Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Katibliyi Yeni Azərbaycan Partiyasına təşəkkür etmişdir

 

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ASPBK) həmsədrləri Joze de Venesiya və Çuq Eu-Yonq Yeni Azərbaycan Partiyasına qurumun Daimi Komitəsinin Bakıda keçirilən iclasın yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkür etmişdir.

AzərTAc xəbər verir ki, ASPBK katibliyindən Yeni Azərbaycan Partiyasının (YAP) ünvanına daxil olmuş məktubda deyilir: "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransın Daimi Komitəsi adından qurumun 17-ci iclasının ölkənizdə yüksək səviyyədə təşkil olunmasına görə Yeni Azərbaycan Partiyasının əməkdaşlarına  təşəkkürümüzü bildiririk.

Diqqətinizə çatdırırıq ki, Bakı iclası ASPBK tarixində ən geniş və məhsuldar iclas kimi yaddaqalan oldu. Dəstəyinizə və əməkdaşlığınıza görə bir daha təşəkkür edirik. Əminik ki, ASPBK-ın cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək növbəti VII Baş Assambleyası öz möhtəşəmliyi ilə xüsusi əhəmiyyət kəsb edəcək.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, məhz Yeni Azərbaycan Partiyasının liderlərinin həyata keçirdiyi siyasət nəticəsində bugünkü inkişaf səviyyəsinə gəlib çata bilmişdir. Bu isə tədbirdə iştirak edən bütün qonaqlar üçün dəyərli nümunə olmuşdur".

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci iclası iyun ayının 22-23-də Bakıda keçirilmişdir. Daimi Komitəyə Çin, Yaponiya, Hindistan, Koreya Respublikası, Rusiya, Pakistan, Türkiyə və s. ölkələrin ən nüfuzlu partiyalarını təmsil edən 20 üzv daxildir. Yeni Azərbaycan Partiyasını ASPBK Daimi Komitəsində partiyanın sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov təmsil edir.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci iclasında qurumun cari ilin noyabr ayında Bakıda keçiriləcək VII Baş Assambleyasının gündəliyi və təşkilinə aid məsələlər, habelə bir sıra aktual problemlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 2.