Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir

 

Azərbaycan 2020: təklif edirəm

 

 "Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk."

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ölkəmizin gələcək inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi üçün olduqca mühüm sənəddir. Əsas məqsədi Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq olan bu sənəd ölkəmizin bugünkü inkişaf səviyyəsindən çiçəklənən sabaha gedən yolun başlanğıcı və bünövrəsi olmalıdır, çünki gələcək böyük hədəflərə çatmaq üçün ölkəmizdə bütün imkanlar, o cümlədən siyasi iradə var.

Sənəddə ölkəmizin yeni inkişaf mərhələsinin əsas istiqamətləri müəyyən edilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır." Sənəddə habelə İnkişaf Konsepsiyasının hazırlanmasına müvafiq dövlət orqanlarının, elmi təşkilatların, vətəndaş cəmiyyəti təsisatlarının və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. Layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsi müəyyənləşdirilir.

Azərbaycanın hərtərəfli inkişafı, sosial-iqtisadi tərəqqisi, beynəlxalq mövqeyinin güclənməsi, dünyanın inkişaf etmiş ölkələrinin enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə,  regionda və dünyada söz sahibinə çevrilməsi ölkəmizin qısa zaman kəsiyində böyük inkişaf yolu keçdiyinə dəlalət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan davamlı inkişaf strategiyası nəticəsində Azərbaycan 2009-cu ildə keçid dövrünü başa vurdu. Bu isə sosial-iqtisadi sferada, cəmiyyət həyatının bütün sahələrində yeni epoxanın başlanğıcı deməkdir. Bu mərhələnin özünün ayrıca hədəfləri və vəzifələri var.

Mühüm məsələlərdən biri Prezident İlham Əliyev tərəfindən modernləşmə siyasətinin uğurla yürüdülməsidir. İnkişaf etmiş dövlətlərlə, beynəlxalq təşkilatlarla qurulan faydalı əməkdaşlıq, icra olunan layihələr, dövlət proqramları ölkədə həyata keçirilən modernləşmə siyasətinin təzahürüdür. Azərbaycan nəinki regionda, həmçinin MDB və Şərqi Avropa məkanında siyasi və iqtisadi cəhətdən inkişaf edən öncül dövlətə çevrilib. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır.

Düşünürəm ki, İnkişaf Konsepsiyasının əsas hədəfi ölkənin bütün istiqamətlərdə modernləşməsi olmalıdır. Azərbaycan elə bir ölkəyə çevrilməlidir ki, burada hər bir insan rahat yaşasın, işləsin, övladlarını böyütsün, arzularına çatsın, özünü bir şəxs kimi tam realizə edə bilsin. Ölkədə elə bir siyasi sistem və insan hüquqları, sosial təminatı, iqtisadi inkişaf modeli yaradılmalıdır ki, onlar birlikdə vahid, daim inkişaf edən və eyni zamanda, sabit, sağlam dövlət idarəetmə mexanizminə zəmanət versinlər. Elə bir mexanizminə ki, daimi ədalətin keşiyində dursun və hər bir vətəndaşın ləyaqətini müdafiə etsin, dövlət-cəmiyyət münasibətlərində həqiqəti və qarşılıqlı etibarı təmin etsin.

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün bütün xalqımız vahid milli ideya ətrafında sıx birləşməlidir. Tarixi şəraitin özü, xalqımızın yaxın keçmişdə üzləşdiyi ciddi problemlər və məruz qaldığı çətin sınaqlar bu ideyanı bizə diktə edir. Bu, ərazi bütövlüyümüzün bərpası və ona aparan milli birlik və həmrəyliyin möhkəmləndirilməsidir.

Əlbəttə, demokratik və plüralist cəmiyyətdə, çoxpartiyalılıq şəraitində siyasi mübarizə, siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir ayrılıqları təbii bir haldır. Lakin ümummilli ideya baxımından ən mühüm məsələ, fəlsəfi dillə desək, mübarizə edən əksliklərin vəhdətini qorumaqdan, yəni, siyasi ehtirasların cəmiyyəti parçalamasına imkan verməməkdən, mübarizə və müzakirələrin konstruktiv məcrada aparılmasına nail olmaqdan ibarətdir. Müasir sivil dünyada bərqərar olmuş parlament quruluşunun özü də məhz bu zərurətdən doğmuşdur və bunu tələb edir.

