Rusiya
Federasiyası Dövlət Dumasının sədri Heydər Əliyev
Fondunu ziyarət etmişdir
Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 9-da Heydər Əliyev Fondunda olmuşdur.
Sergey Narışkinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən rusiyalı qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar. Ümummilli lider Heydər Əliyevin zəkasının bəhrəsi olan və onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurmuşdur.
Sergey Narışkin fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 10 iyul.- S. 3.