İkinci Beynəlxalq İslam
Əməkdaşlıq Təşkilatı Modeli
Qlobal Sammitinin İslam Əməkdaşlıq Təşkilatı
Xarici İşlər Nazirləri
toplantısının simulyasiyası mərhələsinin rəsmi
açılış mərasimi keçirilmişdir
Kazanda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF), Rusiya Federasiyası Tatarıstan Respublikası hökumətinin və "Selet" Tatarıstan Tələbə Liqasının təşkilatçılığı ilə İkinci Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Qlobal Sammitinin İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri toplantısının simulyasiyası mərhələsinin rəsmi açılış mərasimi keçirilmişdir.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Bilyər şəhərində keçirilən mərasimdə Tatarıstanın prezidenti Rüstəm Minnixanov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, DƏ-İKGF-nin baş katibi Elşad İskəndərov, Türkiyə gənclər və idman nazirinin müavini Yusuf Təkin, Tatarıstan Prezidenti Administrasiyasının idarə rəisi Marat Qatin və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru Sərdar Dəmirəl çıxış etmişlər.
Tatarıstan Prezidenti Rüstəm Minnixanov ölkəsinin İƏT-ə üzv ölkələr ilə əməkdaşlığına, xüsusən bu ölkələrin gənclər hərəkatında iştirakına xüsusi önəm verdiyini qeyd etmiş, gələcəkdə də DƏ-İKGF-nin layihələrində aktiv iştiraka hazır olduğunu bildirmişdir. Tatarıstan Prezidenti DƏ-İKGF-nin yaranması və bu qurumun beynəlxalq səviyyədə təşkilatlanaraq genişmiqyaslı layihələr keçirilməsində verdiyi dəstəyə görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən DƏ-İKGF-nin baş katibi Elşad İskəndərov İƏT Modelinin əhəmiyyəti və müsəlman ölkələri gənclərinin inkişafına yönəlmiş missiyası barədə məlumat vermişdir. E.İskəndərov Tatarıstanın "Selet" Gənclər Hərəkatının DƏ-İKGF-yə üzvlüyünə qəbul edildiyini təsdiq edən şəhadətnaməni təşkilatın sədri Timur Süleymanova təqdim etmişdir. Tədbirdə Malayziya Beynəlxalq Universitetinin rektoru Zaliha Kamaruddinin təbrik məktubu və Üçüncü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Qlobal Sammitinin gələn il Malayziyada keçirilməsi barədə müraciət iştirakçılara təqdim olunmuşdur.
Kazan Sammitində İƏT-ə üzv olan 50-yə yaxın ölkədən gəlmiş 200-ə qədər tələbə və gənc lider iyulun 3-dən 10-a qədər simulyasiya oyunlarında keçid ölkələri olan Tunis, Liviya və Misirdə siyasi stabilləşmə, nüvə enerjisinin istifadəsi, Balkan ölkələrində müsəlman azlıqları ilə bağlı məsələləri müzakirə etmişlər. Gənc liderlər tərəfindən müzakirə olunacaq əsas bəndlərdən biri Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdir. Bununla əlaqədar iyulun 9-da sammit iştirakçıları üçün "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının təqdimatının keçirilməsi də gözlənilir.
Tədbirin yekun qətnamələri iyulun 10-da qəbul olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 10 iyul.- S. 5.