Yaponiyanın Fuji Optical şirkəti Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə optometrik xidmət göstərir

 

  İyulun 10-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov Yaponiyanın "Fuji Optical" şirkətinin rəhbəri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) "Nansen qaçqın mükafatı"na layiq görülmüş dünya şöhrətli optometrist doktor Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşkilati dəstəyi ilə həyata keçirilən bu humanitar missiyanın məqsədi, əvvəlki illərdə olduğu kimi, Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə optometrik xidmət göstərilməsindən ibarətdir.

2006-cı ildən etibarən nümayəndələri hər il Azərbaycana səfər edən "Fuji Optical" şirkəti tərəfindən bu il ölkəmizə 4 min 500 eynək və digər vasitələr gətirilmişdir. İyulun 3-dən 9-dək davam edən missiya zamanı Tərtər, Goranboy, Sabunçu və Binəqədi rayonları ərazisində 2 min 227 nəfərə xidmət göstərilmiş, 1973 eynək paylanmışdır. Əlavə olaraq, ehtiyacı olan 100 nəfərə Yaponiyada xüsusi eynəklər hazırlanaraq göndəriləcəkdir.

Ümumiyyətlə, 2005-ci ildən indiyədək şirkət Azərbaycandakı fəaliyyətinə 1 milyon ABŞ dollarından artıq vəsait xərcləmişdir. Otuz beş minədək yüksək keyfiyyətli optik eynək və digər vasitələr BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə dəstək kimi ölkəyə gətirilmiş, 14 mindən artıq qaçqın, məcburi köçkün və digər aztəminatlı şəxs şirkətin ödənişsiz göz müayinəsi xidmətindən faydalanmışdır.

Görüşdə doktor Akio Kanai Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərindən məmnun olduğunu qeyd etmiş, həmçinin missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.

Baş nazirin müavini Əli Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə doktor Akio Kanaiyə və onun rəhbərlik etdiyi heyətə təşəkkürünü çatdırmışdır. Əli Həsənov BMT QAKn ölkəmizdəki nümayəndəliyinin xətti ilə bu humanitar missiyanın növbəti illərdə də davam etdiriləcəyinə əmin olduğunu bildirmiş, mötəbər "Nansen" mükafatına layiq görülmüş şəxs kimi doktor Akio Kanainin bu etimadı doğrultduğunu xüsusi vurğulamışdır.

Görüşdə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 3.