Lamberto Zannier: Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
status-kvonun saxlanılması qəbuledilməzdir
İyulun 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ikitərəfli əlaqələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in baş katibi Lamberto Zannier birgə mətbuat konfransı keçirmişlər. E.Məmmədyarov qeyd etmişdir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi əsas müzakirə mövzusu olmuşdur. Nazir ATƏT-in 20 ildir ki, münaqişənin həlli istiqamətində fəaliyyət göstərdiyini, lakin hələ də heç bir nəticə əldə olunmadığını diqqətə çatdırmışdır.
L.Zannier ATƏT-in baş katibi qismində Azərbaycana ilk səfərindən məmnunluğunu bildirmişdir. Vurğulanmışdır ki, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələri üzrə müzakirələr aparılmışdır.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyulun 10-da bölgəyə səfər edəcəyini bildirən qurumun baş katibi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən insidentlərin ciddi narahatlıq doğurduğunu vurğulamışdır. Bildirilmişdir ki, insanların ölümü ilə nəticələnən belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Münaqişənin həllində status-kvonun saxlanılması qəbuledilməzdir.
L.Zannier snayperlərin cəbhə xəttindən geri çəkilməsi, baş verən insidentlərin araşdırılması və tərəflər arasında etimadın qurulması üçün ATƏT-in bir sıra təkliflər irəli sürdüyünü qeyd etmişdir. Vurğulanmışdır ki, ATƏT tərəflər arasında razılıq əldə olunmasına öz töhfəsini verməyə hazırdır.
AzərTAc
Azərbaycan.- 2012.- 10 iyul.- S. 4.