QARDAŞLIĞIN
VƏ DOSTLUĞUN İKİNCİ MÜHÜM QƏLƏBƏSİ
Bəşəriyyət nefti və təbii qazı tanıyandan Azərbaycanda bu enerjidaşıyıcıları istehsal edilib. Ancaq heç zaman xalq onun üzərində tam sərəncamçı ola bilməyib. Ya ayrı-ayrı neftxudalar bu sərvətlər hesabına varlanıb, ya da SSRİ adlı superdövlətin büdcəsi faydalanıb. Qırmızı imperiyanın hökmranlığı dövründə neft daha intensiv və ətraf mühit çirkləndirilməklə çıxarılıb. 1941-1945-ci illər müharibəsində sovet ordusunun qazandığı qələbədə Bakı neftinin payı xüsusilə çox olub. Amma əvəzində Bakıya quruca "qəhrəman şəhər" adı da verilməyib ki, gecə-gündüz mədənlərdə əziyyət çəkənlər mənən mükafatlansınlar, paytaxt əhalisinin təchizatı yaxşılaşdırılsın, ittifaq büdcəsindən aldığı "pay" bir qədər artsın.
SSRİ dağılanda quruda və dənizin nazik su qatlarında neft ehtiyatı tükənməkdə idi. "Mavi qaz" istehsalı isə sərfəli olmadığından geniş şəkildə çıxarılmırdı. Azərbaycan Rusiyadan alınan təbii qaza və elektrik enerjisinə möhtac qalmışdı. Bir tərəfdən keçmiş ittifaq dövlətləri ilə əlaqələrin qırılması, digər tərəfdən müstəqilliyin ilk illərində ölkənin düşdüyü ağır böhran mürəkkəb vəziyyət yaratmışdı. Belə bir məqamda Azərbaycana satılan təbii qazın və elektrik enerjisinin qiyməti qaldırıldı. Lakin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin qətiyyəti hesabına ölkə bu vəziyyətdən uğurla çıxdı.
Artıq Azərbaycan neft, qaz və elektrik enerjisi ixrac edən ölkədir! Bir çox dövlətlərin başçıları bizdən neft-qaz almaq üçün ölkəmizə səfərlər edir, razılaşmalar, müqavilələr imzalamağa çalışırlar. Azərbaycan Avropanın alternativ enerji-daşıyıcıları ilə etibarlı təminatçılarından birinə çevrilib. Əlbəttə, yeraltı və yerüstü sərvətlərə malik olmaq çox yaxşıdır. Lakin onlardan məharətlə, uzaqgörənliklə və öz xalqının maraqlarına uyğun şəkildə istifadə etməyi də bacarmalısan.
Bu məsələdə ən vacib məqamlardan biri də neft-qaz ehtiyatlarının etibarlı və təhlükəsiz şəkildə dünya bazarına çıxarılmasıdır. Ulu önder Heydər Əliyevin yeni neft strategiyasının ən mühüm prinsiplərindən biri ixrac kəmərlərinin diversifikasiyası idi. Möhtərəm Prezidentimiz İlham Əliyev də bu sahədəki fəaliyyətində şaxələndirmə prinsipinə dönmədən əməl edir.
Azərbaycanın öz təbii sərvətləri üzərində şəriksiz sərəncamçı olması, ixrac boru kəmərlərinin, habelə transmilli layihələrinin marşrutunu özünün müəyyənləşdirməsi maraqlı dövlətlərin xoşuna gəlməyə də bilir. Bəzən də düşmən qüvvələr belə məqamlardan istifadə edərək maneələr yaratmağa, əngəllər törətməyə çalışırlar. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin indiki marşrutla keçməsinə nail olmaqdan ötrü ulu öndər Heydər Əliyev çox çalışmalı, zəhmət çəkməli oldu. Ortaya atılan bəhanələri aradan qaldırmaq, tərəfdaşları marşrutun səmərəliliyinə və optimallığına inandırmaq üçün ümummilli lider böyük qətiyyət və iradə, diplomatik məharət nümayiş etdirdi. Nəhayət, 1999-cu ilin İstanbul zirvə sammitində yekun qərar qəbul olunaraq sənədlər imzalandı.
Dostluq və qardaşlıq, mehriban qonşuluq prinsipinə daim sadiq qalan Azərbaycan transmilli layihələrinin gerçəkləşdirilməsində Türkiyə və Gürcüstandan keçən marşrutlara üstünlük verir. Uzun müddət Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sərfəli proyektlərdən kənarda saxlanılması, ixrac dövründə digər problemlərin yaranmasının qarşısının əvvəlcədən alınması da belə addımlar atılmasını zəruri edir.
