Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi görüşlərin əsas müzakirə mövzusu olmuşdur

 

 Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın  Monakoda "ATƏT - dəyişilən region" mövzusunda sessiyasında iştirakı çərçivəsində  bir sıra görüşlər keçirmişdir.

AzərTAc xəbər verir ki, B.Muradovanın İtaliya nümayəndə heyətinin rəhbəri, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Rikardo Milyori ilə görüşündə İtaliya -Azərbaycan parlamentlərarası münasibətləri, ATƏT PA-da birgə fəaliyyətin istiqamətləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Milli Məclis Sədrinin müavini B. Muradovanın İsveçrə nümayəndə heyətinin rəhbəri, İsveçrə- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  Kristin Egerzeqi-Obristlə görüşündə iki ölkənin  parlamentləri arasında getdikcə intensivləşən əlaqələr və dostluq qruplarının qarşılıqlı səfərləri ilə bağlı müzakirələr aparılmışdır. Xanım K.Egerzegi-Obristin cari ilin oktyabrında Bakıya səfərinin təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Milli Məclis Sədrinin müavini B.Muradovanın Almaniya nümayəndə heyətinin üzvü xanım Viola von Kramon-Taubadel ilə görüşündə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmuşdur. Tərəflərin mövqeləri, onların beynəlxalq sənədlərdə əksini tapması, eləcə də ATƏT PA çərçivəsində keçirilən müzakirələr və ayrı-ayrı ölkələrin vasitəçilik prosesinə dəstəyinin vacibliyi vurğulanmışdır. Münaqişə tərəflərinin müxtəlif səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilə biləcək tədbirlərin əhəmiyyəti qeyd olunmuşdur. Belə təşəbbüslərin Almaniya hökuməti tərəfindən  də irəli sürüldüyü və hər iki tərəfin iradəsi olduğu təqdirdə bundan sonra da təşkil edilə biləcəyi bildirilmişdir.

Kramon-Taubadel bu prosesdə şəxsən özünün fəal şəkildə iştirak etməyə hazır olduğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 8 iyul.- S. 2.