Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfərinin yekunlarına dair mətbuata açıqlama vermişdir

 

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin iyulun 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana səfərinin yekunlarına dair mətbuata açıqlama vermişdir.

AzərTAc xəbər verir ki, Sergey Narışkin səfəri çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı məsələlərinə dair geniş danışıqlar aparıldığını demişdir. O vurğulamışdır ki, Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın böyük potensialı vardır və bu potensialdan indiyədək tam həcmdə istifadə olunmamışdır. Lakin əldə olunmuş razılaşmalar bizdə ümid yaradır.  Rusiya ilə Azərbaycan əvvəllər müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində, o cümlədən MDB Parlamentlərarası Assambleyada, Avropa Şurası Parlament Assambleyasında səmərəli əməkdaşlıq etmişdir. Sergey Narışkin demişdir: "Ümumiyyətlə, bizim beynəlxalq həyatın əsas məsələləri ilə bağlı rəylərimiz çox oxşardır, əksər hallarda isə üst-üstə düşür".

Rusiya Dövlət Dumasının sədri bildirmişdir ki, Bakıya səfəri zamanı ölkələrimiz arasında münasibətlərə dair bir çox məsələlər, o cümlədən iqtisadi, siyasi, sosial, humanitar sahələrdə əməkdaşlıq məsələlərindən söhbət getmişdir. Humanitar əməkdaşlıq sahəsinə xüsusi toxunan Sergey Narışkin vurğulamışdır ki, bu sahə ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı üçün çox etibarlı bazadır. O demişdir: "Təsadüfi deyildir ki, səfərimin proqramına tələbələr, Azərbaycanın elmi və yaradıcı ziyalıları ilə görüşlər daxil edilmişdi. Moskva Dövlət Universitetinin Bakı filialının ilk məzunlarına diplomları təqdim etmək mənə çox xoş idi. Bu gün Bakı Slavyan Universitetinin tələbələri ilə görüş məndə böyük təəssürat oyatdı. Dünən isə yaradıcı, elmi ziyalıların nümayəndələri ilə görüş keçirilmişdir. Biz qlobal dünyada elmin, mədəniyyətin və təhsilin əhəmiyyətindən, bu sahələrdə əməkdaşlığın postsovet məkanının liderlərindən olan ölkələrimiz üçün önəmindən danışdıq".

Dövlət Dumasının sədri qeyd etmişdir ki, Bakıda keçirdiyi görüşlərdə son günlər əlavə impuls almış Avrasiya inteqrasiyasının inkişafından ciddi söhbət getmişdir. O demişdir: "Biz müxtəlif sahələrdə, o cümlədən iqtisadi, humanitar, siyasi sahələrdə Avrasiya inteqrasiyası perspektivlərini ətraflı müzakirə etdik, heç bir məsələni, hətta ən incə məqamları belə kənarda qoymadıq".

 

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 4.