ARDNŞ-də İspaniya nümayəndə heyəti ilə
görüş olmuşdur
İyulun 10-da ARDNŞ-in Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de Benito Secadesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
Qonaqları səmimi salamlayan və İspaniya milli futbol komandasının Avropa çempionatında inamlı qələbəsi münasibətilə təbrik edən Rövnəq Abdullayev bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanın enerji sektorunda son dövrdə qazanılmış nailiyyətləri haqda qonaqlara ətraflı məlumat vermiş, yüz faiz dövlət şirkəti olan ARDNŞ-in ölkə daxilində və xaricdə həyata keçirdiyi irihəcmli mühüm layihələrdən söz açmışdır. Səmimi qəbul və təbrik üçün minnətdarlığını bildirən İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de Benito Secades Azərbaycana səfərini ARDNŞ-dən başlamasından məmnunluğunu ifadə etmişdir. O qeyd etmişdir ki, İspaniyada ARDNŞ-in həyata keçirdiyi neft-qaz əməliyyatlarını diqqətlə izləyir və yüksək dəyərləndirirlər. Nümayəndə heyətini ARDNŞ rəhbərliyinə təqdim edən qonaq Azərbaycanda xarici şirkətlərlə əməkdaşlıq üçün əlverişli şərait yarandığını söyləmiş və ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən ispan şirkətləri haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, İspaniya hökuməti bu ölkəni təmsil edən təcrübəli şirkətlərin ARDNŞ-in ölkə daxilində və xaricdə həyata keçirməyə başladığı layihələrdə iştirak etmələrində maraqlıdır. Azərbaycanda xarici investisiyaların təşviqi və qorunması sahəsində möhkəm hüquqi baza və zəngin təcrübə yarandığını qeyd edən ARDNŞ prezidenti R.Abdullayev ölkəmizin milli maraqlar və iqtisadi səmərəlilik prinsipi əsasında bütün ciddi şirkətlərlə əməkdaşlıq etməyə hazır olduğunu vurğulamış və bildirmişdir ki, İspaniya şirkətləri tərəfindən təqdim olunan təkliflər də diqqətlə nəzərdən keçiriləcəkdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 11 iyul.- S. 6.