Azərbaycan ilə İordaniya arasında ailə və uşaq problemlərinin həlli sahəsində ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur

 

İordaniya Krallığının qadın məsələləri üzrə naziri xanım Nadia Haşem Krans Montana Forumunda iştirak etmək üçün Bakıya səfərə gəlmişdir. Səfər çərçivəsində xanım N.Haşem  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə H.Hüseynova Azərbaycanda ailə, qadın və uşaq siyasətinin daim dövlətin xüsusi diqqətində olduğunu vurğulamışdır. Komitə sədri qeyri-hökumət təşkilatlarının da bu sahədəki fəaliyyətini, xüsusi ilə Heydər Əliyev Fondu tərəfindən uşaq və qadınların sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün onlarla layihənin həyata keçirildiyini qonağın diqqətinə çatdırmışdır.

N.Haşem  ailə, qadın və uşaq siyasəti sahəsində qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini bildirmiş və əlaqələrin genişlənməsi məqsədi ilə sözügedən sahə üzrə ekspertlərin səfərlərinin təşkil edilməsinin əhəmiyyətini qeyd etmişdir.

Görüşdə Azərbaycan və İordaniya  arasında ailə və uşaq problemlərinin həlli sahəsində ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 7.