Azərbaycan ilə Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru akademik Viktor Sadovniçi Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlığın hazırkı səviyyəsi və perspektivlərinə dair müzakirələr aparılmışdır. Həmçinin MDU ilə BDU arasında elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, əldə etdiyi son nailiyyətlər barədə qonağa məlumat vermişdir. Universitetdə həyata keçirilən beynəlxalq qrant proqramlarından danışan akademik A.Məhərrəmov Rusiyanın elm mərkəzləri ilə sıx əlaqələrindən söz açmışdır. Bildirmişdir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin   filialının fəaliyyət göstərməsi yeni elmi mərkəzlərin yaranmasına töhfə verəcəkdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru akademik Viktor Sadovniçi hər iki ölkənin elm və təhsil sahəsində əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulamış, MDU-nun nəşri olan kitabları BDU-ya hədiyyə etmişdir.

Görüşdə hər iki universitet arasında beş il əvvəl bağlanmış əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına dair sənəd imzalanmışdır. Sənədi rektorlar A.Məhərrəmov və V.Sadovniçi imzalamışlar.

Müqavilədə tələbə-müəllim mübadiləsi, birgə elmi qrant proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur.     

Akademik Viktor Sadovniçi BDU-nun fəxri qonağı adına layiq görülmüşdür.

Daha sonra rusiyalı qonaqlar BDU-nun binasını gəzmiş, burada yenicə açılmış elmi-tədqiqat laboratoriyaları, eləcə də Heydər Əliyev Muzeyi  Elektron tədris mərkəzi ilə yaxından tanış olmuşlar.

 

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 3.