını qazanmaq asan məsələ deyildir. Biz bu adı
öz əməyimizlə, idmançılarımızın
zəhməti, məşqçilərin əməyi ilə
qazanmışıq".
Sevindirici
haldır ki, ölkəmiz əvvəlki olimpiadalarla müqayisədə
daha geniş tərkibdə - 53 idmançı ilə təmsil
olunacaqdır. Onların yarışlara
hazırlanmasında Azərbaycan
Prezidenti İlham Əliyevin 2010-cu il 22 iyun tarixli "XXX Yay
Olimpiya Oyunlarına hazırlıq haqqında" sərəncamının
böyük rolu olmuşdur. Ölkəmizdə idmanın
inkişaf etdirilməsi, Olimpiya hərəkatının
genişləndirilməsi, yeni idman və Olimpiya komplekslərinin
tikilməsi zərurəti, eləcə də
idmançılarımızın London Olimpiadasında,
dünya və Avropa çempionatlarında yüksək nəticələr
qazanmaları üçün 2012-ci ilin ölkəmizdə
"İdman ili" elan edilməsi də əlavə stimul
olmuşdur.
Artıq
Azərbaycan dünyamiqyaslı idman tədbirlərinə də
uğurla ev sahibliyi edir. Belə ki, 2011-ci ildə
respublikamızda 36 beynəlxalq yarış təşkil
edilmişdir. Cari ilin altı ayı ərzində isə 28
beynəlxalq yarışa ev sahibliyi etmişik. Bu günədək
126 respublika tədbiri keçirilmişdir. 217 beynəlxalq tədbirdə,
79 təlim-məşq toplanışında yığma
komandalarımızın iştirakı təmin edilmişdir.
Olimpiadaya hazırlıq dövründə keçirilmiş yarışlar
ölkəmizin təbliği baxımından da əhəmiyyətli
olmuşdur. Buna may ayında ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş dörd kontinental, dörd
milli və 12 qarışıq kollektivdə, ümumilikdə
180 idmançının iştirak etdiyi 23 yaşadək
velosipedçilər arasında beşmərhələli beynəlxalq
veloyürüşü misal göstərmək olar. Bir
sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil,
ölkəmizin müxtəlif bölgələrində də
keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında
şahmat, yunan-Roma güləşi,
üzgüçülük və digər idman növləri
üzrə təşkil edilmiş beynəlxalq turnirlər məhz
bu qəbildəndir.
Pekin
Olimpiadasından ötən dövr ərzində Azərbaycan
idmançıları dünya və Avropa
çempionatlarından Vətənə uğurlu nəticələrlə
dönmüşlər. Bu göstəricilər həm
medalların nisbətində, həm də ötən Olimpiya
oyunları ilə müqayisədə lisenziyaların
artımında da əksini tapmışdır. O cümlədən
Olimpiya idman növləri üzrə qazanılmış
medalların sayında. Belə ki, Atlanta Olimpiadası ərəfəsində
(1993-1996-cı illər) 71 medal, Sidney Olimpiadası ərəfəsində
(1997-2000-ci illər) 146 medal, Afina Olimpiadası ərəfəsində
(2001-2004-cü illər) 262 medal, Pekin Olimpiadası ərəfəsində
(2005-2008-ci ilin yeddi ayı) 467 medal, London Olimpiadası ərəfəsində
isə (2009-2012-ci ilin altı ayı) 835 medal
qazanılmışdır.
Başqa
sözlə, hər Olimpiada ərəfəsində Olimpiya
idman növlərində qazanılan medalların sayı əvvəlki
Olimpiada ilə müqayisədə təxminən iki dəfə
artmışdır. Əgər Pekində keçirilən
Olimpiya oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman
növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə
16 idman növündə təmsil olunacaqdır. Ümumiyyətlə,
London Olimpiadasında Azərbaycan ilk dəfə olaraq beş
yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped
idmanı, idman gimnastikası və qılıncoynatma idman
növlərində də təmsil olunacaqdır. Pekində Azərbaycanı
bir hakim təmsil edirdisə, Londona beş hakimimiz (güləş,
iki gimnastika, boks və ağırlıqqaldırma) iştirak
edəcəkdir. Londonda ölkəmizi təmsil edəcək
53 idmançıdan 41-i ilk dəfə Olimpiya
oyunlarının iştirakçıları olacaqdır. Komandamız
daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən
titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti
nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya
qazanmaqla yanaşı, həmin
yarışlarda qalib gəlib dünya və Avropa
çempionları adına layiq görülmüşdür.
Artıq komandamızın tərkibində müstəqilliyimizin
bərpasından sonra dünyaya gəlmiş və ilk dəfə
ölkəmizi Olimpiadada təmsil edəcək gənc
idmançılar da var. Bu, bir daha sübut edir ki, Azərbaycan
idmanı az vaxtda böyük inkişaf yolu keçmiş,
perspektivli yeniyetmə və gənc idmançıların
aşkar edilməsi üçün ölkəmizdə onlara
hər cür əlverişli şərait
yaradılmışdır. Məhz idmana dövlət səviyyəsində
göstərilən qayğının nəticəsidir ki,
indi Olimpiya yığma komandamızın tərkibində
ölkəmizi təkcə Bakının deyil, həm də
Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Lənkəran,
Astara və digər rayon və şəhərlərimizin
idmançıları da təmsil edirlər.
Yeri
gəlmişkən, idmançılarımızın yerləşəcəyi
Olimpiya kəndində iyulun 25-də Azərbaycan
bayrağının qaldırılması mərasimi
keçiriləcəkdir. İyulun 28-də keçiriləcək
"Azərbaycan günü" adlı tədbirdə isə
Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli olimpiya komitələrinin
və beynəlxalq federasiyaların nümayəndələrinin
iştirakı gözlənilir.
Azərbaycan
Pespublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 3 iyul
tarıxli "Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının paytaxtı London
şəhərində keçirilən XXX Yay Olimpiya
Oyunlarında Azərbaycan Respublikasının
idmançıları və onların məşqçiləri
üçün ən yüksək nəticələrə
görə mükafatların müəyyən edilməsi
haqqında" sərəncamı ilə qaliblərə həvəsləndirici
mükafatlar verilməsi də qərara
alınmışdır.
İndi
Olimpiya yarışlarında iştirak edəcək
idmançılarımızın qarşısında bir vəzifə
durur. Yarışlarda iradə, qətiyyət, məharət,
ustalıq nümayiş etdirib, Vətənə Olimpiya
çempionu, Olimpiya qalibi kimi qayıtmaq. Bu, hər bir azərbaycanlının,
hər bir Azərbaycan vətəndaşının
arzusudur.
Rəhman SALMANLI
Azərbaycan.- 2012.- 8 iyul.- S. 1.