“Ümid
işığı”
mükafatının təqdimatı olmuşdur
İyulun 9-da Azərbaycan Mətbuat Şurasında mərhum jurnalist Fikrət Mursaqulovun adını daşıyan fondun təsis etdiyi "Ümid işığı" mükafatının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq ötən əsrin 80-ci illərində yazıb-yaratmış Fikrət Mursaqulovun istedadlı jurnalist, şair, publisist kimi tanındığını, eyni zamanda, elmi yaradıcılıqla məşğul olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, o, gözdən əlilliyinə baxmayaraq, dəyərli sənət nümunələri ərsəyə gətirməklə dostlarının, onu tanıyanların yaddaşında əbədi iz buraxmışdır. Məhz buna görə də Həzi Həsənlinin şairin xatirəsinə həsr olunmuş "İşıq əlifbası" kitabının Mətbuat Şurasındakı təqdimat mərasimində onun xatirəsini əbədiləşdirən fondun yaradılması təklifi səsləndirilmişdir.
Fikrət Mursaqulov fondunun artıq fəaliyyətə başladığını bildirən Ə.Amaşov təqdimatı keçirilən "Ümid işığı" mükafatının da onun xatirəsini əbədiləşdirmək məqsədi daşıdığını söyləmişdir. Mükafatın hər il mərhum həmkarımızın doğum günü - iyulun 10-u ərəfəsində təqdim olunması nəzərdə tutulmuşdur. İlk laureat isə jurnalist, şair və tərcüməçi Givi Paçxataşvilidir.
Sonra Fikrət Mursaqulov adına fondun rəhbəri, "Xalq qəzeti"nin əməkdaşı, filologiya elmləri namizədi İlham Abbasov mükafatın təsis olunması zərurətindən danışmışdır. Vurğulanmışdır ki, mükafat fiziki cəhətdən qüsurlu insanların cəmiyyətdə hər cəhətdən özlərini başqaları ilə bərabər hiss etmələrinə yardım göstərmək baxımından əhəmiyyət daşıyır. Məhz buna görə də bu çevrəyə gələcəkdə jurnalistlərlə yanaşı, şairləri, yazıçıları, elm və mədəniyyət sahəsində xüsusi istedada malik yaradıcı şəxsləri də daxil etməklə onun əhatə dairəsini daha da genişləndirmək niyyətindəyik.
İ.Abbasov ilk mükafatın jurnalist, şair, tərcüməçi Givi Paçxataşviliyə verilməsinin təsadüfi olmadığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Givi Paçxataşvili Fikrət Mursaqulovun sağlığında onun ən yaxın dostlarından biri olmuşdur. Özünün sağlamlığındakı problemlər onun Fikrət Mursaqulova hərtərəfli diqqət və qayğı göstərməsinə maneçilik yaratmamışdır. Milliyyətcə gürcü olan Givi yaradıcılığında Azərbaycan həqiqətlərini, Qarabağ dərdini, digər həyati əhəmiyyətli məsələləri yüksək bacarıqla qələmə almışdır.
Sonra Givi Paçxataşviliyə fondun diplomu və pul mükafatı təqdim olunmuşdur.
Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək bildirmişdir ki, hazırda respublikamızda 35 minə yaxın görmə qabiliyyətini itirmiş şəxs yaşayır. Onlara dövlət səviyyəsində hərtərəfli qayğı göstərilir. Belə bir fondun yaradılması isə cəmiyyətin diqqətini çəkən hadisədir. Bu mükafata layiq görülmüş ilk laureatımız, həqiqətən, ədəbi ictimaiyyətlə bərabər, digərlərinin də sevimlisidir.
Bakı Slavyan Universitetinin professoru Nizami Tağısoy Givi Paçxataşvilinin Azərbaycan dövlətinə, ədəbiyyatına, mədəniyyətinə xidmətlərindən söhbət açmışdır. Onun Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafına dəyərli töhfələrindən danışan çıxışçı ədibin 3 dildə işıq üzü görmüş kitablarından sitatlar gətirmişdir.
Mərasimdə Mətbuat Şurası idarə heyəti sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı, "525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayev və başqaları laureatı təbrik etmiş, belə tədbirlərin davamlı olmasını arzulamışlar.
Sonda Givi
Paçxataşvili göstərilən etimada görə fondun rəhbərliyinə
minnətdarlığını bildirmiş,
bu mükafata yeni yaradıcılıq nümunələri
ilə cavab verəcəyini söyləmişdir.
Azərbaycan.- 2012.- 10 iyul.- S. 4.