Azərbaycan
nümayəndə heyəti ATƏT-in Parlament
Assambleyasının sessiyasında fəal iştirak
edir
Monakoda ATƏT-in Parlament
Assambleyasının (PA) "ATƏT - dəyişilən region" mövzusunda
sessiyası keçirilir.
Sessiyada
Milli Məclis Sədrinin müavini,
ATƏT PA-da Azərbaycan
nümayəndə heyətinin
rəhbəri Bahar Muradovanın başçılığı
ilə parlamentin bir
qrup deputatı iştirak edir. Nümayəndə heyətinin
tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin
sədri Rəbiyyət
Aslanova, Regional məsələlər
komitəsi sədrinin
müavini Fəttah Heydərov, deputatlar Azay Quliyev və
Ağalar Vəliyev daxildirlər.
AzərTAc xəbər verir ki, iyulun 5-də ATƏT Parlament Assambleyasının
illik sessiyası daimi komitəsinin iclası olmuşdur.
Tədbirdə ATƏT PA-nın praktiki və prosedur məsələləri və
təşkilatın xüsusi
nümayəndələrinin fəaliyyətləri və
seçkiləri müşahidə
missiyaları haqqında
hesabatlar dinlənilmişdir.
Albaniya parlamentinin
spikeri J.Topalli ATƏT
PA-nın növbəti
payız sessiyasını
ölkəsində keçirilməsini
təklif etmişdir.
Azərbaycanın ATƏT PA-nın tədbirinə
ev sahibliyi
etmək məsələsi
ölkəmizin nümayəndə
heyətinin səyləri
nəticəsində ATƏT PA-nın bu il
Vyanada keçirilmiş
qış sessiyası
zamanı müzakirə
olunmuşdur. Milli Məclisin
Sədri Oqtay Əsədov təşkilatın
rəhbərliyinə bu
təklif ilə müraciət etmişdir.
ATƏT PA-nın yaz sessiyası
zamanı Batumidə bu dəvət beynəlxalq katibliklə razılaşdırılmış və indiki sessiyanın gündəliyinə
salınmışdır.
Azərbaycan nümayəndə heyətinin
rəhbəri B.Muradova
daimi komitənin iclasında 2014-cü ilin yay sessiyasının Azərbaycanda
keçirilməsi ilə
bağlı təqdimat etmişdir və bu təklif
hamılıqla bəyənilmişdir.
Həmin
gün yay sessiyasının plenar iclasının təntənəli
açılışında Monako Knyazlığının
dövlət naziri Mişel Roje, Monako Knyazlığı Milli Şurasının sədri
Jan Fransua Robiyon,
ATƏT sədrinin müavini,
Monakonun ATƏT PA-dakı
nümayəndə heyətinin
rəhbəri Jan Şarl
Qardetto, ATƏT-in fəaliyyətdə
olan sədri, İrlandiya Baş nazirinin müavini İmon Qilmor çıxış etmişlər.
Fasilədən sonra AŞ PA-nın
sədri Jan Klod Minyon, qurumun Baş katibi Lamberto Zaniyer və ATƏT PA-nın
gender məsələləri üzrə xüsusi nümayəndəsi Hedi
Fray çıxış etmişlər.
İngiltərə, Fransa
və Hollandiya nümayəndələri ATƏT-in yerlərdəki missiyaları,
seçkiləri müşahidə
missiyaları, ATƏT-lə
ATƏT-in Vyanadakı ofisi,
eləcə də Avropa Şurası arasında əlaqələrin
möhkəmləndirilməsinə onun verə biləcəyi töhfəyə
dair suallarla müraciət etmişlər.
Cənubi Qafqazdakı vəziyyətlə
bağlı L.Zanyer demişdir ki, Qafqazda narahatlıq doğuran məsələlər
mövcuddur. Biz insidentlərin sayının
çoxaldığını görürük. Mənim
Azərbaycana, Ermənistana,
Gürcüstana səfərlərim
zamanı bir sıra müzakirələr
aparacağıq.
İyulun 6-da siyasi məsələlər
və təhlükəsizlik
komitəsi öz işinə başlamışdır. Komitəyə sədrlik edən S.Bratli ATƏT PA-nın Belqrad Bəyannaməsindən
irəli gələn tövsiyələrin həyata
keçməsinə dair
fikirlərini söyləmişdir.
Sonra komitənin məruzəçisi
Vilya Aleknaite Abramkiene hesabatı təqdim etmişdir.
Hesabatda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə dair
bölmə öz əksini tapmışdır.
Hesabat ətrafında müzakirələrdə
Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev əhatəli
sənəd hazırladığına
görə litvalı
məruzəçi xanım
V.A.Abramkieneyə təşəkkür
etmişdir. Bildirmişdir
ki, məruzəçi ATƏT regionunda bugünkü reallığın çoxlu
aspektlərini, xüsusilə
də bölgədə
hələ də davam edən, təhlükəsizliyə və
sabitliyə ən böyük təhlükələrdən
biri olan həll olunmamış və ya həlli
uzadılmış münaqişələri
əhatə etmək üçün xeyli iş görmüşdür.
