BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Bakıda əlaqələndirmə ofisinin açılması ilə bağlı müzakirələr aparılmışdır

 

İyulun 10-da kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun xüsusi müşaviri Məhəmməd Ruiqinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan missiya ilə görüşmüşdür.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, missiyanın məqsədi FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılması ilə bağlı Azərbaycanın aidiyyəti dövlət qurumları ilə, eləcə də tərəflərin öhdəliklərinə dair müzakirə aparmaqdır.

Görüşdə nazir İ.Abasov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində FAO tərəfindən həyata keçirilən layihələrin, habelə bu təşkilatın mütərəqqi təcrübəsinin təqdirəlayiq olduğunu vurğulamışdır.

Nazir FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılmasının dövlət başçısı tərəfindən dəstəklənməsinin ölkəmizin aqrar sahədə beynəlxalq qurumlarla, o cümlədən FAO ilə əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirmişdir.

Məhəmməd Ruiqi öz növbəsində FAO-nun Bakıda əlaqələndirmə ofisinin açılması təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsinin ölkəmizin qlobal ərzaq təhlükəsizliyi üzrə səylərə verəcəyi töhfə kimi qiymətləndirmişdir.

O, həmçinin ofisin açılması ilə bağlı ilkin müsbət qərar olacağı təqdirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün digər ölkələrdə əlaqələndirmə ofislərin fəaliyyəti və prinsipi ilə tanış olmaq məqsədi ilə səfərlərin təşkil edilməsinin mümkünlüyünü vurğulamışdır.

Məhəmməd Ruiqi təmsil etdiyi qurumun Bakıda ofisin açılması ilə bağlı işlərin cari ilin sonunadək yekunlaşdırılması niyyətində olduğunu bildirmişdir.

Görüşdə maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 6.