Azərbaycan Prezidenti İlham Əliyev
Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni Sement zavodunun
açılışında iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da
Bakının Qaradağ rayonunda "Holcim-Azərbaycan" ASC-nin
yeni Sement zavodunun açılışında iştirak
etmişdir.
İqtisadi
inkişaf naziri Şahin Mustafayev və "Holcim"in baş
icraçı direktoru Bernard Fontana dövlətimizin
başçısına yenidənqurma işləri barədə
ətraflı məlumat verdilər. Bildirildi ki, quru üsulla məhsul
istehsal edən zavod Cənubi Qafqaz regionunun sement sənayesində
yeni dövrün başlanğıc nöqtəsi
olacaqdır. Üç yüz milyon avro dəyərində
olan zavodun təməli 2009-cu ildə Prezident İlham Əliyevin
iştirakı ilə qoyulmuşdur. Dünyanın 70-dən
çox ölkəsində 80 min əməkdaşı
çalışan İsveçrənin "Holcim"
şirkətinin Azərbaycan iqtisadiyyatının
inkişafında yaxından iştirakı ölkəmizdə
istər yerli, istərsə də xarici investorlar
üçün yaradılan əlverişli və etibarlı
investisiya mühitinin məntiqi nəticəsidir. "Holcim-Azərbaycan"ın
səhmdarları İsveçrənin "Holcim" Şirkətlər
Qrupu, Azərbaycan İnvestisiya Şirkəti, Avropa Yenidənqurma
və İnkişaf Bankı, həmçinin bir qrup yerli
fiziki şəxslərdir. Azərbaycan
İnvestisiya Şirkəti bu layihəyə 19 milyon manat məbləğində
sərmayə yatırmışdır. Müəssisədə 500 nəfər
işlə təmin olunmuşdur.
Azərbaycan Prezidenti müəssisənin
istehsal prosesini əks etdirən stendlərə baxdı.
Qeyd edildi ki, quru üsulla sement istehsalı
yanacaq sərfiyyatı və ətraf mühitə təsiri
baxımından daha səmərəli olduğu
üçün Avropada geniş yayılmış
texnologiyadır. Ölkənin qeyri-neft sektoruna yönəldilən
bu investisiya Azərbaycan iqtisadiyyatının daha da
inkişafına və keyfiyyətli yerli məhsul
istehsalının genişləndirilməsinə hərtərəfli
təkan verəcəkdir.
Vurğulandı ki, istehsal
avadanlığının 80 faizi təkmilləşdirilmiş,
köhnə yaş üsulla işləyən dörd
sobanı hazırda quru üsulla işləyən bir soba xətti
əvəzləyir. Müəssisə tam gücü ilə
işə düşdükdə sement istehsalının həcmi
30 faiz artaraq ildə 1,3 milyon tondan 1,7 milyon tona, klinker
istehsalı isə 0,86 milyon tondan 1,24 milyon tona
çatdırılacaqdır. Ətraf mühitə mənfi təsirin
minimuma endirilməsi baxımından da həyata keçirilən
tədbirlər böyük əhəmiyyət kəsb edir. Bu
prosesin daha da təkmilləşdirilməsi və innovativ
alternativ yanacaq resurslarından istifadə daim diqqət mərkəzində
saxlanılır.
Dövlətimizin başçısına
"Holcim-Azərbaycan" ASC-nin məhsullarının
çeşidi, istehsalatda istifadə edilən xammal və digər
qatqılar nümayiş etdirildi.
Prezident İlham Əliyevə
texniki-iqtisadi göstəricilər əsasında yeni və
köhnə müəssisələrdəki əsas
avadanlığın müqayisəli təhlili göstərildi.
Qeyd olundu ki, yeni müəssisədə
ABŞ, Almaniya, İtaliya, İsveçrə və digər
inkişaf etmiş ölkələrin avadanlığı
quraşdırılmışdır.
