Azərbaycan nümayəndə heyəti Fransada MONEYVAL-ın 39-cu plenar iclasında iştirak etmişdir

 

Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 39-cu plenar iclası keçirilmişdir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, iclasda QKDK-nin sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

Plenar iclasın gündəliyinə Ekspertlər Komitəsi tərəfindən 2010-cu ildə MONEYVAL-a üzv ölkələrin 3-cü mərhələ qiymətləndirməsinin nəticələri əsasında hazırlanmış "horizontal icmal"a əsasən Azərbaycana təqdim olunmuş tövsiyələrin icra vəziyyətinə dair müzakirələr daxil edilmişdir.

İclasda Azərbaycan nümayəndə heyəti müvafiq istiqamətdə ölkədə həyata keçirilmiş işlərin statusuna dair hesabat təqdim etmişdir. Müzakirələrin yekunu olaraq Ekspertlər Komitəsi hökumət tərəfindən tövsiyələrin icrası istiqamətində əldə edilmiş tərəqqini nəzərə alaraq ölkəmizə qarşı tətbiq edilən formal hesabatlıq rejiminin aradan qaldırılmasına dair qərar qəbul etmişdir.

Plenar iclasın gedişində Ekspertlər Komitəsi tərəfindən Latviya Respublikasında aparılmış 4-cü mərhələ qiymətləndirmənin yekunları müzakirə edilmiş, bu əsnada Azərbaycan nümayəndə heyətinin üzvü Anar Salmanovun Komitənin Latviya üzrə hüquqi məsələlərə dair qiymətləndiricisi qismində hazırladığı hesabat da müzakirə olunaraq qəbul edilmişdir.

Gündəliyə müvafiq olaraq növbəti 40-cı iclasda tərəqqi hesabatları dinləniləcək ölkələrin siyahısı da təsdiq edilmiş, Azərbaycan Moldovanın 2-ci tərəqqi hesabatı üzrə hüquq məsələlərinə dair məruzəçi ölkə təyin edilmişdir.

Bundan əlavə, gündəliyə uyğun olaraq MONEYVAL-a üzv olan bir sıra dövlətlərin birgə qiymətləndirmə hesabatları, tərəqqi hesabatları, habelə "xüsusi monitorinq rejimi" və "horizontal icmal" çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələri üzrə çatışmazlıqları mövcud olan ölkələrin hesabatları da müzakirə edilmişdir.

Azərbaycan nümayəndə heyəti plenar iclasın gündəliyində olan bütün məsələlərin müzakirəsində fəal iştirak etmiş və ölkəmizin maraqlarına uyğun mövqe bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 6.