Milli ordumuz gündən-günə güclənir

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hazırda Azərbaycan ordusunun təkcə bölgənin deyil, bütün dünyanın güclü ordularından biri olduğunu vurğulayıb. "Mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır" - deyən Ali Baş Komandan Azərbaycanda peşəkar ordu yaradıldığını qeyd edib. Prezident bildirib ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və beynəlxalq hüquq normaları baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir. "Biz hərbi potensialımızın gücləndirilməsini uğurla aparırıq" - deyən cənab İlham Əliyev onu da diqqətə çatdırıb ki, güclü Azərbaycan ordusu hazırda bölgədə sabitləşdirici rol oynayır.

Azərbaycan ordusunun sabitliyə, atəşkəsə can atmasına, beynəlxalq hərbi qaydalara uyğun ordu quruculuğu ilə məşğul olmasına baxmayaraq, cəbhə bölgəsində ermənilər hər gün atəşkəsi pozurlar. Hətta onlar təmas xəttinə yaxın Azərbaycan kəndlərinin sakinlərinə, yaz-tarla işləri ilə, əkin-biçinlə məşğul olan insanlara, kənd əhalisinə, qocalara, uşaqlara atəş açmaqdan belə çəkinmirlər. Təkcə bir günə diqqət yetirək. İyun ayının 4-də Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdən Tapqaraqoyunlu kəndini, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdən Aşağa Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndlərini, Qazax rayonunun Mehirli kəndini, eləcə də Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndlərini, habelə bu ərazilərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatpülemyotlardan atəşə tutmuşlar. Bundan bir gün sonra isə səhər saat 6.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd göstərsə də, itki verərək geri çəkilməyə məcbur olmuşdur. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olmuşdur. Digər bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişmişdir.

Canı qədər sevdiyi torpağı uğrunda şəhid olan Azərbaycan əsgərləri bu ölümü özlərinə şərəf bilirlər. İstiqlal şairi Əhməd Cavad demişkən:

 

Sağ qalanlar analara təsəlli

 

Şəhidlərin üzü gülər, bismillah!

 

Böyük vətənpərvərlik və mübarizə ruhu ilə ermənilərin intensiv hücumlarının qarşısını alan əsgərlərimiz "Vətən bölünməz!", "Biz ölməyə doğulmuşuq, torpağın-daşın var olsun, Vətən!" deyə son anadək qəhrəmanlıqla döyüşərək ölməzliyə qovuşdular. Bu ölməzliyin, bu istiqlal şəhidlərinin davamçıları yüzlərlədir, minlərlədir. Bugünkü Azərbaycan gəncliyi, Azərbaycan əsgəri Ali Baş  Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda, bir sözlə, torpaqlarımız işğaldan azad olunanadək mübarizəni davam etdirmək əzmindədirlər.  

Erməni vandalizmini, işğalçı ermənilərin üzünü dünya ictimaiyyəti indi daha yaxından görür və tanıyır. Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı dövlət başçıları, hökumət üzvləri və digər rəsmi şəxslərlə bu barədə apardığı danışıqlar beynəlxalq ictimai rəydə üstünlüyü Azərbaycanın xeyrinə dəyişmişdir. Artıq dünya ictimaiyyəti Azərbaycan dövlətinin ərazilərinin ermənilər tərəfindən işğal edildiyini, azərbaycanlıların dinc yolla ata-baba yurdlarının işğaldan azad olunması istəyində olduğunu dəstəkləyir.

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsə də, istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də demoqrafiya məsələlərində Ermənistan ilə Azərbaycan arasında fərq böyüməkdə davam edir. Böyük potensialagüclü iqtisadiyyata malik olan ölkəmiz isə xaricdən  maliyyə yardımı almağa ehtiyac duymur və ölkə iqtisadiyyatındakı inkişaf artım tempi ilə davam edir. Ordumuz düşmənə layiqli cavab verməyə hazırdır. Ermənistan ordusu əsgəri xidmətə adam tapmaqda çətinlik çəkdiyi halda, Azərbaycan ordusu gündən-günə güclənir. Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək, ermənilərlə üzbəüz mövqelərdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulmaq istəyində olanların sayı daim artmaqdadır. Hərbi xidmətə çağırış yaşı çatanlar bir yana, könüllü olaraq əsgəri xidmətə getmək istəyənlər də çoxdur. Çağırış yaşlı gənclərimizdə vətənpərvərlik hissi çox güclüdür. Onlar tam əmindirlər ki, Azərbaycanın şanlı, qüdrətli, qarşıda duran bütün vəzifələri həll etməyə qadir ordusu var. Çağırışçılar da, hərbi xidmətdə olan əsgərlər də, hərbçilər də yaxşı bilir ki, ölkəmizdə ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ali Baş Komandanın qeyd etdiyi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik bir ölkədir.

Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər var. Bunların sırasında  böyük iqtisadi potensialgüclü ordu var. Son illər ölkəmizdə iqtisadi imkanların artması ordunun maddi, sosial bərpasında və hərbi potensialında əhəmiyyətli dəyişikliklərin baş verməsinə səbəb olur. Atəşkəsi mütəmadi olaraq pozan düşmənə verilən layiqli cavablar, keçirilən hərbi təlimlər sübut edir ki, Silahlı Qüvvələrimiz döyüşə yüksək hazırlığı ilə yanaşı, mənəvi ruhun sarsılmazlığına da nail olub.

Azərbaycan malik olduğu iqtisadi imkanlardan istifadə edərək öz müdafiə sənayesini, hərbi gücünü, ordunun təchizatını yeniləndirir. Azərbaycan ordusu günü-gündən güclənir və bu da işğalçı Ermənistan tərəfindən olduqca təlaşla qarşılanır. Prezident İlham Əliyev bildirib ki, heç kimə sirr deyil ki, biz hərbi gücümüzü artırırıq və artıracağıq. Dövlət başçısı deyib ki, 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənib. 2012-ci ildə isə büdcədə bu rəqəm 3 milyard 474 milyondur: "İki ildə görün, biz ordu quruculuğuna nə qədər böyük vəsait sərf edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə etsək, biz də görərik və hamı da görər ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Biz bölgədə ən güclü orduya  malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikoptelləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik".

Ümumiyyətlə, son illərdə ölkəmizdə gedən ordu quruculuğu prosesi mühüm nailiyyətlərlə müşahidə olunur. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərdən sayılır. Öz qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə mane olan Ermənistan problemin sülh yolu ilə həllinə imkan vermir. Azərbaycan dəfələrlə Ermənistana sülh yolu ilə münaqişənin həllini təklif etsə də ermənilər bunu inkar edir. Bu günlərdə ABŞ-ın dövlət katibi Hillari Klintonun ölkəmizə səfəri zamanı cəbhə xəttində qanlı hadisələr törətməklə ermənilər qeyri-konstruktiv mövqelərini bir daha ortaya qoydular.

Goranboy rayonunda təmas xəttindəki N hərbi hissəsində olarkən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək: "Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcəkdir. Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaqdır. Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır".

Azərbaycan Prezidenti bildirib ki, ərazi bütövlüyümüzü təmin etmək üçün bütün imkanlar var. O mənada ki, həyata keçirilən uğurlu diplomatiya prosesində Azərbaycanın önə çıxmasına şərait yaradıb. Artıq bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün təminatının vacibliyini diqqətə çatdırıb. Bundan başqa, ölkəmizin beynəlxalq arenada artan siyasi nüfuzu münaqişənin həllində Azərbaycanın dəstəyini gücləndirib.

Eyni zamanda Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan da Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu bilir: "Biz ordu quruculuğuna daim diqqət göstəririk, vəsait ayırırıq. Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün imkanlar vardır. Bunu bizbilirik, düşmən də, bu məsələ ilə məşğul olan vasitəçilər də bilirlər. Sülhü əldə etmək üçün bir şərt vardır: Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır. Hələ ki, gec deyildir".

Uğurla davam etdirilən ordu quruculuğu prosesi və ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar hərbi sənaye kompleksinin inkişafında yeni mərhələnin başlanmasına səbəb olub. Bunun nəticəsidir ki, Azərbaycan ordusunun maddi-texniki təminatında xarici ölkələrdən idxalı azaltmaq kursunu götürüb və zəruri hərbi texnikanın bir çoxunun daxildə istehsalına başlayıb. Ölkə Prezidentininqeyd etdiyi kimi, Azərbaycanın müdafiə sənayesinin yaradılması üçün lazımi tədbirlər görülüb və qısa müddətdə ölkəmizin hərbi gücünü artıran müəssisələr yaradılıb.

Müasir tələblərə cavab verən hərbi-sənaye kompleksinin yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi nəticəsində artıq Azərbaycan müxtəlif çeşiddə hərbi texnika və digər ləvazimatlar istehsal edir. Bunun üçün isə ölkədə bütün lazımi resurslar, o cümlədən kadr potensialı, istehsal müəssisələri formalaşdırılıb. Bütün bunları xarakterizə edən Ali Baş Komandan İlham Əliyev ordunun gücünü yüksək qiymətləndirir:  "Biz eyni zamanda ordumuzu gücləndiririk. Biz ordu quruculuğuna çox böyük diqqət göstəririk, çox  böyük maliyyə vəsaiti ayrılır. Ordumuz bu bölgədə ən qüdrətli, ən güclü  ordudurordu quruculuğuna yetirilən diqqət özünü göstərir. Bildiyiniz kimi, mən hərbi hissələrdə tez-tez oluram, cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlərlə səngərlərdə görüşərkən bir daha görürəm ki, Azərbaycan ordusunun səviyyəsi çox yüksəkdir. Ruh yüksəkliyinin artırılması, peşəkarlıq, müasir standartlara uyğunlaşma prosesi çox sürətlə gedir".

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 6.