“Eurovision-2012” mahnı müsabiqəsinin ölkəmizdə
yüksək səviyyədə təşkili hələ də
dünya mətbuatının gündəmindədir
İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən xalq artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı Alim Qasımov və Səbinə Babayevanı müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək dedi: "Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz. Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq görüldüyünüz yüksək yer təsdiqləyir".
Mehriban xanım Əliyeva 57-ci "Eurovision" mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya mətbuatının gündəmində olduğunu vurğuladı. Azərbaycanın birinci xanımı qeyd etdi ki, ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da Heydər Əliyev Fondu olmuşdur. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən daim arzulandığını deyən Mehriban xanım Əliyeva ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu vurğuladı. Fondun prezidenti Azərbaycanın "Eurovision" müsabiqəsində həmişə yüksək yerlərdə qərarlaşdığını diqqətə çatdırdı.
Azərbaycanı "Eurovision-2012"də təmsil edən xalq artisti Alim Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban xanım Əliyeva bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar açdığını dedi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 11 iyul.- S. 4.