Heydər Əliyev
Fondu ilə BMT-nin Ərzaq
və Kənd Təsərrüfatı Təşkilatı
arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri
müzakirə olunmuşdur
İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) missiyasının rəhbəri Məhəmməd Ruiqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonaqlara məlumat verdi. Fondun 2004-cü ildən fəaliyyət göstərdiyini deyən Mehriban xanım Əliyeva qurumun müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə bir çox layihələr həyata keçirdiyini bildirdi. BMT ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edən Heydər Əliyev Fondunun prezidenti bu təşkilatla birlikdə bir neçə müştərək layihənin reallaşdırıldığını qeyd etdi. Azərbaycanın birinci xanımı gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Mehriban xanım Əliyeva FAO-nun nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi. Fondun prezidenti Azərbaycan dövlətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinə kömək etməyə hazır olduğunu vurğuladı. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun da qeyri-hökumət təşkilatı kimi əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı. Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Fondun bir çox nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən UNİCEF və UNESCO ilə uğurlu əməkdaşlığından danışdı. Mehriban xanım Əliyeva bu əməkdaşlığın FAO ilə də uğurlu istiqamətdə qurulacağına əmin olduğunu bildirdi.
Görüşə görə təşəkkür edən FAO missiyasının rəhbəri Məhəmməd Ruiqi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirdi. Görüşdə Heydər Əliyev Fondunun FAO-nun Romadakı baş ofisi ilə əməkdaşlığı, ərzaq təhlükəsizliyi, həmçinin bu sahədə xüsusi uşaq müəssisələrinin yaradılması məsələləri müzakirə olundu.
AzərTAc
Azərbaycan.- 2012.- 11 iyul.- S. 4.