Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri Naxçıvan Dövlət Universitetində olmuşlar

 

 Azərbaycan Bəstəkarlar İttifaqı  idarə heyətinin  sədri  Firəngiz Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti  Naxçıvan Dövlət Universitetinin (NDU) qonağı olmuşdur.

Universitetdən bildirmişlər ki, bu münasibətlə keçirilən tədbirdə NDU-nun rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli  musiqimizin tanınmış nümayəndələri ilə görüşün bu ali təhsil ocağının mədəni həyatında əlamətdar hadisə olduğunu bildirmişdir. NDU-nun incəsənət fakültəsinin  fəaliyyətindən danışan  rektor universitetdə tələbə opera studiyasının, tələbə teatr studiyasının,  rəqs qruplarının yaradılmasını regionun mədəni həyatının inkişafına, bəstəkarlıq kafedrasının açılmasını isə bəstəkarlıq sənətinin inkişafına göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirmişdir.

Görüş maraqlı konsert proqramı ilə davam etmişdir.  Konsertdə tanınmış  bəstəkarlar - Vasif Adıgözəlov və  Tofiq Quliyevin repertuarından əsərlər,  tələbə teatr studiyasının "Yallı" qrupunun ifasında "Yallı" rəqsi  nümayiş olunmuşdur.

Sonda  xalq artisti Firəngiz Əlizadə çıxış edərək səfər təəssüratlarını bölüşmüşdür. Konsert proqramını yüksək dəyərləndirən qonaq Naxçıvanda peşəkar musiqiçilərin, bəstəkarların yetişdiyini, mədəni mühitin formalaşdığını vurğulamışdır.

F.Əlizadə bildirmişdir ki, respublikada Bəstəkarlar İttifaqının xətti ilə təşkil olunan tədbirlərdə naxçıvanlı musiqiçilərin  həmişə özünəməxsus yeri olmuşdur.

Qonaqlar universitetdən xoş təəssüratlarla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 5.