Bakı-2012 Yay Enerji Məktəbi açılmışdır

 

 Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və ExxonMobil şirkətinin maliyyə dəstəyi ilə Bakı-2012 Yay Enerji Məktəbini açmışdır.

ADA-dan bildirmişlər ki, bu, akademiyanın hər il həyata keçirdiyi sertifikat proqramıdır və ARDNŞ ilə əməkdaşlıq əsasında reallaşdırılır.

Dünyanın 17 ölkəsindən 42 nümayəndə Bakı Yay Enerji Məktəbində iştirak etmək üçün Azərbaycana gəlmişdir. İştirakçılar Azərbaycanı, Belçikanı, Bolqarıstanı, Almaniyanı, Hindistanı, İraqı, İsraili, İtaliyanı, Moldovanı, Norveçi, Polşanı, Rumıniyanı, Rusiyanı, İsveçrəni, Türkiyəni, Birləşmiş Ərəb ƏmirlikləriniAmerika Birləşmiş Ştatlarını təmsil edirlər. İki həftə davam edəcək proqram çərçivəsində dünyanın tanınmış alimləri və ekspertləri qlobal enerji və ətraf mühit məsələlərini müzakirə edəcəklər.

Bakı Yay Enerji Məktəbi enerjinin əsasları, enerji qanunu, enerji iqtisadiyyatı, gəlir və resursların idarə edilməsi və ətraf mühit problemləri kimi mövzuları əhatə edir. Yay məktəbinin müəllim heyəti Texas A&M, Kaliforniya, Hayfa universitetləri, Fransanın "Petroleum" İnstitutu, NATO daxil olmaqla dünyanın aparıcı təhsil ocaqlarını və beynəlxalq təşkilatlarını təmsil edir. Yay məktəbində ARDNŞ-in, ExxonMobil, bp, Total, Şlumberger neft şirkətlərinin, eləcə də Milli Məclisin, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirliklərinin, Dövlət Neft Fondunun nümayəndələrinin çıxışları planlaşdırılır. İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin tarixi ilə bağlı yerlərə ekskursiyalar da edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 5.