İki
qardaşın bir yolu
Ötən yazımızda Rusiya şərqşünaslığına öz adını əbədi həkk edən Mirzə Kazımbəyin həyat yolundan söz açmışdıq. Maraqlıdır ki, ümummilli lider Heydər Əliyevin filologiya elmləri doktoru, professor Vilayət Quliyevə verdiyi məsləhətdən sonra bu alim uzun müddət Kazımbəylərin nəsil şəcərəsinin axtarışında səmərəli fəaliyyət göstərib. Həm Mirzə Kazımbəyin övladlarının, nəvə-nəticələrinin Rusiya tarixindəki zəngin və rəngarəng iştirakından, həm də dünyaya səpələnmiş bu məşhur nəslin həyat yolundan maraqlı faktlar aşkarlanıb. Təkcə Rusiyada elmi məktəbin yaradıcısı deyil, həm də imperiyanın ailələri sırasında özünə yer tutan Kazımbəylər qollu-budaqlı bir nəsildir.
Bu nəsil haqqında düşünəndə V.Quliyevin bir fikrini təkrarlamağa lüzum duyduq: "Heç kəs bizdən... Kazımbəy nəslinin nümayəndələri ilə qürur duymağı tələb etmir. Əslində, buna heç ehtiyac da yoxdur. Sadəcə, belə şəxsiyyətləri aşkarlamaqla taleyin iki yüz ildən bəri ucsuz-bucaqsız Şimala atdığı azərbaycanlıların Rusiyaya hansı töhfələr verdiklərini, bu ölkəyə yeni ruh, onun heydən düşmüş damarlarına necə təzə qan gətirdiklərini təsdiqləmiş oluruq". Həqiqətən də, belə həmvətənlərimizin adlarını bilmək çox gərəklidir.
Kazımbəy nəslinin Rusiyadan başlamış Avropanın neçə ölkəsində nümayəndələri var. Dərbəndli Kazımbəylərin xatirələrini təkcə anmaq deyil, həm də onları dərindən öyrənmək lazımdır. Bəllidir ki, öz istəyi ilə xristianlığı qəbul edən Mirzə Kazımbəyin bu hərəkəti atası Hacı Qasımı ağır dərdə saldı. O, uzun müddət oğlunun bu hərəkətini özünə yaxın qoya bilmədi, övladının din dəyişməsini faciə kimi qarşıladı. Dərddən beli bükülən ata məsciddə müsəlmanların gözü qarşısında oğlundan imtina etdiyini dilə gətirərək ona nifrinlər yağdırırdı. Amma ürəyində hansı yolla olursa-olsun, oğlunu bu ağır durumdan xilas etmək barəsində düşünürdü. Görüşlərində belə, ağlaya-ağlaya oğlunu öpsə də, sonra dərhal qüsl edib salavat çevirmişdi. Deyilənə görə, Dərbənddə hətta oğlunu ölmüş sayaraq yas mərasimi keçirmiş, qadınlar onun paltarlarını sovxa kimi ortaya tökərək ağlaşma qurmuşdular. Lakin bütün dərdlərin çarəsi zaman sonralar hər şeyi yerinə qoydu. Oğlunun Rusiyada qazandığı hörmət, şöhrət Dərbəndə də gəlib çıxdı. İş o yerə çatdı ki, Hacı Qasımı Kazan Universitetinin Dərbənd üzrə müxbiri təyin etdilər. Vilayət Quliyevin yazdığına görə, Hacı Qasımın vəzifəsi Kazan Universitetinin kitabxanası və muzeyi üçün qədim əlyazmalar, sikkələr, etnoqrafik əşyalar və s. toplamaqdan ibarət idi. Bunun da müqabilində ona ildə qızıl pulla 100 manat məvacib ödənilirdi.
Nəhayət, 1839-cu ildə Dərbəndə
gələn Mirzə Kazımbəy geri dönəndə
qardaşı Əbdülsəttarı da özü ilə
Kazana apardı. Uzaqgörənliklə fikirləşirdi ki, əyalətdə
qardaşının gələcyi o qədər də parlaq
ola bilməz. O zaman Əbdülsəttarın 21 yaşı
vardı. Türk-Azərbaycan, fars dillərini mükəmməl,
rus və ərəbcəni də qismən bilirdi. Mədrəsə
səviyyəsində Şərq tarixi, ədəbiyyatı, fəlsəfəsi
və məntiq sahəsində müəyyən bir işlərə
yiyələnmişdi. Mirzə Kazımbəy də sevimli
qardaşını özü kimi şərqşünas
görmək istəyirdi. O zaman Kazan Təhsil Dairəsi
gimnaziya və universitetə qabiliyyətli müəllimlər
götürmək üçün xüsusi sınaq
komissiyası təşkil edərək yazılı və
şifahi imtahanlar keçirirdi. Əbdülsəttar Kazımbəy
həmin sınaqdan uğurla çıxdı. O, 1842-ci ildə
Birinci Kazan Gimnaziyasının türk-tatar dili müəllimi
vəzifəsinə qəbul olundu. Yeddi il sonra Mirzə
Kazımbəy Peterburq Universitetinə dəvət alıb.
