ATƏT Ermənistana təzyiqini artırmasa, vəziyyət dəyişməz olaraq qalacaq

 

 İyulun 9-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan ATƏT-in baş katibi Lamberto Zannierin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın ATƏT-lə əlaqələrinin tarixi artıq 20 ili ötür. Bu səfər isə əlaqələrin inkişafına təkan verəcək.  Z.Əsgərov diqqətə çatdırıb ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar kimi ATƏT-in də müxtəlif qurumları ilə əlaqələr yaradıb, ikitərəfli münasibətlər qurub: "Azərbaycan ATƏT-in bütün dəyərlərinə sadiqdir və ölkəmizdə demokratik inkişaf, insan hüquqları, qanunun aliliyi prinsipləri dövlət siyasətinin pioritet istiqamətidir".

ATƏT-in baş katibi Lamberto Zannier isə bildirib ki, Azərbaycan ATƏT ailəsinin fəal üzvlərindən biridir. Ölkəmizin ATƏT-in dəyərlərini üstün tutması müsbət qiymətləndirilir. Onun sözlərinə görə, Azərbaycan qurumun Bakı ofisi ilə çox müsbət əlaqələr qurub: "Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti də çox fəaldır və bütün məsələlərin həllində lazımi qaydada iştirak edir. Biz 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı dəvətnamə gözləyirik. Güman edirik ki, bizbu seçkilərdə iştirak edib öz tövsiyələrimizi verəcəyik". Lamberto Zannier vurğulayıb ki, Milli Məclisdə "Diffamasiya haqqında" qanunun hazırlanması haqda onlarda məlumat varbu qanunun tezliklə qəbul olunması ATƏT tərəfindən müsbət addım kimi qiymətləndiriləcək. ATƏT-in baş katibi bildirib ki, Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi səy göstərirlər. Ancaq qoşunların təmas xəttində baş verən insidentlər ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, insanların ölümü ilə nəticələnən belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. L.Zannier snayperlərin cəbhə xəttindən geri çəkilməsi, baş verən insidentlərin araşdırılması və tərəflər arasında etimadın yaranması üçün ATƏT-in bir sıra təkliflər irəli sürdüyünü qeyd edib. Ziyafət Əsgərov bir daha vurğulayıb ki, cəbhə xəttində baş verən insidentlər və insan tələfatı dövlətimizi çox narahat edir. Çünki bütün bu proseslər Azərbaycan ərazisində baş verir: "Ona görə də bu məsələ həll olunmadan Ermənistan snayperləri geri çəkilən deyil. 20 ildir ki, bu münaqişə ilə bağlı ancaq təkliflər verilir. Münaqişənin həlli ilə maraqlanan yoxdur. Nə qədər ki, beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistana eyni gözlə baxacaqsa, məsələnin həlli uzanacaq. Çox maraqlıdır ki, BMT-nin 4 qətnaməsi olduğu halda nə adıçəkilən təşkilat, nə də ATƏT Ermənistanı işğalçı dövlət adlandırmır. Əgər münasibət dəyişməyəcəksə, hələ 20-30 il münaqişənin həlli ilə bağlı məsləhət veriləcək. Məsələyə fundamental yanaşılmalıdır". Ziyafət Əsgərov eyni zamanda bildirib ki, ATƏT Ermənistana təzyiqini artırmasa, vəziyyət dəyişməz olaraq qalacaq və Azərbaycan bu duruma çox tab gətirməyəcək. Ölkəmiz beynəlxalq hüququn bütün normalarına əməl etməklə ərazi bütövlüyünü istənilən yolla bərpa edə bilər.

"Diffamasiya haqqında" qanunun hazırlanmasına gəlincə isə, Milli Məclis Sədrinin birinci müavini diqqətə çatdırıb ki, Avropa Şurasına üzv olan dövlətlərin əksəriyyətində bu qanun hələ qəbul olunmayıb. Ona görə də parlamentdə bu qanunun qəbulunun tərəfdarları və əleyhdarları var: "Avropa Şurasına üzv olan dövlətlərin əksəriyyəti bu qanunu qəbul etməyib. Bir çox Avropa ölkəsi sənədi qəbul edərsə, Azərbaycan onların təcrübəsindən yararlana bilər".

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 4.