Azərbaycan
Prezidentinin müvafiq sərəncamları ilə təltif
olunmuş mədəniyyət və incəsənət xadimlərinin
bir qrupuna mükafatlar təqdim edilmişdir
İyulun 10-da Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatları təqdim etmişdir.
Ə.Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açmış, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.
Azərbaycanın beynəlxalq musiqi festivallarına, mədəniyyət tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Ə.Qarayev Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin buna bariz nümunə olduğunu söyləmişdir.
Son bir ayda üç dövlətdə Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini vurğulayan nazir demişdir ki, müxtəlif ölkələrdə keçirilmiş silsilə tədbirlərdə bir daha milli musiqi nümunələrimiz təbliğ olunmuşdur.
Heydər Əliyev Fondu tərəfindən bu sahədə irimiqyaslı layihələrin reallaşdırıldığını diqqətə çatdıran nazir son illər ərzində mədəniyyətimizin inkişafı və təbliği istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini vurğulamışdır.
Bildirilmişdir ki, bu gün Azərbaycan teatrı və kinosu özünün yeni inkişaf yoluna qədəm qoymuşdur. Hazırda dünyanın ən təcrübəli rejissorları öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşür, eləcə də gənc mütəxəssislərimiz aparıcı dünya ölkələrində təcrübə mübadiləsində olurlar. Eyni zamanda, teatrlarımız və yeni çəkilmiş ekran əsərlərimiz bir çox beynəlxalq festivallarda, müsabiqələrdə uğurla iştirak edərək Azərbaycanın qədim ənənələrə malik teatr və kino məktəbinin tanınması və təbliğinə yeni töhfələr verirlər.
Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2012.- 11 iyul.- S. 6.