Yeri gəlmişkən, parlament çərçivəsində siyasi diskussiyaların yönü barədə fikrimi bildirmək istərdim. Bitərəflərin nümayəndəsi olaraq hesab edirəm ki, müzakirələrin mücərrəd ideoloji prinsiplər və qəliblər əsasında deyil, sosial və hüquqi problemlər kontekstində aparılması daha məqsədəuyğundur. Biz daxili problemlərin həllinə siyasi şüar və bəyanatlarla deyil, sosial-iqtisadi məsələlərin çözümünü təmin edəcək hüquqi baza və mexanizmlərin işlənib hazırlanması ilə nail ola bilərik. Bu da son nəticədə cəmiyyətin ahəngdar inkişafının başlıca şərti kimi sosial ədalətin bərqərar olması ilə nəticələnməlidir.

Son illərdə ölkəmizin qazandığı ən böyük nailiyyət, heç şübhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi o kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Ümummilli lider Heydər Əliyev ötən illər ərzində məhz belə bir müdriklik nümayiş etdirmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də məharətlə davam etdirilir. Hesab edirəm ki, bu sabitliyi qorumaq əslində, hər bir vətəndaşın borcudur. Odur ki, mövcud ictimai-siyasi sabitliyi hər vəchlə qorumağı, stabilliyin pozulmasına səbəb ola biləcək bütün cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmağı birinci dərəcəli vəzifə kimi qarşımıza qoymalıyıq. Stabilliyin sarsılmazlığını təmin etmək üçün konstruktiv siyasi qüvvələrlə dialoqu və əməkdaşlığı inkişaf etdirmək, vətəndaş həmrəyliyinin və milli birliyin həmişəlik bərqərar olmasına çalışmaq, ölkədə mülki cəmiyyətin möhkəm əsaslarının qurulmasına nail olmaq lazımdır. Bunlar həyata keçərsə, sabitliyin pozulmasına yönəlmiş cəhdlər təkcə dövlət strukturlarının deyil, bütövlükdə cəmiyyətin müqaviməti ilə rastlaşar və təbii ki, uğursuzluğa düçar olar.

Bəllidir ki, ölkədə sabitliyin qorunmasında daxili amillərlə yanaşı, xarici faktorlar da mühüm rol oynayır. Odur ki, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq birliyə daha sıx inteqrasiyasına yönəlmiş tarazlaşdırılmış xarici siyasət xətti dönmədən inkişaf etdirilməlidir. Bu xətt təkcə siyasi rəhbərlik səviyyəsində deyil, beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları və parlamentlər səviyyəsində də intensivləşdirilməlidir.

Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlər içərisində ikisi xüsusi əhəmiyyətə malikdir. Bunlardan biri Qarabağ problemi, digəri isə sosial-iqtisadi məsələlərdir. Tam əminliklə demək olar ki, Qarabağ probleminin sülh yolu ilə həllinə yönəlmiş xətt mövcud reallıqlar baxımından tamamilə düzgün xətdir və müsbət nəticələr verənədək davam etdirilməlidir. Eyni zamanda, atəşkəs və sülh danışıqları arxayınlıq doğurmamalı, milli ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyət daim gücləndirilməlidir. Necə deyərlər, "sülh istəyirsənsə, müharibəyə hazırlaş."

İqtisadi məsələlərə gəldikdə isə populist çıxışlara rəğmən, dünyadakı qloballaşma prosesləri və ölkədəki formasiya səciyyəli dəyişikliklər baxımından yanaşılarsa, mövcud iqtisadi problemlərin kökündə obyektiv amillər durur. Etiraf etmək lazımdır ki, bu gün bazar iqtisadiyyatına, özəl sektorun inkişafına alternativ yoxdur. Bu isə bir sıra çətinliklərlə müşayiət olunur. Həmin çətinlikləri yüngülləşdirməyin yeganə yolu səmərəli sosial siyasət xəttinin gerçəkləşdirilməsi, qaçqınların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, təqaüdçülərin və digər aztəminatlı təbəqələrin sosial müdafiəsi sahəsində fəal tədbirlərin həyata keçirilməsidir. Elm, mədəniyyət, təhsil və səhiyyə sahələri də daim dövlətin qayğısını hiss etməlidir. Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayacaqdır ki, bu da artıq Avropa Şurasına tamhüquqlu üzv olmuş və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan dövlətimiz üçün strateji bir vəzifədir.