Bir millət - iki dövlət! Ulu öndər Heydər Əliyevin müdrik deyimi ölkəmizin xarici siyasətində əsas tutulur. Azərbaycan dünya bazarları ilə əlaqəni daim Türkiyə vasitəsilə qurmağa, hər bir layihədən dost və qardaş ölkənin də faydalanmasına çalışıb və buna nail olub. Faktlara nəzər salaq.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftinin müstəqil şəkildə dünya bazarına çıxarılmasını təmin edən ilk və ən nəhəng layihədir. Başlanğıcını Bakının Səngəçal terminalından götürən bu kəmər 1768 km. məsafə keçərək Türkiyənin Ceyhan limanına çatır. Gündə 1,2 milyon barel neft ixrac etmək qabiliyyətindədir. BTC 13 iyul 2006-cı ildə tam bir sistem kimi işə düşüb.
O vaxtdan indiyədək Ceyhan limanından BTC nefti ilə yüklənmiş 1870-dən çox tanker yola salınıb. Bu tankerlər dünya bazarlarına 193 milyon tondan çox neft daşıyıb.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də marşrutu Səngəçaldan başlanır. Ümumi uzunluğu 971 km. olan kəmər 2006-cı ilin sonlarından istifadəyə verilib. 2007-ci ilin iyulundan Türkiyəyə qaz çatdırılır. Bu ilin birinci rübü ərzində boru xəttinin orta ötürücülük gücü gündə 15 milyon kubmetr qaz, yaxud təqribən 89 min barel neft ekvivalenti olub.
Həm BTC, həm də BTƏ dünyaca məşhur şirkətlərin maliyyə payçılığı iştirakı ilə həyata vəsiqə qazanıb. Əgər onların vəsaitləri olmasaydı, yəqin ki adıçəkilən layihələr reallaşa bilməzdi. Sonrakı layihələrin taleyi isə başqa formada həll olundu.
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirir. Əlavə olaraq Gürcüstan və Türkiyə ərazisində ümumi uzunluğu 90 km. olan dəmiryolu xətti çəkilir. Layihənin dəyəri 600 milyon dollar civarındadır. İstifadəyə verilməsi bu ilin sonu, gələn ilin əvvəlinə planlaşdırılan layihə çərçivəsində 12 körpü, 3 stansiya, 2250 metrlik tunellər tikilir.
Bakı-Tbilisi-Qars dəmiryolu xətti təcavüzkar Ermənistanın bütün parametrlər üzrə dalana salınmasını başa çatdıracaqdı. Bunu ermənipərəst qüvvələr və erməni diasporu da gözəl anlayırdı. Odur ki, layihənin baş tutmaması üçün bütün imkanlarını işə saldılar. ABŞ Konqresi layihənin maliyyələşdirilməsinə icazə vermədi. Beynəlxalq banklar da maliyyələşdirmədən boyun qaçırdılar. Azərbaycana və Türkiyəyə müxtəlif formada təzyiq cəhdləri başladı.
Müstəqil qərar qəbul edərək yeni maliyyə mənbəyi tapmaq lazım gəlirdi. Prezident İlham Əliyev belə bir cəsarətli addım atdı. Azərbaycan Türkiyə ilə anlaşaraq Gürcüstana sərfəli kreditlər vermək yolu ilə layihəni özü maliyyələşdirdi. Əslində bu dostluğun, qardaşlığın və əməkdaşlığın dünya erməniliyi üzərində ilk qələbəsinə çevrildi.
İyunun 26-da İstanbulda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin sənədlərinin imzalanması ilə dost və qardaş ölkələrimiz bu istiqamətdə ikinci mühüm qələbələrini qazanmış oldular.
Artıq Avropaya gedən qaz kəmərlərinin "siyasiləşməsi" prosesi gedir. Şaxtalı qış günlərində dəfələrlə qaz kəmərlərində müxtəlif "fəsad"lar baş verib. Avropa bundan bərk narahatdır və özünə etibarlı tərəfdaş-təchizatçı axtarır. Azərbaycanın dövlət başçısı isə dəfələrlə bəyan edib ki, təbii qaz satışı üçün marşrutların seçilməsində yalnız milli maraqları əsas tutacaqdır! Dünya Avropanı qazla təmin edəcək mənbələr və marşrutlar üzərində düşündüyü, siyasilərin müxtəlif bəyanatlar səsləndirdiyi, haqqında danışılan ayrı-ayrı layihələrin reallaşdırılması üçün maliyyə mənbələrinin axtarıldığı bir vaxtda Azərbaycanla Türkiyə razılığa gələrək qısa adı TANAP olan layihənin reallaşdırılması üçün sənədləri imzaladılar. Azərbaycanın 80 faiz paya malik olduğu bu layihənin maliyyələşdirilməsi hər iki dövlətin imkanı daxilindədir və hansısa bankların qapılarını döyməyə ehtiyac yoxdur!