Kazan Universitetində qardaşının işini məhz Əbdülsəttar
davam etdirməli olub. Mirzə Əbdülsəttar universitetə
praktik müəllim və mühazirəçi təyin
edilib. Mirzə Kazımbəy Peterburqa köçdükdən
sonra Əbdülsəttar qardaşının tədris etdiyi
fars dili və ədəbiyyat dərslərini də öz
üzərinə götürdü. 1854-cü ildə Kazanda
Şərq dillərinin tədrisi dayandırıldı. Buna
da səbəb Peterburqda şərqşünaslıq mərkəzinin
yaradılması oldu. Belə bir vəziyyətdə Mirzə
Kazımbəy qardaşını öz yanına gətirmək
üçün demək olar ki, çox
çalışdı. Gah Peterburq Təhsil Dairəsinə,
gah da Kazandakı bu idarəyə müraciət etdi. Lakin
bütün təşəbbüslər səmərəsiz
qaldı. Baxmayaraq ki, hər iki dairənin rəhbərliyi Əbdülsəttar
Kazımbəyi yaxşı tanıyırdılar, onun
işini də tərifləyirdilər, amma Mirzə Kazımbəyin
xahişini yerə saldılar. Bu. Mirzə Kazımbəyə
ağır təsir bağışladı. Hətta uzun
müddət arzusuna nail ola bilməməsi onun
üçün ağır dərdə çevrildi.
Beləliklə, Kazanda qalıb yaşamaq qərarına
gələn Mirzə Əbdülsəttar təkcə Şərq
dillərinə deyil, dinə münasibətdə də
qardaşının yolunu təkrarladı. Yetkin
çağında - ömrünün 32-ci baharında
xristianlığın Pravoslav məzhəbini qəbul etdi.
Dini ilə bərabər, adını da dəyişərək
Nikolay Qasımoviç Kazımbəy kimi tanınmağa
başladı. Ailə quranda 40 yaşı vardı. Kazan sakini
Yekaterina ilə bağladığı izdivacdan üç
oğlu - Aleksey, Vladimir və Pyotr Kazımbəylər
doğuldu. Övladlar da ata və babalarının adına
layiq oldular, oxuyub ali savad aldılar. Onların da Rusiya səhiyyəsində
özlərinə məxsus xidmətləri olub. Aleksey
Kazımbəy uzun illər Kazan Universitetinin tibb fakültəsinə
rəhbərlik edib. Kordiologiya sahəsində
dövrünün nüfuzlu və təcrübəli mütəxəssislərindən
biri sayılıb, 40-a qədər elmi əsərin müəllifi
olub. O da əmisi və
atası kimi adını Kazan Universitetinin tarixinə yazıb.
Hətta Alekseyin oğlu (nəvə) atasının sənətini
davam etdirərək Kazan Universitetinin tibb fakültəsitndə
təhsil alıb. Sonralar onun sorağı Çinin Xarbin
şəhərindən gəlib.
Mirzə Əbdülsəttar
Kazımbəy nəslinin davamçıları Rusiyada Oktyabr
inqilabı baş verənədək əsasən Penza
quberniyasında yaşayıblar. 1917-ci ildən sonra isə bəziləri
Polşaya, bəziləri də Çinə mühacirət
ediblər. Vilayət Quliyev yazır: "Onlar ekzotik Kazımbəy
soyadını daşısalar da, nəsillərinin tarixi və
yetirdiyi görkəmli şəxsiyyətlər haqqında yetərincə
məlumata malik deyillər".
Beləliklə,
qədim Dərbənddən pərvazlanaraq dünyaya səpələnən
Kazımbəylər nəslinin nümayəndələri təkcə
Rusiyada deyil, Avropada da yaxşı tanınıblar. Əbdülsəttar
Kazımbəy 70 yaşında dünyasını dəyişib.
...Həqiqətən
də, tale adlı bir yazı var. Harada doğulmağından,
böyüməyindən, təhsilindən asılı
olmayaraq qəzavü-qədərin saldığı yolla getmək
məcburiyyətində qalırsan. Hacı Qasım kişi Dərbəndin
şeyxi, qazisi idi, Həcc ziyarətində olmuşdu.
Bütün ətraf bölgələr onu qatı dindar kimi
tanıyaraq hörmətini saxlayırdılar. Və birdən-birə
bu din xadiminin iki övladı yurdunu da dəyişdi, dinini də,
hətta ata-ananın qoyduğu adı da. Onlarda dəyişməyən
yalnız bir məziyyət vardı. Sinələrində
xaç gəzdirsələr də, kökslərində
döyünən ürək türk ruhu ilə
çırpınırdı. Mötəbər universitetlərdə
çalışdılar, amma "Azərbaycan ləhcəsindən",
türk, tatar dillərindən dərs deyirdilər, Quranı
rus dilinə çevirdilər, Quranın fərzlərindən
söz açdılar. Rusiya şərqşünaslığının
yaranmasında, inkişafında əl-ələ verərək
iştirak etdilər. Bu qoşa qardaş, həqiqətən də,
Rusiyanın heydən düşmüş damarına yeni qan gətirdi.
Aparılan tədqiqatlar, araşdırmalar bir daha təsdiqlədi
ki, Kazımbəy nəslindən çıxanlar harada
çalışmalarından, hansı sənəti
daşımaqlarından asılı olmayaraq, qabiliyyət və
istedadları ilə seçiliblər.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 10 iyul.- S. 7.