Azərbaycan Prezidenti "Holcim"
şirkətinin Azərbaycanda fəaliyyəti və yeni
texnologiya əsasında quraşdırılmış müəssisə
barədə qısa filmə baxdı.
Prezident İlham Əliyev zavodu işə
saldı.
Dövlətimizin başçısı
açılış mərasimində çıxış
etdi.
Prezident
İlham Əliyevin çıxışı
- Əziz dostlar!
Hörmətli
xanımlar və cənablar!
Mən sizin hamınızı
"Holcim-Azərbaycan" sement zavodunun
açılışı münasibətilə ürəkdən
təbrik edirəm.
Üç il bundan əvvəl biz burada
yeni sement zavodunun təməl daşını qoyduq. Mən
çox şadam ki, üç ildən sonra gözəl,
müasir, yeni sement zavodu fəaliyyətə başlayır. Əminəm
ki, bu zavodun fəaliyyəti nəticəsində Azərbaycan
iqtisadiyyatı, Azərbaycanın sənaye potensialı daha da
artacaq və möhkəmlənəcəkdir.
Qaradağ sement zavodu 1950-ci illərdə
yaradılmışdır. Əlbəttə ki, vaxt
keçdikcə texnologiya köhnəlmişdir və
müasir tələblərə cavab vermirdi. Baxmayaraq ki, bu sahədə
dünyanın aparıcı şirkəti olan "Holcim"
on ildən artıqdır bu zavodu işlədir və buraya sərmayə
qoymuşdur. Yeni zavodun tikilməsi, əlbəttə ki,
çox vacib idi. İsveçrə ilə Azərbaycan rəhbərliyi
arasında aparılmış danışıqlar və əldə
edilmiş razılaşmalar nəticəsində yeni zavodun
tikintisi haqqında qərar qəbul edildi. Mən o günləri yaxşı
xatırlayıram. Xatırlayıram ki, qərar verildikdən
dərhal sonra - 2009-cu ildə yeni zavodun təməl daşı
qoyuldu. Bu zavod bütün müasir standartlara cavab verir. Burada ən
son texnologiyalar tətbiq edilib. Çox sevindirici haldır ki,
bu zavod ekoloji cəhətdən tamamilə təhlükəsizdir.
Azərbaycanda ekologiya məsələlərinə
çox böyük diqqət göstərilir, ekoloji tədbirlər
həyata keçirilir. Əlbəttə ki, biz bu zavodun ekoloji
cəhətdən təhlükəsiz olmasını
alqışlayırıq.
Bu zavod, eyni zamanda, İsveçrə-Azərbaycan
əməkdaşlığının nümunəsidir.
İki ölkə arasındakı əlaqələr sürətlə
inkişaf edir, qarşılıqlı rəsmi səfərlər,
qarşılıqlı heyətlərin səfərləri həyata
keçirilir. Bizim çox gözəl siyasi və iqtisadi əlaqələrimiz
vardır. "Holcim" zavodunun Azərbaycanda fəaliyyətə
başlaması qarşılıqlı inamın təzahürüdür.
Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR
İsveçrənin enerji sənayesinə böyük həcmdə
sərmayə qoyur. İsveçrədən Azərbaycanın
qeyri-neft sektoruna sərmayə qoyulur,
Azərbaycandan isə İsveçrənin enerji sektoruna
sərmayə qoyulur. Bu, özlüyündə gözəl
bir göstəricidir. Çünki əlaqələrimiz
çoxşaxəlidir və qarşılıqlı maraqlar əsasında
qurulubdur. Mən çox şadam ki, bu zavod, eyni zamanda,
İsveçrə-Azərbaycan dostluğunu da gücləndirəcəkdir.
Azərbaycanda qeyri-neft sektorunun
inkişafına çox böyük diqqət göstərilir.
