Krans Montana Forumu çərçivəsində
sessiyalar keçirilmişdir
İyunun
30-da Bakıda Krans Montana Forumunun ikinci iş günü
çərçivəsində sessiyalar keçirilmişdir.
Televiziya
tarixində tanınmış aparıcılardan biri, CNN
telekanalında "The Larry King Live" proqramının sabiq
müəllifi və aparıcısı Larri Kinqin
moderatorluğu, Avropanın Yenidənqurma və İnkişaf
Bankının icraçı direktoru Yoahim Şvartserin sədrliyi
ilə "Sabahkı dünyanın enerjisi
hansıdır?" mövzusunda keçirilmiş sessiyada
qloballaşan dünyada bərpaolunan enerjinin artan rolu
müzakirə edilmişdir.
Y.Şvartser
bildirmişdir ki, karbohidrogen ehtiyatları tükənəndir
və hazırda bərpaolunan enerji mənbələrinin
istehsalını artırmaq lazımdır.
Macarıstanın
Baş naziri Viktor Orban ölkəsinin neft-qaz ehtiyatları ilə
çox da zəngin olmadığını və vaxtilə
bu sahədə tələbatlarını keçmiş
SSRİ hesabına ödədiklərini bildirmişdir.
Macarıstanın da bir çox Avropa ölkələri kimi,
neft-qaz ehtiyatlarının şaxələndirilməsinin tərəfdarı
olduğunu vurğulayan Baş nazir qeyd etmişdir ki, ölkəsi
bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığa
böyük əhəmiyyət verir.
V.Orban
demişdir: "Avropa İttifaqı (Aİ) Azərbaycan ilə
"Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində əməkdaşlıq
edir. Mən bu proqram ilə tam razı olmasam da, təklif edərdim
ki, Aİ Azərbaycan üçün xüsusi tərəfdaşlıq
planı hazırlasın".
Azərbaycanın
sənaye və energetika naziri Natiq Əliyev mövzunun əhəmiyyətindən
danışaraq vurğulamışdır ki, ölkəmiz bərpaolunan
enerji mənbələrindən istifadə edilməsində
maraqlıdır.
Qloballaşan
müasir dünyada alternativ və bərpaolunan enerjiyə
böyük ehtiyacın olduğunu və bu istiqamətdə
dünya ölkələrinin sıx əməkdaşlığının
vacibliyini qeyd edən nazir demişdir ki, hazırda karbohidrogen
ehtiyatlarının Avropaya nəqlində Azərbaycan
körpü rolunu oynayır.
"Neft-qaz
ehtiyatlarının düzgün şaxələndirilməsi
üçün tranzit ölkələrlə yaxşı əməkdaşlıq
qurulmalıdır", - deyən N.Əliyev qeyd etmişdir ki,
2035-ci ilədək dünyada elektrik enerjisinə tələbat
50 faiz artacaqdır.
İordaniya
parlamentinin maliyyə və enerji komitəsinin nümayəndəsi
xanım Rim Bardan isə bildirmişdir ki, hazırda ölkəsində
elektrik enerjisinə tələbatın 96 faizi bərpaolunan
enerji hesabına ödənilir. İordaniyada bu sahənin daha
da genişləndirilməsi istiqamətində mühüm
işlər aparılır.
Böyük
Britaniya parlamentinin enerji və iqlim dəyişikliyi komitəsinin
nümayəndəsi qeyd etmişdir ki, hazırda dünyada 7
milyard insan yaşayır. 2020-ci ildə isə bu rəqəm
9,5 milyarda çatacaqdır. Beləliklə, planetin əhalisinin
artımı enerji təchizatında problemlər
yaradacaqdır. Hazırda elə ölkələr var ki, orta səviyyədən
on dəfə artıq elektrik enerjisindən istifadə edir.
Ölkəsinin
bərpaolunan enerji sahəsində təcrübəsindən
danışan Gürcüstanın enerji və təbii
ehtiyatlar nazirinin müavini Akaki Kvanaliani isə bildirmişdir
ki, 2003-cü il inqilabından sonra Gürcüstan
bazarlarını xarici ölkələr üçün
açmışdır. Hazırda Gürcüstan Avropa
ölkələrinin enerji təchizatında tranzit rolunu
oynayır. Biz bundan siyasi məqsədlər üçün
yox, iqtisadi məqsədlər üçün istifadə
edirik.