Bəşər tarixi göstərir ki, elm hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişinin əsas təminatçısıdır. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi mənfəətə görə hətta zəngin təbii sərvətləri belə üstələyir. Ən inkişaf etmiş ölkələrin yaxın tarixinə nəzər saldıqda, onların sürətli inkişafının əsasında məhz elmi nailiyyətlərin durduğunun şahidi oluruq.

"Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir" - ölkə Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı bu fikir, zənnimizcə, hazırlanan İnkişaf Konsepsiyasının ana xəttini təşkil etməlidir və bu istiqamətdə indiyədək aparılan fraqmentar səciyyəli diskussiyaları vahid düşüncə məcrasına yönəltməlidir.

Prezident İlham Əliyevin elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində atılan mühüm addımlardır.

Elmin inkişafına yönəldilən xərclər təxminən 7 dəfə artıb. Elmin inkişafı üzrə Milli Strategiya təsdiq olunub, 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün dövlət proqramı qəbul edilib. Bütün bunlar göstərir ki, Azərbaycan elminə, onun mərkəzi idarəetmə orqanı olan AMEA-ya diqqət ilbəil artırılır.

Son illər elm və mədəniyyət ocaqlarının təmirinə, maddi-texniki bazalarının gücləndirilməsinə, görkəmli alim, yazıçı və şairlərin yubileylərinin keçirilməsinə də böyük diqqət yetirilir. Eyni zamanda, Elmin İnkişafı Fonduna çox böyük vəsaitlər ayrılır. Elm ocaqlarının yeni avadanlıqlar ilə təchiz olunması, modernləşməsi, dünya elminə inteqrasiya etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi işçilərin əməyinin stimullaşdırılması üçün bu fond ciddi işlər görməkdədir. Ümumiyyətlə, akademiyanın təchizat məsələləri son illər xeyli yaxşılaşdırılıb. Texniki avadanlıqlarla təchiz olunması, ezamiyyətlərin verilməsi, xarici ədəbiyyatların alınması və digər məsələlərdə müsbət irəliləyişlər çoxdur. Bütün bunlar Azərbaycanda elmə, mədəniyyətə yüksək diqqət və qayğıdan xəbər verir.

AMEA-nın 2011-ci il illik hesabat yığıncağında ölkə Prezidenti Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib. Bütün dövrlərdə alimlərimizin Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələr verdiyini qeyd edən dövlət başçısı ölkəmizdə dünya səviyyəsində aparılan araşdırmaların öz müsbət təsirini göstərdiyini qeyd edib. Cənab Prezidentin geoloq alimlərimizin ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı əvəzolunmaz xidmətlər göstərdiyini, neft-kimya sahəsində böyük perspektivlərin olmasını, ölkə iqtisadiyyatının hərtərəfli inkişafını və iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməli olduğumuzu, AMEA-nın aqrar bölməsinin yaradılması üçün konkret addımlar atılmasının vacibliyini, elmimizin dəstəyi ilə Azərbaycanda çox güclü kosmik sənaye yaradılacağına əminliyini, informasiya-kommunikasiya sektorunda uğurlarımızı xüsusi vurğulaması elmimizin bütün sahələrinin dövlətin nəzarət və qayğısı altında olmasının göstəricisidir.

Ölkə rəhbəri ictimai və humanitar elmlərlə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu deyərək bu sahədə aparılan işlərin çox uğurlu və təqdirəlayiq olduğunu dedi: "Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir". Cənab Prezidentin yığıncaqda Azərbaycan dili barədə söylədiyi fikri xüsusi vurğulamaq lazımdır: "Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir". Bu fikirlərin bariz təsdiqi kimi yaxınlarda Prezident tərəfindən imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin istifadəsinə dair dövlət proqramı haqqında" sərəncamı oldu.