Bu, bizim siyasətimizin əsas istiqamətidir. Bu ilin altı
ayında Azərbaycanda qeyri-neft sektoruna aid olan iqtisadiyyat 11
faizdən çox artmışdır. Yəni bu, görülən
işlərin məntiqi nəticəsidir. Biz enerji
resurslarımızdan səmərəli şəkildə
istifadə edərək qeyri-neft sektoruna sərmayə qoymaqla,
ölkəmizi hərtərəfli şəkildə
inkişaf etdiririk.
Zavodun fəaliyyətə başlaması
yerli istehsalın gücləndirilməsi məsələlərini
də həll edir. Bu məsələyə də böyük
diqqət göstərilir. Biz istəyirik ki, Azərbaycanda
istehlak olunan əsas məhsullar ölkəmizdə istehsal
edilsin. Sement zavodunun fəaliyyətə başlaması nəticəsində,
əminəm ki, bir neçə ildən sonra biz sementlə də
özümüzü təmin edəcəyik. Azərbaycanda
sementin illik istehlakı 3,3 milyon tondur. "Holcim-Azərbaycan"
sement zavodunun istehsal gücü 1,7 milyon tondur. Amma nəzərə
alsaq ki, bu yaxınlarda Naxçıvanda 300 min tonluq zavod
istifadəyə verilmişdir, yaxın zamanlarda Ağstafada 1
milyon tonluq zavod istifadəyə veriləcəkdir, Qaradağ
rayonunda 2 milyon tonluq zavod inşa edilir, bir neçə ildən
sonra Azərbaycanda istehsal olunan sementin həcmi tələbatımızdan
daha da artıq olacaqdır. Ancaq ölkəmizin iqtisadiyyatı
çox sürətlə inkişaf edir. Gələcəkdə,
şübhəsiz, daxili tələbat daha da artacaqdır.
Çünki ölkəmizdə böyük tikinti və
quruculuq işləri aparılır. Yəni bir sözlə,
bu zavodun fəaliyyəti nəticəsində ümid edirəm
ki, gələcəkdə sement sahəsində ixrac
imkanlarımız da yaradılacaqdır.
Zavodda işləyənlərin mütləq
əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Bu da çox müsbət haldır. Zavodun fəaliyyəti nəticəsində
yüzlərlə insan işlə təmin edilir. Mən burada
gəncləri görürəm, buna çox sevinirəm.
Çünki gənclər bu işlərdə daha da fəal
iştirak etməlidirlər. Ən müasir texnoloji prosesdə
fəal iştirak etməlidirlər və Azərbaycan gəncləri
bütün sahələrdə daha da fəal
olmalıdırlar. Yerli kadrların hazırlanması, yerli
istehsalın yaradılması, idxalı əvəzləyən
məhsulların buraxılması, xarici investisiyaların cəlb
edilməsi - bax, biz bu zavodun timsalında bütün bu
mühüm amilləri görürük.
Onu da qeyd etmək istəyirəm ki, zavodun
təməli 2009-cu ildə qoyulmuşdur. 2009-cu il dünyada
maliyyə və iqtisadi böhranın ən ağır ili
kimi tarixdə qalmışdır. Bu böhrana və bəzi
bankların ağır vəziyyətə düşməsinə
baxmayaraq, "Holcim" şirkəti 2009-cu ildə Azərbaycan
iqtisadiyyatına böyük sərmayə qoyulması
haqqında qərar vermişdir. Yəni bu, Azərbaycan
iqtisadiyyatına inamın, Azərbaycanda investisiya iqliminin
çox yüksək səviyyədə olmasının təzahürüdür.
Biz, əlbəttə ki, bu addımı yüksək qiymətləndiririk.
Mən bu gün fürsətdən istifadə
edərək "Holcim"
şirkətinin rəhbərliyinə, xüsusilə "Holcim"in
keçmiş prezidenti cənab Akermana xüsusi minnətdarlığımı
bildirmək istəyirəm. Biz cənab Akerman ilə bərabər
bu zavodun tikintisinin əvvəlində qərar verən
insanlarıq. Bizim qərarlarımız icra edilir. Üç
il bundan əvvəl burada zavodun təməl daşını
bərabər qoyduq və bu gün gözəl
açılış mərasimində iştirak edirik.