Digər
çıxış edənlər mövzu ilə bağlı
fikirlərini bildirmiş, qloballaşan dünyada bərpa
olunan enerji mənbələrinin böyük əhəmiyyətini
vurğulamışlar.
Qeyd
olunmuşdur ki, hazırda 1,3 milyard insan elektrik enerjisindən
istifadə edə bilmir. Bütün enerji mənbələri
insanlar üçün əlçatan olmalıdır. Bunun
üçün isə bütün dövlətlər birgə
səylər göstərməlidirlər.
Sonda
mövzu ilə bağlı suallar
cavablandırılmışdır.
* * *
Əsas məruzəçi
qismində çıxış edən Birləşmiş Ərəb
Əmirliyinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd
Hamad bin Məhəmməd əl Şərqi isə
vurğulamışdır ki, enerji təhlükəsizliyi məsələsi
insan təhlükəsizliyinin təminində vacib amillərdən
biridir. Enerji təhlükəsizliyi müasir dünyada əsl
insan dəyəridir, biz bunu dəstəkləyib inkişaf
etdirməliyik.
Qloballaşan
dünyanın ən mühüm məsələlərindən
olan enerji sahəsinin bütün dövlətlər
üçün böyük əhəmiyyət kəsb edən
bir mövzuya çevrildiyini deyən şahzadə xüsusi
qeyd etmişdir ki, alternativ və bərpa olunan enerjinin həcmi
də artırılmalıdır.
BMT-nin su
qıtlığının aradan qaldırılması ilə
bağlı Proqramından da danışan şahzadə
bildirmişdir ki, su və enerji mənbələri arasında
rəqabət olmamalıdır. O, əsasən Afrika və
Asiya ölkələrinin su problemi
yaşadığını və bütün dünyanın
onlara bu məsələdə dəstək olmalarının
vacibliyini vurğulamışdır.
* * *
Afrika,
Karib və Sakit okean dövlətləri qrupunun baş katibi Məhəmməd
İbn Çeymbəsin sədrliyi ilə keçirilmiş
"Cənub-Cənub əməkdaşlığı"nın
inkişafında Afrikanın rolu" mövzusunda sessiyada
Afrika qitəsinin üzləşdiyi problemlərdən
danışılmışdır.
Nigeriya rəsmisi
Amadau Bubakar Sisi vurğulamışdır ki, Cənub əməkdaşlığı
Afrika üçün çox böyük əhəmiyyət
kəsb edir. Afrikanın mədəni sahədə də
inkişafına böyük ehtiyac vardır. Bu qitədə ədalət
bərqərar edilməli, texniki inkişafa nail
olunmalıdır.
Namibiyanın
sabiq Baş naziri, ticarət və sənaye naziri Hac Geinqob isə
qeyd etmişdir ki, hazırda Afrika çox perspektivli qitə
hesab olunur. Qitənin ən azı 15 ölkəsində
ümumi daxili məhsulun həcmi son illər çox
artmışdır.
Madaqaskarın
energetika naziri Nestor Razafindroriaka, Qananın ticarət və sənaye
naziri Hannah Tetteh, Azərbaycan Beynəlxalq İnkişaf
Agentliyinin xüsusi nümayəndəsi Xanım İbrahimova,
Afrikanın özəl sektorunun nümayəndəsi Kala Mpinqa
vurğulamışlar ki, məhz inkişafda olan dövlətlər
qarşısında duran yeni çağırışlar
özünü büruzə verir. Dünya miqyasında
inkişaf bütün planet üçün vacibdir.
Çünki bu inkişaf dünya miqyasında olmasa, biz irəliyə
doğru gedə bilmərik. Həm texniki, həm maliyyə əməkdaşlığına
sərmayələrin artırılmasına xüsusi diqqət
yetirilməlidir.
Qeyd
olunmuşdur ki, bir çox dövlətlər vəsaitlərin
çatışmazlığından, diqqətin az
olmasından əziyyət çəkirlər. Buna görə,
"Cənub-Cənub əməkdaşlığı"
xüsusi olaraq Afrika üçün məqsədəuyğundur.
