Azərbaycan
Prezidenti İlham Əliyev İspaniyanın Xarici İşlər
və Əməkdaşlıq Nazirliyinin xarici işlər
üzrə dövlət katibinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonzalo de Benitonun ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından uğurlu olacağına əminliyini bildirdi.
Qonzalo de Benito son illər Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində diqqətlə izlənildiyini dedi və Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğuladı. Qonzalo de Benito İspaniya Krallığının Baş naziri Mariano Raxoyun məktubunu dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 11 iyul.- S. 3.