A.Abramkiene düzgün
olaraq qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
təmas xətti boyunca hələ də insanların həyatına son qoymaqda davam edir və
regionda gərginlik yüksək olaraq qalır.
A.Quliyev
həm də münaqişə ilə bağlı insidentlərin
baş verdiyi zaman onun tam araşdırılmasının vacibliyini qeyd edərək demişdir ki, Azərbaycan təmas xəttində insidentlərin araşdırılma
mexanizminin yaradılmasına
razıdır. Lakin
biz hesab edirik ki, birinci növbədə
Ermənistan silahlı
qüvvələri işğal
olunmuş Azərbaycan
torpaqlarından çıxarılmalıdır.
Digər
tərəfdən, məruzəçi
aydınlaşdırmalıdır ki, erməni snayperləri Azərbaycan ərazisindən keçən
təmas xəttində
nə edirlər?
Buna görə hesab edirəm ki, ATƏT PA Ermənistana
aydın bildirməlidir
ki, nə status-kvo qəbul olunmazdır, nə də ki, işğalın
davam etməsi. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır
və qarşı tərəfdən də həmin münasibəti gözləyirik.
Sonra söz alan
Ermənistan nümayəndə
heyətinin üzvü
A.Qeqamyan Azərbaycanı
güc tətbiq olunmaması və millətlərin öz müqəddəratını təyinetmə
prinsipinə əməl
etməməkdə günahlandırmış
və komitənin qətnamə layihəsinin
12-ci bəndinə həmin
prinsipləri əlavə
etmək təklifini irəli sürmüşdür.
Azərbaycan nümayəndə heyətinin rəhbəri B.Muradova bu təklifin
əleyhinə çıxış
etmiş və Ermənistan nümayəndə
heyətinin düzəlişi
rədd edilmişdir.
B.Muradova münaqişələrə və
qarşılıqlı etimada
dair digər bəndə düzəliş
təqdim etmişdir. Məruzəçinin
də fikirləri və şifahi əlavəsi nəzərə
alınmaqla, düzəliş kompromis
variant şəklində konsensusla
qəbul olunmuşdur.
Daha sonra müzakirələr 21-ci bəndin
2-ci hissəsinin çıxarılması
ilə əlaqədar
verilən düzəlişlər
ətrafında aparılmışdır.
Azərbaycan tərəfinin münaqişəli
məsələlərin müzakirəsi
istisna olmaqla,
ATƏT-in konsensus prinsipinin
saxlanması ilə əlaqədar təklif etdiyi düzəlişi
Belarus və Rusiya nümayəndə heyətlərinin
üzvləri dəstəkləmişlər.
Düzəliş qəbul olunmuşdur.
İqtisadi və ətraf
mühit komitəsinin
iclasında bu qurumun məruzəçisi
T. Lloyd məruzəsini və
qətnamə layihəsini
təqdim etmişdir.
Sonra məruzə
ətrafında müzakirələr
keçirilmişdir. Fransa, Almaniya, Kanada və digər ölkələrin nümayəndələri
ölkələrindəki vəziyyətlə
bağlı məlumat
vermişlər.
Nümayəndə heyətimizin üzvü
Eldar İbrahimov bildirmişdir ki, Azərbaycanda səmərəli və
xarici təsirlərə
davamlı siyasət aparıldığına görə
dünyada baş verən iqtisadi və maliyyə böhranı ölkə iqtisadiyyatına təsir göstərmir. 2003-cü ildən
başlayaraq Azərbaycanda
bir milyondan artıq iş yeri açılmış,
işsizlik 5,4 faiz təşkil etmişdir. Ətraf mühitin qorunması
və təbii sərvətlərin səmərəli
istifadəsi məqsədilə
ölkəyə yatırılan
sərmayələrin həcmi
ildən-ilə artır.
Ölkədə alternativ enerji
mənbələrinin istifadəsinə
dair müəyyən
tədbirlər görülür.
Bu sahənin inkişafına
90 milyon dollar ayrılmışdır. Bəzi regionlarda müasir
texnologiyalar əsasında
alternativ enerji mənbələrindən yararlanan
"yaşıl" evlər
yaradılmışdır. Bu yaxınlarda Sumqayıt şəhərində günəş
panelləri və LED lampaları istehsal edən müəssisə
açılmışdır. Bu istiqamətdə işlər davam etdiriləcək və Azərbaycan Avropa dəyərlərinin qorunmasında
fəal iştirak edəcəkdir.
Demokratiya və insan hüquqları
komitəsində bu qurumun sədr müavini A.Neri tərəfindən gələcək
fəaliyyətə dair
məruzə təqdim
edilmişdir. Gündəlikdə duran Belarus ilə
bağlı qətnamə layihəsi
ətrafında müzakirələr
aparılmışdır.
Azərbaycan.- 2012.- 8 iyul.- S. 2.