Azərbaycanda, ümumiyyətlə,
investisiya iqlimi çox müsbətdir. Son 17 il ərzində
Azərbaycanda 120 milyard dollardan çox, keçən il 15
milyard dollar sərmayə qoyulmuşdur. Bu il isə təqribən
18 milyard dollar sərmayə qoyuluşu gözlənilir. Bundan
sonrakı illərdə də investisiya qoyuluşu əminəm
ki, yüksələn xətlə davam edəcək və bu
bizə imkan verəcək ki, ölkəmizin bütün
infrastruktur layihələrini icra edək, bütün köhnəlmiş
infrastrukturu yeniləşdirək, güclü sənaye
potensialı yaradaq.
Zavodun Qaradağ rayonunun ərazisində
yerləşməsi, əlbəttə ki, təbii səbəblər
əsasında mümkün olubdur. Çünki burada,
yaxında zavodun məhsul
istehsalı üçün lazım olan xammal yataqları
vardır. Sovet dövründə bu zavod burada tikilmişdir. Əlbəttə,
Qaradağ rayonunun gələcək sənaye inkişafı ilə
bağlı bizim konkret fikirlərimiz vardır. Mən dəfələrlə
demişəm ki, Azərbaycanın yeni sənaye mərkəzlərindən
biri də Qaradağ rayonu olmalıdır. Qaradağ rayonu
inkişaf edir. Burada həm güclü sənaye potensialı
yaradılır, eyni zamanda, turizm obyektlərinin
yaradılması, tikintisi məsələləri də
gündəlikdədir.
Bir sözlə, bugünkü
açılış mərasimi həm çox sevindiricidir,
eyni zamanda, onu göstərir ki, Azərbaycanın
inkişafı düzgün istiqamətdə gedir. Xarici
investorlar bizə inanır, biz xarici investorlar üçün
gözəl şərait yaradırıq. Hökumət
nümayəndələri ilə böyük şirkətlər
arasında əlaqələr də çox müsbətdir.
Yerli istehsalın artırılmasında xarici sərmayədarlar
bizə kömək göstərirlər. Eyni zamanda, zavodda tətbiq
olunan texnologiya ən son, ən müasir texnologiyadır. Əlbəttə
ki, Azərbaycanda bu texnoloji inkişaf, elmi tərəqqi,
inkişaf məsələləri də daha da dolğun şəkildə
öz həllini tapır.
Əziz dostlar, mən bir daha bugünkü
mərasimdə "Holcim" şirkətinin rəhbərliyinə,
cənab Akermana və "Holcim"in yeni rəhbərinə
minnətdarlığımı bildirmək istəyirəm.
Sizin hamınızı bu zavodun açılışı
münasibətilə təbrik etmək istəyirəm. Bu
fürsətdən istifadə edərək tərəfdaşlara,
bizim investorlara, xarici investorlara bir daha müraciət etmək
istəyirəm ki, Azərbaycan xarici investisiyalar
üçün çox gözəl yerdir. İnvestisiyalar
burada qorunur. Biz bu investisiyaları alqışlayırıq,
xarici investorlar üçün bütün gözəl şəraiti
yaradırıq və bundan sonra da yaradacağıq. Bir daha
sizi bu gözəl hadisə münasibətilə ürəkdən
təbrik edirəm, sizə cansağlığı, yeni
uğurlar arzulayıram. Sağ olun.
* * *
İsveçrənin
Azərbaycandakı səfiri xanım Sabine ULMANN ŞABAN
çıxış edərək dedi:
- Cənab
Prezident!
Cənab nazir!
Cənab Fontana!
Hörmətli
qonaqlar!
Cənab Prezident, "Holcim"in yeni
zavodunun rəsmi açılışında iştirak
etdiyinizə görə Sizə dərin təşəkkürümüzü
bildiririk və Siz bu gün öz iştirakınız ilə
İsveçrəni və "Holcim"i şərəfləndirdiniz.
