Birinci xanım Mehriban
Əliyeva Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas ilə görüşmüşdür
İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, səfir Kestutis Kudzmanası Heydər Əliyev Fondunda salamlayan Mehriban xanım Əliyeva Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirdi. Azərbaycanın birinci xanımı ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan litvalı səfirə gələcək işlərində uğurlar arzuladı. Heydər Əliyev Fondu ilə səmərəli əməkdaşlığa görə diplomata təşəkkürünü bildirən Mehriban xanım Əliyeva ölkələrimiz arasında həyata keçirilən layihələrin davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək dedi: "Əminəm ki, bizim əməkdaşlıq təcrübəmiz dost dövlətlərin münasibətləri necə qurmasına nümunədir".
Səfir Kestutis Kudzmanas Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mühüm layihələri yüksək qiymətləndirdi. Diplomat Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu çərçivəsində görülən işlərdən, birgə uğurlu layihələrdən danışdı və bu layihələrin bundan sonra da davam etdiriləcəyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2012.- 11 iyul.- S. 4.