Milli dəyərlərimiz-milli sərvətimiz folklor və muğam müsabiqəsinin yekun konserti olmuşdur

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında "Milli dəyərlərimiz-milli sərvətimiz" folklor və muğam müsabiqəsinin yekun konserti olmuşdur.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək muxtar respublikada elan olunmuş "Milli dəyərlər ili" çərçivəsində genişmiqyaslı mədəni tədbirlərin həyata keçirildiyini demişdir. Qeyd etmişdir ki, onlardan biri də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının dəstəyi ilə keçirilən "Milli dəyərlərimiz-milli sərvətimiz" folklor və muğam müsabiqəsidir. Bu gün 10 gündən artıq davam edən müsabiqənin yekun konserti keçirilir.

Bildirilmişdir ki, bu müsabiqənin əsas məqsədi çoxəsrlik milli dəyərlərimiz olan folklor və muğam ənənələrinin qorunub saxlanması, yaşadılması və təbliğ edilməsi, eyni zamanda, ifaçıların və kollektivlərin yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Milli dəyərlərimiz-milli sərvətimiz" folklor və muğam müsabiqəsinin qaliblərini mükafatlandırmışdır.

Müsabiqədə folklor üzrə Babək rayon mədəniyyət evinin folklor kollektivi birinci, Şərur rayon Çərçiboğan kənd mədəniyyət evinin "Nurani" folklor ansamblı ikinci, Ordubad rayon Unus kənd mədəniyyət evinin "Unus qönçələri" folklor qrupu üçüncü olmuşlar.

Muğam üzrə birinci yerə Babək rayon mədəniyyət evinin üzvü Lamiyə Həsənova və Culfa rayon mədəniyyət evinin üzvü Mehman Tağıyev, üçüncü yerə isə Babək rayon mədəniyyət evinin üzvü Nübar Qəmbərli çıxmışlar.

Sonra müsabiqənin yekun konserti olmuşdur.

 Müsabiqədə 50 nəfər tək və kollektiv iştirakçı, 18 muğam, 32 folklor olmaqla 300-dən artıq ifaçı iştirak etmişdir. Konsertdə ifa olunan "Azərbaycan ritmləri", "Naxçıvan toyu", "Bayatı-kürd" muğamı, "Alan yarım" xalq oyunu, "Qatar" təsnifi, "Fincan-fincan" xalq oyunu, "Urfanı", "Üç ayağı" və "Tənzərə" yallıları tamaşaçıların alqışları ilə qarşılanmış, zəngin təəssürat yaratmışdır.

Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan qədim və bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı nümunələri, muğam əsrlər boyu formalaşaraq xalqımızın mədəniyyət xəzinəsinə mühüm töhfələr vermişdir. Azərbaycanın zəngin mədəniyyətinin və yüksək yaradıcı gücünün göstəricisi olan milli irsimiz, muğamlarımız xalqımızın yüksək mənəvi ucalığının göstəriciləridir. Bu gün milli mədəniyyətə göstərilən hərtərəfli dövlət qayğısı hesabına tariximiz, dilimiz, adət-ənənələrimiz qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılır. Zəngin xalq yaradıcılığı nümunələrimizin qorunması və təbliği istiqamətində muxtar respublikada görülən işlər, təşkil olunan müsabiqələr "Milli dəyərlər ili"nə layiqli töhfələrdir.

Konsertdən sonra müsabiqə iştirakçıları və təşkilatçılarla görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov onları təbrik edərək demişdir: "Hər bir xalqın milli dəyəri onun milli sərvəti, qürur mənbəyidir. Bu gün təşkil olunan konsert proqramında milli folklor nümunələri və muğamlarımız məharətlə ifa olundu. İstər gənc ifaçıların, istərsə də təcrübəli ifaçıların çıxışları milli adət-ənənələrimizin, milli musiqi və folklor nümunələrimizin qorunub yaşadıldığının daha bir təsdiqinə çevrildi. Bu konsert proqramı göstərdi ki, milli mədəniyyətimiz uğurla davam etdirilən varislik prinsipi əsasında yaşadılır və gələcək nəsillərə ötürülür".

Ali Məclisin sədri demişdir ki, xalqın milli dəyərlərini qorumaq onun gələcəyini qorumaq deməkdir. Azərbaycan xalqına məxsus milli dəyərlər min illər boyu formalaşaraq bizə çatmışdır. Ona görə də bu dəyərləri qorumaq və yaşatmaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Bu gün uşaq və gənclərimiz musiqi məktəblərində təhsil almadan xarici musiqi alətlərində ifa edə bilmirlər. Lakin tarı, sazı, balabanı, zərb alətlərini musiqi təhsili almadan da ifa edirlər. Bu, milli kökümüzə bağlılıqdan irəli gəlir. Bu, həm də bizim qədim mədəni irsimizə hörmət və ehtiramımızın ifadəsidir. Ümumiyyətlə, mədəni inkişaf olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Hər bir xalqın da inkişafının əsas göstəricisi onun mədəniyyətidir. Azərbaycan xalqının keçmişdən bu günə daşıdığı belə dəyərli nümunələr xalqımızın böyüklüyünün və yüksək mədəni səviyyəsinin göstəricisidir.

Ali Məclisin sədri kollektivləri bir daha təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamış, xatirə şəkli çəkdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 4.