Bu tədbirə qatılmaq məqsədi
ilə yanvar ayında Davosda cənab Akerman dəvəti təqdim
etdikdə Siz bu dəvəti tərəddüd etmədən
qəbul etdiniz.
Azərbaycan və İsveçrə bir
çox sahələrdə əla tərəfdaşdırlar.
"Holcim"in yeni layihəsinin reallaşması bu
münasibətlərin canlı olmasının sübutudur.
Sizin və hökumətinizin dəstəyi olmadan bu nailiyyət
mümkün olmazdı. Yaxşı tərəfdaş olmaq
üçün dövlətlər də insanlar kimi bir-birinə
etimad göstərməlidirlər. Azərbaycan ilə
İsveçrə arasında yaxşı münasibətlərin
əsas cəhəti qarşılıqlı etimad və
hörmətdir.
Bu iki keyfiyyət olmadan "Holcim"
heç vaxt Azərbaycanın qeyri-neft sektorunda vacib hissə
ola bilməzdi. Bu etimad olmadan Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti isə, öz növbəsində,
İsveçrənin neft sektoru bazarında mühüm rol
oynamaq üçün bizim ölkəyə heç zaman gəlməzdi.
Azərbaycanın və İsveçrənin
bu iki şirkəti ölkələrimiz arasında kommersiya
sahəsində yaxşı əməkdaşlığın əla
nümunəsidir. İsveçrənin ölkələrimiz
arasında münasibətlərin inkişafında
mühüm rol oynayan kiçik bir şəhəri vardır.
Bu şəhər Davos adlanır. Öz gözəl təbiəti
və xizəksürmə yerləri ilə tanınan
İsveçrənin Alp dağlarındakı bu kiçik
şəhərinin adı Dünya İqtisadi Forumu ilə
bağlıdır. Bu, biznes dairələrini, siyasətçiləri
və cəmiyyətin digər liderlərini bir araya gətirərək,
dünyadakı durumun yaxşılaşdırılmasına
çalışan beynəlxalq təşkilatdır.
Cənab Prezident, Davos uzun illərdir ki,
Sizi öz qonaqları sırasında görməkdən fərəhlənir.
Siz bu tədbirin mühüm
iştirakçısısınız və dünyanın
sabahının formalaşdırılmasına sadiqsiniz. Siz
bunun ölkəniz üçün və dünyadakı digər
bütün ölkələr üçün nə qədər
vacib olduğunu bilirsiniz.
2009-cu ildə biz burada təməlqoyma mərasimini
keçirdik. İndi isə bu gün artıq nailiyyət
göz qabağındadır və bütün bu işlər
həm Azərbaycan, həm İsveçrə tərəfdaşlarının
dəstəyi olmadan mümkün olmazdı. Cənab Prezident, bu
uğurun əldə edilməsi üçün Sizin verdiyiniz
dəstək həlledici idi. Həmçinin burada
çalışan azərbaycanlı işçilərin,
"Holcim-Azərbaycan"ın və "Holcim"in
İsveçrədə olan rəhbərliyinin səyləri
məhz bu işdə mühüm rol oynadı.
Mən bu nailiyyəti mümkün edən
bütün şəxsləri bu münasibətlə təbrik
etmək istəyirəm. Bu, çox mühüm bir nəticədir.
"Holcim Group" dünyanın 70 ölkəsində fəaliyyət
göstərir və fəaliyyət sahəsində
mühüm şirkətlərdən biri hesab olunur.
"Holcim Group" fəaliyyətini güclü şəkildə
saxlamağa nail olmuşdur, çünki bu şirkət, həmçinin
ətraf mühitin qorunmasına da əhəmiyyət verir.
Cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, ətraf
mühitin qorunması, təmiz, yeni, müasir texnologiyalardan
istifadə həm Azərbaycan, həm İsveçrə, həm
də "Holcim" şirkəti üçün vacib məsələlərdən
biridir. Əslində, bu gün açılışında
iştirak etdiyimiz yeni zavod məhsulların istehsalı
üçün məhz ən yeni istehsal xəttini
özündə əks etdirir və artıq bunun istismara
verilməsi "Holcim"in dünyanın bir çox yerlərində
oxşar layihələri həyata keçirməsində
nümunə kimi çıxış edəcəkdir. Yeni,
müasir zavodun istifadəyə verilməsi, həmçinin
yeni iş yerlərinin açılması ilə də
bağlıdır. Bu da mühüm əhəmiyyət kəsb
edir.
Cənab Prezident,
hörmətli qonaqlar!
Bugünkü tədbir Azərbaycan ilə
İsveçrə arasında iqtisadi münasibətlərin
inkişafının təzahürüdür və mən tam
əminəm ki, gələcəkdə bu sahədə bizim
yeni nəticələrimiz olacaqdır. Bu nailiyyəti
mümkün edən hər bir şəxsi bir daha təbrik
etmək istərdim.
Sağ olun.
* * *
"Holcim"
şirkətinin baş icraçı direktoru Bernard FONTANA
çıxış edərək dedi:
- Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!
Cənab nazir
Mustafayev!
Hörmətli
xanım səfir Ulmann!
Hörmətli
qonaqlar!
Cənab Prezident! Yeni zavodun rəsmi
açılışı münasibətilə bu gün bizimlə
olmağınızdan "Holcim-Azərbaycan" və mən
xüsusi şərəf hissi duyuruq.
Mən 2012-ci ildə Davosda Dünya
İqtisadi Forumunda keçmiş baş icraçı direktor
cənab Markus Akermanın dəvətini qəbul etdiyinizə
görə Sizə səmimi, qəlbdən minnətdarlığımı
bildirirəm.
Bu cür mühüm layihəyə dəstək
verdiyinizə görə, burada - Qaradağda rəhbərliyimiz,
işçilərimiz adından və "Holcim Group"un
adından Sizə təşəkkürümüzü
bildiririk.
"Holcim Group" və "Holcim-Azərbaycan"
bu vacib layihə üçün lazımi icazələrin və
lisenziyaların verilməsinə gəldikdə, hökumət
qurumları ilə çox sıx əməkdaşlıq
aparmış və onların dəstəyini
almışdır. Əslində, verilən bu dəstək
çox mühüm idi. Mən çox şadam ki, bu gün
biz hamımız yeni zavodun açılışı mərasimində
birgə iştirak edirik. Böyük fərəh hissi ilə qeyd
edirəm ki, bizim burada yatırdığımız sərmayənin
həcminə gəldikdə bu, Azərbaycanın qeyri-neft
sektoruna qoyulan xarici sərmayələr sırasında ən
böyük sərmayələrdən biridir.
Bu, Azərbaycan ilə İsveçrə
arasında məhz iqtisadi sahədə aparılan əməkdaşlığın
ən böyük nümunəsidir. Bu, həmçinin
"Holcim Group"un əldə etdiyi nəticədir.
Dünyanın 70 ölkəsində fəaliyyət göstərərək
sement, beton məhsulları istehsal edən "Holcim Group"
bu baxımdan ən yüksək tələblərə cavab
verən şirkətlərdən biridir. Həmçinin insan
sağlamlığı, təhlükəsiz iş
üslubunun tətbiq edilməsi və ətraf mühit
baxımından yararlı məhsulların istehsalına gəldikdə,
biz beynəlxalq səviyyədə tanınmış şirkətə
çevrildik.
Bildiyiniz kimi, bu il "Holcim" şirkəti
100 illiyini qeyd edir. Fəaliyyətə başladığı
ilk anlardan "Holcim Group" daimi olaraq elə bir strateji xətt
tutmuşdur ki, onun istehsal etdiyi məhsullar tikinti
materialları sənayesində böyük keyfiyyətlə fərqlənsin.
