“Kirpi” satirik jurnalının nəşrə
başlamasının 60 ili tamam olmuşdur
İyulun 10-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda bu mədəniyyət ocağının təşkilatçılığı ilə "Kirpi" satirik jurnalının nəşrə başlamasının 60 illiyinə həsr olunmuş tədbir və sərgi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov və "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov çıxış edərək dərginin əhəmiyyəti və mahiyyəti haqqında söhbət açmışlar. Bildirilmişdir ki, zəngin ənənələrə malik karikatura janrı Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçmişdir. Dövri mətbuatda, xüsusilə satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə təxminən XIX əsrin ortalarında təsadüf edilir.
Lakin ötən əsrin 30-cu illərində "Molla Nəsrəddin" jurnalı fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanda satirik jurnal qalmamışdır. Bu istiqamətdə 1952-ci ildən nəşr olunmağa başlayan "Kirpi" jurnalı dahi Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının ənənələrinə sadiq qalmağı qarşısına məqsəd qoymuşdur.
Jurnal mətbuatda Kommunist Partiyasının ideologiyası, siyasəti təbliğ olunduğu bir dövrdə öz kəskin yazıları, felyetonları, karikaturaları ilə tez bir zamanda sevilməyə başlamışdır. Onun nəşrə başlanması dövrün, zamanın tələbi olmuş və jurnal müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilmişdir.
Dərgi sovet hakimiyyəti illərində öz cürətli çıxışları ilə cəmiyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks etdirmişdir. "Kirpi" jurnalının çap olunması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir.
Qeyd olunmuşdur ki, bu mətbu orqanda Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, publisist və yazıçıları fəaliyyət göstərmişlər. Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Rəhimov, Əli Vəliyev və başqa görkəmli sənətkarlar öz satirik yazıları ilə oxucularla bilavasitə "Kirpi" jurnalı vasitəsilə görüşmüşlər.
Burada, həmçinin Əzim Əzimzadə məktəbini davam etdirən Nəcəfqulu İsmayılov, Tahir Salahov, Oqtay Sadıqzadə, Güllü Mustafayeva, Hüseyn Əliyev, Ziya Kərimbəyli, Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikatura ustalarımız yetişmişdir.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Hüseynova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Əsəd Quliyev, xalq rəssamı Arif Hüseynov və digərləri "Kirpi" jurnalının kollektivini 60 illik yubileyi münasibətilə təbrik etmiş və onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda jurnalın 60 illik fəaliyyətinə həsr olunmuş sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilmişdir.
Sərgi və yubiley
münasibətilə nəşr olunmuş
jurnalın xüsusi
buraxılışı iştirakçılar tərəfindən
maraqla qarşılanmışdır.
Azərbaycan.- 2012.- 11 iyul.- S. 6.