Dinamik inkişaf edən Azərbaycan İspaniya üçün çox vacib tərəfdaşdır

 

Azərbaycan ilə İspaniya arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır. Qarşılıqlı səfərlər və aparılan danışıqlar münasibətlərimizin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.

AzərTAc xəbər verir ki, bu fikirlər Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun Azərbaycanda səfərdə olan İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici işlər üzrə dövlət katibi Qonsalo de Benito Sekadeslə iyulun 10-da keçirdiyi görüşdə səslənmişdir.

Z.Əsgərov qonağa Azərbaycanın dinamik inkişafı, investisiya imkanları, Milli Məclisin fəaliyyəti və strukturu barədə ətraflı  məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan İspaniya ilə əməkdaşlıqda maraqlıdır. Münasibətlərimizin hərtərəfli inkişafı üçün geniş imkanlar vardır. Azərbaycan parlamenti əlaqələrimizin inkişafına dəstək verməyə hazırdır.

Milli Məclis Sədrinin birinci müavini İspaniyanın Bakıda  səfirliyinin açılmasının məqsədəuyğun olduğunu bildirmişdir.

Qonsalo de Benito Sekades Azərbaycana səfəri çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini və danışıqlar apardığını bildirmişdir. O demişdir ki, İspaniya Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Dinamik inkişaf edən Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır və yaxın vaxtlarda Bakıda İspaniya səfirliyi fəaliyyətə başlaya bilər.

Bildirilmişdir ki, Azərbaycan ilə İspaniya arasında iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına dair bir sıra saziş layihələri hazırlanmışdır. Sərmayələrin qarşılıqlı təşviqi, hava nəqliyyat daşınmaları sahələrində birgə əməkdaşlığa dair sazişlər artıq imzalanmağa hazırdır. Daha bir neçə sənəd isə yaxın vaxtlarda hazır olacaqdır. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradacaqdır.

Görüşdə, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti, qanunvericilik, turizm sahələrində birgə əməkdaşlıq, təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 3.