Lakin şirkətimiz bundan sonra da hər il keçdikcə
yeni üsulların tətbiq edilməsində və yeni
texnoloji proseslərin davamlı şəkildə mənimsənilməsində
addımlarını davam etdirmək əzmindədir.
"Holcim Group" bundan sonra da məhz Azərbaycanda
başladığı bu işləri davam etdirmək və əslində,
qazandığı uğurların sayını daha da
çoxaltmaq fikrindədir. Bu baxımdan "Holcim Group" həm
insan kapitalının formalaşdırılmasında, həm
də yerli resursların bu işə daha da geniş şəkildə
cəlb olunmasında, ətraf mühitin qorunmasında,
yüksək keyfiyyətli məhsulların istehsalında, həmçinin
maarifləndirmə proseslərinin aparılmasında qərarlıdır.
Biz son 13 il ərzində Azərbaycanda
genişmiqyaslı fəaliyyətimizi davam etdirmişik. Bundan
sonra da özümüz üçün müəyyən
etdiyimiz məqsədlərə nail olmaq ənənəmizə
sadiqik.
Hər hansı bir tikinti işi beton tələb
edir. Betonun alınması üçün də sementin
istehsalı çox vacibdir. Təbii ki, inkişaf edən cəmiyyət
və inkişaf edən iqtisadiyyata sement lazımdır.
"Holcim-Azərbaycan" keyfiyyətli tikinti
materiallarının təchizatçısı kimi
mühüm rol oynamağa sadiqdir. Biz bundan sonra da görəcəyimiz
işlərin miqyasını genişləndirməkdə
davam edəcəyik.
Mən bu fürsətdən istifadə
edib öz işçilərimizə və "Holcim-Azərbaycan"ın
rəhbərliyinə həm keyfiyyətinə, həm də kəmiyyətinə
görə Azərbaycana lazım olan qədər sementin
istehsalında uğurlar arzulayıram.
Əslində, burada çalışan heyət
çox gözəl işi yerinə yetirir. Daxili tələbatın
sürətlə artmasını nəzərə alaraq buna
cavab verməyə çalışır.
Həm ətraf mühitin qorunması, həm
texnoloji proseslərin daha məhsuldarlığı
baxımından bundan sonra da bu yeni zavodun istismarı ilə
"Holcim-Azərbaycan" ölkədə öz nailiyyətlərini
daha da artırmaq fikrindədir.
İstismara verilən yeni zavodda müasir
texnologiyaların tətbiq edilməsi nəticəsində
havaya buraxılan zərərli maddələrin həcmi də
gözəçarpan dərəcədə azalacaqdır.
Azərbaycanda bizim dəyərli
alıcılarımıza, müştərilərimizin
gözləntilərinə cavab vermək məqsədi ilə
biz Qaradağ sement zavodunda keçmişdə mövcud olan
sulu xətlərin əvəz edilməsi və məhsuldarlığın
bu yeni istismar xətti ilə 30 faizə qədər
artırılmasına nail olacağıq.
Cənab Prezident!
Hörmətli
qonaqlar!
"Holcim Group" Azərbaycanda bu layihəni
həyata keçirməklə uzunmüddətli sadiqliyini
bundan sonra da bir daha nümayiş etdirir. "Holcim Group" və
"Holcim-Azərbaycan", ümumiyyətlə, ölkənin
inkişafına töhfə olaraq sement istehsalını bundan
sonra artıracaqdır.
Əslində, bu gün keçirilən
bu tədbir aramızda olan mühüm əlaqələrin
göstəricisidir. Bu, "Holcim-Azərbaycan"ın
ölkədə tutduğu mövqeyindən, onun Azərbaycanın
gələcək inkişafına töhfəsindən və
ona olan sadiqliyindən xəbər verir.
Diqqətinizə görə çox
sağ olun!
* * *
Prezident İlham Əliyev müəssisənin
kollektivinə xoş arzularını çatdırdı və
onlara yeni-yeni uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-
2012.- 11 iyul.- S. 1; 2.