Prezidentin ədəbiyyat, arxeologiya, tarix və digər elm sahələri ilə bağlı söylədiyi fikirlər bu sahələrə də böyük önəm verməsini, onları daim diqqət mərkəzində saxlamasını təsdiqləyir. Yığıncaqda "Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə olduğu kimi xidmət etsin" - söyləyən Prezident İlham Əliyevin akademiyanın gələcəyinə böyük inam bəsləməsini onun gənc alimlərlə bağlı söylədiyi fikirlər də təsdiqləyir: "Hazırda "Azərbaycan gəncliyi 2011-2015 illərdə" dövlət proqramı hazırlanır. Eyni zamanda, Azərbaycan elminin inkişafı üzrə dövlət proqramı da 2015-ci ilə qədər hesablanıbdır. Bu iki proqramı biz bir növ bir-biri ilə bağlamalıyıq və gənclərin, ümumiyyətlə, elmə cəlb edilməsi üçün əlbəttə ki, əlavə tədbirlər nəzərdə tutulmalıdır. Mən o fikirlə tam razıyam ki, biz gəncləri elmə cəlb etmək üçün əlavə mexanizmlər hazırlamalıyıq, stimullaşdırmalıyıq".

Əslində, Azərbaycan elminin yaxın gələcəkdə inkişaf istiqaməti 2009-cu ildə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş elmin inkişafı üzrə Milli Strategiyada öz əksini tapmışdır. Bu, Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili, respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması, yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsindən ibarətdir. Sənəddə həmçinin fundamental elmlərə dair tədqiqatların genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat müəssisələrinin və ümumilikdə, elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun müasirləşdirilməsi, elmin hüquqi-normativ bazasının yaradılması, elmin inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və sairə bu kimi məqsədlər də mövcuddur.

Bütün bunlarla yanaşı, aşağıdakıları da deməyi zəruri hesab edirəm:

Elm mənəvi fəaliyyət sahəsi olduğundan burada ilk stimul rolunu, təbii ki, mənəvi amillər oynayır. Yəni, qəlbinin hökmü ilə elmə gələn hər bir kəs onun vurğunu, müəyyən mənada fanatı olur. Amma biz maddi dünyada yaşayırıq və maddi təminat olmadan hər hansı bir fəaliyyət, o cümlədən elmi fəaliyyət qeyri-mümkündür. Bu, bir həqiqətdir ki, fundamental elm böyük məsrəflər tələb edən bir sahədir. Və bu məsrəflər heç də dərhal öz bəhrəsini vermir, yalnız perspektivdə özünü doğruldur. Amma güclü olmaq istəyən hər bir dövlət, gələcəyini düşünən hər bır millət bu məsrəflərə getməlidir.   

Açığını demək lazımdır ki, mövcud maliyyə təminatı hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyildir. Müqayisə üçün deyək ki, əgər sovetlər dönəmində EA işçilərinin orta maaşı respublika üzrə orta aylıq əməkhaqqından 20-30 faiz yuxarı idisə, indi xeyli aşağıdır. Aydındır ki, belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Yaxud əgər bir neçə il əvvəl EA əməkdaşlarının maaşı dövlət idarəetmə aparatı işçilərinin əməkhaqları ilə təqribən bərabər idisə, indi burada 2-3 dəfə fərq yaranmışdır. Fikrimizcə, bu bərabərliyi bərpa etmək üçün imkanları götür-qoy etmək lazımdır və bunu qanunvericilikdə də nəzərdə tutmaq zəruridir. Məsələn, bəzi MDB ölkələrində elmi işçilərin maaşının dövlət məmurlarının maaşına bərabər olması qanunvericilikdə təsbit olunmuşdur.

Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar EA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir.

