Prezident İlham Əliyev
Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da
Hindistan Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Vinod Kumarın etimadnaməsini qəbul etmişdir.
Səfir
fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Vinod
Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Azərbaycan
ilə Hindistan arasında ikitərəfli əlaqələrin
yaxşı səviyyədə olduğunu vurğulayan
dövlət başçısı səfir Vinod Kumarın
ölkəmizdəki diplomatik fəaliyyəti dövründə
bu əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini
ifadə etdi. Prezident İlham Əliyev münasibətlərimizin
genişlənməsində qarşılıqlı səfərlərin
önəmini qeyd etdi. İqtisadi sahədə
qarşılıqlı marağın olduğunu vurğulayan
dövlətimizin başçısı ölkələrimiz
arasında siyasi, iqtisadi, turizm və mədəniyyət sahələrində
əlaqələrin genişləndirilməsi
üçün yaxşı imkanların mövcudluğunu
söylədi.
Hindistanın
ölkəmizdə yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli səfiri Vinod Kumar Azərbaycanda
diplomatik fəaliyyətə başlamasından məmnunluğunu
bildirdi. Səfir ölkələrimiz arasında ikitərəfli
əlaqələrin genişlənməsində hökumətlərarası
birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini
qeyd etdi. Vinod Kumar Azərbaycan ilə əməkdaşlığın
inkişaf etdirilməsində ölkəsinin maraqlı
olduğunu dedi.
AzərTAc
Azərbaycan.- 2012.- 10 iyul.- S. 2.