Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Rusiyanın Krasnodar diyarında təbii fəlakətdən zərər çəkənlərə humanitar yardım göndərilmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən avtomobil karvanı ilə Rusiya Federasiyasının Krasnodar diyarında təbii fəlakətdən zərər çəkmiş insanlara yardım göndərilmişdir.

AzərTAc xəbər verir ki, 38 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət yardım karvanı iyulun 8-də axşam saatlarında Bakıdan Rusiyaya yola düşmüşdür.

FHN-in Mülki Müdafiə Qoşunlarının qərargah rəisi polkovnik Aslan Hüseynov bildirmişdir ki, Azərbaycan Respublikası qonşu və digər ölkələrdə baş vermiş təbii fəlakətlərin aradan qaldırılmasında həmişə yaxından iştirak etmişdir. Məlum olduğu kimi, Rusiya Federasiyasının Krasnodar diyarında da təbii fəlakət baş vermişdir. Təbii fəlakət nəticəsində xeyli insan evsiz-eşiksiz qalmışdır.  Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən FHN tərəfindən Federasiyanın Krasnodar diyarına yola salınan humanitar yardım müxtəlif sulardan, şirələrdən və digər qida məhsullarından ibarətdir.

 

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 2.