Bu, təkcə elmi və intellektual problem deyil, həm də mənəvi-əxlaqi bir məsələdir. Belə ki, bu, gənclərin elmə, biliyə, öyrənməyə həvəs ruhunda tərbiyəsinə mənfi təsir göstərir və indi haqqında çox danışılan mənəvi dəyərlərin itirilməsinə və aşınmasına gətirib çıxarır. Halbuki elmə qiymət, alimə hörmət tarixən milli ənənə və mentalitetimizin ayrılmaz xüsusiyyəti olmuşdur. Lakin bugünkü gənc bütün ömrünü elmi axtarışlara həsr etmiş bir şəxsin maddi ehtiyac içərisində olduğunu görürsə, onun bundan hansı nəticəni çıxardığını təsəvvür etmək çətin deyil. Odur ki, bu vəziyyətin aradan qaldırılması birbaşa milli dəyərlərin qorunmasına, gənclərin mənəvi tərbiyəsinə dəxli olan məsələdir.

Bu gün Azərbaycan elmi qarşısında duran əsas vəzifələrdən biri də onu daha çevik, dövlətin və cəmiyyətin real tələbatına cavab verən və gələcək inkişafına xidmət edən bir istiqamətə çevirməkdir. Bunun üçün bu sahədə kök salmış bürokratik metodlardan imtina edilməli, elmi fəaliyyətin təşkili və maliyyələşdirilməsində daha müasir və mütərəqqi formalardan istifadəyə üstünlük verilməlidir.

Elmi strategiyanın dəqiqləşdirilməsi üçün elm və texnika sahəsində dövlət siyasətinə dair qanunun qəbul edilməsi böyük əhəmiyyət daşıyır. Həmin qanun əsasında EA Rəyasət Heyəti ayrı-ayrı sahələr üzrə strateji proqramlar işləyib hazırlaya bilər. Bu isə öz növbəsində artıq tətbiq olunan kontrakt sisteminin səmərəliliyini artırar.

Daha bir məsələ haqqında. Məlumdur ki, Prezidentin qərarı ilə gənc yazıçı və şairlərə, musiqiçilərə Prezident təqaüdləri verilir. Bu qərarın istedadlı gənc alimlərə də şamil edilməsi müsbət nəticələr verərdi.

Fikrimcə, digər bir istiqamət Azərbaycanın dünyəvi inkişaf yolunu qoruyub saxlamaq və ümumiyyətlə, dövlət-din münasibətlərində sabitliyi gücləndirməkdir. Azərbaycanda vaxtaşırı müxtəlif dini təşkilatların fəallığı müşahidə olunsa da, bütövlükdə islam faktorunun siyasi həyatda aparıcı rol oynamaq ehtimalı bu gün zəifdir. Bu, ilk növbədə, islam dininin özü ilə deyil, həmin dindən siyasi ideologiya kimi istifadə etməyə çalışan qüvvələrin cəmiyyətdə tutduğu siyasi, iqtisadi, mədəni mövqeyi, həmin qüvvələrin qarşılıqlı münasibətləri ilə bağlıdır. Lakin biz daim irəli baxmalıyıq və bu istiqamətdə sabah mümkün ola biləcək təhlükəni artıq bu gün önləməliyik.

Beləliklə, tarixən islam dünyasına daxil olan və bu gün dünyəvi dövlətçilik prinsipini rəhbər tutan Azərbaycanda islam faktorunun artması nə dərəcədə mümkündür və bunun baş verməməsi üçün nə etməliyik? Nəzərə alınmalıdır ki, müstəqillik illərində Azərbaycanda islama meyil güclənmişdir. Həm fərdi, həm də ictimai şüurda və davranış normalarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklər özünü o cümlədən islama marağın artmasında büruzə verir. Sovet dövründə Azərbaycanda islamın insanların şüurundan çıxarılması sahəsində aparılan çoxsahəli iş cəmiyyətin mütləq dinsizləşməsinə gətirib çıxarmasa da, onu yalnız adət-ənənə şəklində qoruyub saxlayan iki-üç nəslin təşəkkül tapmasına səbəb ola bilmişdi. Müstəqillik illərində bu itki sürətlə bərpa edilir, uzun illərin məhdudiyyətlərindən sonra dini-mədəni ənənələrin ifadəçisi kimi islama təbii maraq artır. Əgər sovet dövründə islamdan uzaqlaşma ləng gedirdisə, müstəqillik dövründə dinə qayıdış sürətlə baş verir. Bu, hər şeydən əvvəl, özünü namaz qılanların, oruc tutanların, Məşhəd, Kərbəla, Məkkə ziyarətlərinə gedənlərin, başıörtülü gəzənlərin sayının artmasında göstərir. Bunu biz müxtəlif dini mərasimlərin (Qurban bayramı, Aşura və s.) iştirakçılarının sayının ilbəil artmasında da görürük.