Dostluğun, qardaşlığın və tərəfdaşlığın daha bir təzahürü olan bu layihənin imzalanması mərasimində hər iki dövlət başçısı maraqlı fikirlər səsləndirib.
Prezident İlham ƏLİYEV:
"Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. Çünki bu gün imzalanan sənədlər də bunu təsdiq edir. Bu layihəni biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik. TANAP layihəsinin icrası nəticəsində biz, ilk növbədə, Türkiyəyə daha da böyük həcmdə təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda, Türkiyə ərazisindən tranzit imkanları da açılacaqdır. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir".
Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN:
"TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək çox önəmli və tarixi əhəmiyyətli bir layihədir. Beləliklə, bu gün Türkiyə-Azərbaycan enerji əməkdaşlığının inkişaf etdirilməsi yalnız ölkəmizin deyil, Avropanın da enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisəyə şahidlik edirik".
Türkiyə ərazisindən keçən sayca dördüncü olsa da, daxili imkanlar hesabına maliyyələşdirilən ikinci layihə sayılan TANAP böyük faydalığa və perspektivə malikdir. Hazırda Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, 100 ildən də çox müddətə kifayətdir.
Üstəlik, TANAP bütün tərəfdaşlar üçün sərfəlidir. Kəmərin illik ixrac gücü 16 milyard kubmetrdir. Bunu asanlıqla 30 milyard kubmetrə çatdırmaq mümkündür. Qardaş Türkiyə kəmərdən 6 milyard kubmetr qaz və tranzit haqqı götürəcəkdir. Dost Gürcüstan da eyni faydanı görəcəkdir.
TANAP Nabukkoya alternativ deyildir! Amma Avropanın alternativ qaz təchizatçısı qismində çıxış edir. Xəzər hövzəsində yerləşən digər ölkələrin bu kəmər vasitəsilə öz qazlarını dünya bazarına çıxarmaq imkanı da yaranıb. Bütövlükdə bu layihələr bölgə ölkələrinin bir-biriləri ilə olan siyasi və iqtisadi əlaqələriylə yanaşı, Qərb dünyası ilə də münasibətlərini gücləndirməkdədir.
Artıq həyata vəsiqə alan TANAP-ın Azərbaycan üçün faydaları daha çoxdur.
Şaxələndirmə prosesini davam etdirən Azərbaycan "Şahdəniz-2" və gələcəkdə digər yataqlardan əldə ediləcək qazın da dünya bazarlarına çıxarılmasında yeni kəmərə sahib olur;
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında üzərinə mühüm öhdəlik götürür;
Bu layihə ilə Türkiyənin və Gürcüstanın rolu artır, gəlirləri çoxalır.
İşğalçı Ermənistanın təcridolma prosesi daha da güclənir.
Azərbaycan artıq regional dövlətdir və dünya dövlətinə çevrilmək istiqamətində inkişaf edir. Cənubi Qafqazın lider dövləti və bölgə iqtisadiyyatının 80 faizinin cəmləşdiyi ölkə olaraq artıq transmilli layihələri özü maliyyələşdirir, başqa dövlətlərə sərmayə yatırır. Belə layihələri gerçəkləşdirdikcə isə Azərbaycanın:
İqtisadi
gəliri yüksəlir;
Siyasi
nüfuzu və sanbalı artır;
Asiya
ilə Avropa arasında körpü funksiyası güclənir;
Öz
sərvətlərini daha etibarlı və təhlükəsiz
dünya bazarına çıxarmaqla diversifikasiya sahəsində
yeni addımlar atır.
İnanırıq
ki, dostluğun və qardaşlığın, müdrik və
uzaqgörən siyasətin belə qələbələrinin
çox şahidi olacağıq.
Müstəqil
Azərbaycan isə qarşıya qoyduğu bütün vəzifələri
daim layiqincə həyata keçirəcəkdir!
Azərbaycan.- 2012.- 11 iyul.- S. 5.