İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

 

 İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirliyin kollegiyasının geniş iclası keçirilmişdir.

İİN-in struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında nazirliyin əlaqələndirici olduğu yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icra vəziyyəti, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması istiqamətində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr, nazirlik tərəfindən göstərilən elektron xidmətlər və s. məsələlər müzakirə edilmişdir.

Nazirliyin aidiyyəti qurumlarının rəhbərləri kollegiyanın gündəliyindəki məsələlərlə bağlı hesabat məruzələri ilə çıxış etmişlər.

Sonra məsələlər ətrafında müzakirələr aparılmışdır.

İclası yekunlaşdıran iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmiş, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar vermişdir.

Kollegiya iclasında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ında nəzərdə tutulan tədbirlərin, əlaqələndirmə işlərinin vaxtında və keyfiyyətli icrasına dair  tədbirlər planının hazırlanması və İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatının təşkili barədə qərar qəbul edilmişdir.

İclasda həmçinin nazirliyin Prezident İlham Əliyevin 2012-ci il 19 iyun tarixli müvafiq sərəncamı ilə təltif olunmuş bir qrup əməkdaşına "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və vəsiqəsi təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 7 iyul.- S. 3.