Sosial problemlər də dindarlığın güclənməsinə şərait yaradır. Azərbaycan torpaqlarının böyük bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi, 1 milyon insanın qaçqın və məcburi köçkün həyatı sürməsi, ölkənin haqq işinin ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar tərəfindən tam ədalətlə dəstəklənməməsi, münaqişənin ədalətli həllinin uzadılması, yeni iqtisadi formasiyaya keçidlə bağlı sosial problemlərin doğurduğu gərginlik öz növbəsində, islama meylin güclənməsi üçün münbit zəmin yaradır. Azərbaycanın açıqlığı, xaricə və xaricdən gediş-gəlişin intensivliyi, müsəlman dünyası ilə mədəni və dini əlaqələrin genişlənməsi islam ideyasının gücünü artırır, əhali arasında islam dünyasına mənsubluq hissi yeni parametrlər kəsb edir. Belə bir şəraitdə Azərbaycanda dinin ənənəvi formaları ilə yanaşı, qatı mühafizəkar, radikal formaları da ölkəyə yol tapır.

Radikal islamı islamın Peyğəmbər dövründəki ilkin saflığına qayıtmağa, o dövr üçün səciyyəvi olan əxlaqi-etik prinsiplərə ciddi əməl etməyə çağırış, islamda dini və dünyəvi tərəflərin, dinlə dövlətin, dinlə siyasətin birliyinin vurğulanması, geyimdə və davranışda puritanlıq fərqləndirir. İslamın daşıdığı mənəvi yük, mənəvi məzmun özünə yeni, daha dayanıqlı, səbatlı daşıyıcılar tapır. Bu gün küçələrdə, avtobus dayanacaqlarında və əsasən, gənclər arasında tez-tez rastlaşdığımız örtüklü qızlar, sadə geyimli, saqqallı, manjetsiz şalvarlarının balağı islam qaydası ilə ayaqqabılarından xeyli yuxarı olan oğlanlar nədənsə mənəvi oyanış, dirçəliş yolunda olduqlarına, əsl islama keçdiklərinə səmimi-qəlbdən inanırlar. Ailələrdə atalarla oğullar arasında içki içmək, insanı Allaha ibadətdən ayıran oyunlar oynamaq, şit musiqiyə qulaq asmaq, bayağı filmlərə tamaşa etmək üstündə ixtilaflar baş verir. Maraqlıdır ki, ixtilaf edən tərəflərdən biri - atalar, digərinin - oğulların etiqadlarına hörmətlə yanaşdığı halda, ikinci tərəf dözümsüzlük göstərir, özgəsinin həyat və davranış tərzi ilə barışmaq istəmir. Radikal islam tərəfdarları dini özünütəsdiq meylinin təsiri altında siyasi fəaliyyətə qoşulmaq, aksiyalar keçirmək, məzhəbçilik və dini təfriqəçilik meyillərini oyandırmaq cəhdlərində bulunurlar. Əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, islama dair biliklərinin yetərsizliyi qeyri-ənənəvi dini məzhəblərin həqiqi islam adı altında təbliği üçün əlverişli şərait yaradır. Bütün bu amillərin təsiri altında islam fundamentalizmi Azərbaycana da yol tapa bilər.

Əgər əhali arasında islamlaşma indiki sürətlə gedərsə, - yəqin ki, belə də olacaqdır, - 10-15 ildən sonra Azərbaycan dünyaya başqa nəzərlərlə baxa bilər. Doğrudur, ölkədə eyni, bəlkə də daha artıq sürətlə qərbləşmə prosesi də gedir və bu iki proses bir-birinin ifratçılığını nisbətən neytrallaşdıra bilər. Lakin bu mərhələ bəzi müsəlman ölkələrində artıq keçilmiş mərhələdir, bu isə ona dəlalət edir ki, bizdə də ixtilaf və münaqişələr üçün imkanın mövcudluğu istisna edilməməlidir. Hər iki prosesin iştirakçıları özgə düşərgəsinə müdaxilə etməyə cəhd göstərəcəkdir. Qərbləşmənin zəif yerləri çoxdur, amma dünyəvi dövlətdə onun mövqeləri həmişə dəstək tapmalıdır.

Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti dünyəvi olduğu üçün burada dinlə bağlı siyasətdə islama yalnız mənəvi dəyərlərin təbliğçisi rolu ayrılır. Belə bir şəraitdə əgər ənənəvi islam ən mühüm vəzifələrindən birini dövlətçiliyə xidmətdə görürsə, cəmiyyətin həm dini, həm də dünyəvi həyatının ən dərin qatlarına nüfuz etməyə çalışan radikal islam onun üçün ayrılmış seyrçi rolu ilə qənaətlənmir, öz sözünü demək, öz mövqeyini bildirmək üçün təşkilatlanmağa can atır. Digər tərəfdən, əgər islam dünyası səviyyəsində ənənəvi islam tərəfdarları arasında əlaqələr rəsmi protokol səviyyəsindən kənara çıxmırsa, yalnız elmi konfransların, birgə toplantıların keçirilməsi ilə məhdudlaşırsa, qeyri-ənənəvi islam tərəfdarları öz həmməzhəbləri tərəfindən geniş maddi və mənəvi dəstək tapır, məqsədyönlü şəkildə dəstəklənirlər.

İslam dinindən Azərbaycanda öz siyasi, iqtisadi mövqelərini möhkəmləndirmək məqsədi ilə istifadə etməyə çalışan xarici qüvvələr daim axtarışda və fəaliyyətdədir. Deyilənlər ilk növbədə, ərəb ölkələrinin islam təşkilatlarına aiddir. Onların fəaliyyətinin bu gün geniş miqyas almaması Azərbaycan iqtidarının və aidiyyəti orqanlarının sayıqlığı, əhalimizin dini strukturu və ilk növbədə, azlıq təşkil edən sünni məzhəblərə istinad etmələri ilə bağlıdır.

Bu baxımdan İranın Azərbaycanda təsir göstərmək imkanı daha genişdir, çünki bir tərəfdən əksəriyyət təşkil edən həmməzhəblərə arxalanır, digər tərəfdən İran dövləti və rəsmi siyasətlə gücləndirilir.

Düşünürəm ki, ölkəmizdə din sahəsində sabitliyi qorumaq, dövlət-din münasibətlərini bundan sonra da yüksək səviyyədə tənzimləmək üçün, əhali arasında geniş maarifləndirmə tədbirləri keçirilməli, bu işə ziyalılarımız cəlb olunmalıdır. Ölkə KİV-də Azərbaycandakı ənənəvi islam haqqında dünyəvi təhsil almış (məhz dünyəvi təhsil) islamşünas alimlər tərəfindən verilişlər aparılmalı, islamın əsl mahiyyəti əhaliyə izah olunmalıdır. "Şərq kitabı" evləri açılmalı, əhali Şərq ölkələrində geniş yayılmış mütərəqqi dünyəvi ədəbiyyatla, bu ölkələrdə cərəyan edən ictimai-siyasi proseslərlə, islahatçılarla mühafizəkarların mübarizəsi ilə dinin müxtəlif formalarının cəmiyyətlərin həyatında oynadığı mənfi rolu haqqında məlumatlarla tanış olmaq imkanı əldə etməlidir. İslamı dünyəvi bir elm kimi tədqiq və təbliğ etməyi bacaran yeni nəsil islamşünas alimlər yetişdirilməlidir.

Ümumiyyətlə isə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması prosesinin uğurla tamamlanacağına böyük əminlik var. Ölkəmizin hərtərəfli inkişafını, sürətli yüksəlişini davam etdirəcək, müstəqil dövlətçiliyinin möhkəmliyini və gücünü daha da artıracaq konsepsiya şübhəsiz ki, qloballaşan dünyada Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini də təsbit edəcəkdir.

 

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA akad.

Z.M.Bünyadov adına Şərqşünaslıq

İnstitutunun direktoru, filologiya

elmləri doktoru, professor

 

Azərbaycan.- 2012.- 8 iyul.- S. 4.