* * *
Krans
Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteronun
sədrliyi ilə "Cənubi Sudan: Dünya və Afrika
üçün yeni əsas oyunçu" mövzusunda
keçirilmiş sessiyada Cənub Sudanın xarici işlər
və beynəlxalq əməkdaşlıq üzrə naziri
Nial Denq Nialın məruzəsi dinlənilmişdir.
Nazir
vurğulamışdır ki, keçən ilin iyulunda
yaradılmış Cənubi Sudanın dəstəyə
böyük ehtiyacı vardır. Bu dövlətin
böyük potensialı vardır, amma hələ ki, ondan
istifadə etməyə şəraiti yoxdur. Cənubi
Sudanın xarici sərmayəçilərə böyük
ehtiyacı vardır.
N.Denq Nial
ölkəsinin tarixi, iqtisadiyyatı, sənayesi,
strategiyası, mövcud problemləri barədə ətraflı
məlumat vermişdir.
Azərbaycan
hökumətinə Krans Montana Forumu çərçivəsində
Cənubi Sudana dair sessiyanı təşkil etdiyinə görə
təşəkkürünü bildirən nazir Azərbaycanın
tezliklə Cənubi Sudanda nümayəndəliyini
açacağına inandığını demişdir.
* * *
"Rio+20
sammitinin nəticələri" devizi altında keçirilən
sessiyada çıxış edən Beynəlxalq Davamlı
Enerji Təşkilatının sədri Qustav Qrob mövzunun əhəmiyyəti
barədə ətraflı məlumat vermişdir.
"Rio+20"-nin tarixi barədə danışan Qustav Qrob
bildirmişdir ki, bu sammit ilk dəfə 1992-ci ildə
keçirilmişdir. Təşkilatın sədri
"Rio+20" sammitində bu gün dünyanın diqqətinin
cəmləşdiyi ətraf mühitin, mineral ehtiyatların
qorunması və enerji təhlükəsizliyi ilə
bağlı müzakirələr
aparıldığını bildirmişdir.
Estoniyanın
keçmiş xarici işlər naziri Kristina Ojuland və digər
çıxış edənlər də mövzu ilə
bağlı fikirlərini bölüşmüş, enerji
istehlakının səmərəliliyi ilə bağlı
diskussiyalar aparmışlar.
* * *
"Enerji
səmərəliliyinin həyata keçirilməsi"
mövzusundakı sessiyada çıxış edən Səmərəli
Enerji və Sərmayə Təşkilatının direktoru
Dario Çello mövzu ilə bağlı
iştirakçılara məlumat vermişdir. Dario Çello
bu gün enerjidən səmərəli istifadənin vacibliyini
vurğulamış, iqtisadiyyatın enerji səmərəliliyi
məsələsinin əhəmiyyətini qeyd etmişdir.
Bildirilmişdir ki, bu, mühitin dəyişdirilməsi və
istixana qazı emissiyasının miqdarının
azaldılması ilə bağlı qlobal vəzifələrin
həllinə yardım göstərəcəkdir.
Bosniya və
Herseqovinanın enerji, şaxta və sənaye naziri Erdal Trhulj
və başqa çıxış edənlər də
bildirmişlər ki, dünya üçün energetika məsələsi
enerji səmərəliliyi baxımından olduqca əhəmiyyətlidir
və buna görə, bütün ölkələr bu istiqamətdə
fəal iş aparmalıdırlar. Diqqətə
çatdırılmışdır ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda bu sahədə bir
sıra mühüm layihələr həyata keçirilir, tədbirlər
görülür.
* * *
"Mümkün
bərpaolunan enerji növləri arasında seçim"
mövzusunda sessiyada çıxış edən Cibutinin
enerji və təbii ehtiyatlar naziri Fuad Hamed Aye bildirmişdir
ki, bərpaolunan enerji dünyada enerji təhlükəsizliyinin
təminatçısıdır. Çünki bu, həm də
terror aktlarının qarşısını alır. Bu, ətraf
mühitin sağlamlaşdırılmasına xidmət edir və
ölkələrin bir-birindən asılılığına
son qoyur.
