Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunun Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxmışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Qaradağ rayonunda yeni "Holcim-Azərbaycan" Sement zavodunun açılış mərasimindən sonra yolüstü  Sahil qəsəbəsindəki çoxmərtəbəli yaşayış binalarının abadlaşdırılması işləri ilə tanış olmuş, burada salınacaq yeni parkın ərazisinə baxmışdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov görülən və həyata keçiriləcək işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirildi ki, qəsəbədəki yaşayış binalarının fasadları tamamilə yenidən qurulur, onların xarici görkəmi ən müasir qaydada təzələnir. Prezident İlham Əliyev təmir və yenidənqurma işlərinin keyfiyyəti ilə maraqlandı.

Burada salınacaq yeni parkla bağlı da dövlət başçısına məlumat verildi. Sahəsi 6 hektar olacaq yeni parkda qəsəbə sakinlərinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd olundu, burada müxtəlif bəzək və gül kollarının əkiləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı, müasir işıqlandırma sisteminin quraşdırılacağı bildirildi.

Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 3.