Azərbaycan qadını jurnalının yay buraxılışı təqdim olunmuşdur

 

"Azərbaycan qadını" jurnalının hər nömrəsinin yaddaqalan tədbirlə təqdimatı bir ənənəyə çevrilmişdir.

İyulun 9-da  Beynəlxalq Muğam Mərkəzində jurnalın yay buraxılışı aşıq musiqisindən ibarət konsert proqramı ilə təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.

Jurnalın yeni nömrəsində oxuculara bir-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunmuşdur.

Mədəniyyət insanları bir-birinə yaxınlaşdıran ən gözəl vasitədir. Xüsusilə indi, müasir texnologiyalar dövründə bu istiqamətdə atılan hər addımı, onun yaratdığı əks-sədanı, canlanmanı izləmək mümkündür. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə İtaliyada ölkəmizin mədəni dəyərlərinin gözəl təqdimatının keçirilməsi, Romada Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsinin açılışı mədəniyyətlərin, insanların doğmalaşmasına xidmət edir.

"Azərbaycan qadını" jurnalı bizim hər birimizi bu parlaq hadisələrin iştirakçısına çevirir. Jurnalın səhifələrində gözəl bir təqdimat mərasiminin şahidi oluruq - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya humanitar fəaliyyət sahəsində dövlətlərarası "Birlik ulduzu" mükafatı təqdim edilir.

Azərbaycanın ən gənc təhsil ocaqlarından biri olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya "Dostluq və əməkdaşlığa görə" fəxri nişanının təqdim olunması da əlamətdar hadisələrdən biridirbu qiymət ümumilikdə elm, təhsil adamlarımızın uğurudur.

Jurnalın çox məşhur rubrikası olan "Pyedestal"ın budəfəki qonağı da məhz elm adamıdır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bəlkə də ilk dəfə olaraq fizikanın mürəkkəb məsələlərindən deyil, həyat məsələlərindən danışır, böyüdüyü ailədən, övladlarından söz açır.

"Eurovision"un ardınca "Afrovision"! Jurnalda haqqında bəhs edilən bu layihələrin təkcə adları bənzər deyil. Hər ikisi qaynar həyat, insanların hərarətli görüşü deməkdir.

Jurnalın yay buraxılışında oxucuları hərarətli sevgi ilə dolu daha bir görüş gözləyir - Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq üçüncü dəfədir ki, Qız qalası öz sevimli qonaqlarını başına toplayır. Bu incəsənət festivalında 24 ölkənin 30-dan çox rəssamı Qız qalasının maketini milli üslubda naxışlarla bəzəyərək müxtəlif mədəniyyətləri əks etdirən əsərlər yaratmışdılar. Bu əsərlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözləri ilə desək, "Qız qalasına yazılan sevgi məktubları"na bənzəyirdi və oxucuların bu sevgi etirafları ilə əyani tanışlıq imkanı da olacaqdır.

"Azərbaycan qadını" jurnalının yay buraxılışında oxucuları həmçinin "Bakının nəğməli qonaqları" və "İki təkər üstündə zərif yarış"ın iştirakçıları, "Eurovision-2011"in qalibi Nigar Camal və "Eurovision-2012"nin üç aparıcısından biri - Nərgiz Birk Petersen ilə yaxından tanışlıq gözləyir.

Tədbirdə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin müşayiəti ilə Üzeyir Hacibəylinin "Arazbarı", "Aşıqsayağı", Aşıq Veysəlin "Uzun, incə bir yoldayam", Vaqif Səmədoğlunun və Mehriban Zəkinin "Sol əlimlə sağ əlimin arasında" əsərləri dinlənilmişdir. Aşıqlardan Zülfiyyə, Samirə və Kəmalə aşıq havaları ifa etmişlər.

 

 

Azərbaycan.- 2012.- 10 iyul.- S. 5.