Azərbaycanın
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin direktoru Akim Bədəlov mövzu ilə
bağlı iştirakçılara məlumat vermişdir.
Akim Bədəlov ölkəmizdə bu sahəyə
üstünlük verildiyini diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, alternativ və
bərpaolunan enerji mənbələrindən istifadəyə
dair müvafiq dövlət proqramları uğurla icra edilir. O
qeyd etmişdir ki, artıq Azərbaycanda alternativ enerjidən
istifadə ilə yanaşı, bu sahədə tətbiq edilən
avadanlıqların istehsalı üçün də müəssisələr
yaradılmışdır.
İtaliyanın
Mərkəzi Avropa Təşəbbüsü Təşkilatının
baş katibi Corcio Rossio Kikoqna və digərləri də
mövzu ilə bağlı fikirlərini
bölüşmüşlər.
* * *
"Qida
sənayesinin problemləri" sessiyasında
çıxış edən Seonun Group SİM SPA Şirkətinin
sədri Abbelkader Taieb Ezzrimi dünya ölkələrinin gələcəyinin
qida sənayesi üzərində qurulduğunu bildirmişdir.
Qeyd etmişdir ki, dəyişən dünyada ölkələrin
kənd təsərrüfatının inkişafına
ehtiyacı böyükdür. Abbelkader Taieb Ezzrimi qida sənayesinə
həsr edilən tədbirin önəmini
vurğulamışdır.
Azərbaycanın
kənd təsərrüfatı naziri İsmət Abasov
ölkədə aqrar sahəyə göstərilən
qayğıdan danışmışdır. O, Azərbaycanda təbii
qidalanmaya üstünlük verildiyini, bu sahədə
lazımi addımlar atıldığını diqqətə
çatdırmışdır. Nazir qeyd etmişdir ki, ölkədə
ərzaq məhsulları ilə özünü təminetmə
səviyyəsinin daha da yüksəldilməsi, səmərəli
istehsal və satış infrastrukturunun yaradılması, ərzaq
məhsullarının keyfiyyətinə nəzarət
sisteminin təkmilləşdirilməsi və
bütövlükdə aqrar sektorun rəqabət qabiliyyətinin
yüksəldilməsi ilə bu sahədə ixracın
coğrafiyasının genişləndirilməsi və həcminin
artırılması istiqamətində işlər həyata
keçirilir.
Sessiya
müzakirələrlə davam etmişdir.
* * *
"Qloballaşan
Avropa barədə danışarkən! Enerji təchizatı
marşrutları: geostrateji və beynəlxalq siyasət"
mövzusunda keçirilən sessiyada çıxış edən
Dövlət Neft Şirkətinin
vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft
strategiyası barədə iştirakçılara məlumat
vermişdir. Azərbaycanda 164 ildir ki, neft hasil edildiyini deyən
E.Nəsirov qeyd etmişdir ki, ölkəmizin son zamanlarda
qazandığı uğurlar
balanslaşdırılmış neft siyasəti ilə
bağlıdır.
Albaniyanın
maliyyə naziri Ridvan Bode mövzu ilə bağlı fikirlərini
bildirmiş, enerji təhlükəsizliyi sahəsində
bütün ölkələrin güclərinin birləşdirilməsinin
vacibliyini diqqətə çatdırmışdır. O,
ölkəsində hidroenerji sahəsində müəyyən
layihələrin həyata keçirildiyini demişdir. Ridvan
Bode diqqətə çatdırmışdır ki, Albaniya təbii
ehtiyatları ilə xarici investorları cəlb etməyə
çalışır.
Bolqarıstanın
iqtisadiyyat, enerji və turizm nazirinin müavini Yevgeniya
Haritonova, Türkiyənin enerji və təbii resurslar nazirinin
müavini Hasan Murat Mərcan və digər
çıxış edənlər də dünyada enerji təhlükəsizliyinin
həyata keçirilməsi istiqamətində aparılan
işlər barədə danışmışlar.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi
üçün müəyyən olunan marşrutlardan istifadənin
də vacibliyi vurğulanmışdır.
Digər
çıxış edənlər də mövzu ilə
bağlı fikirlərini səsləndirmişlər.
AzərTAc
Azərbaycan.- 2012.- 1 iyul.- S. 7.