Mustafa Məmmədzadə Sofiyadan qızıl medalla qayıtdı

 

"Dövlət himnimizi eşidəndə necə qürur hissi keçirdiyimi sözlə ifadə etmək çox çətindir"

 

 Bu gün Azərbaycanda idmanın inkişafına, Olimpiya hərəkatına böyük diqqət göstərilir. İdmanın maddi-texniki bazası gücləndirilir, ölkəmizin müxtəlif bölgələrində yeni müasir idman qurğuları, Olimpiya kompleksləri inşa edilir. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlardan, Olimpiya oyunlarından, dünyaAvropa çempionatlarından Vətənə qələbə ilə qayıdırlar. Əlbəttə, hər bir vətəndaş ölkəsini müxtəlif idman yarışlarında təmsil edən idmançılardan yalnız qələbə gözləyir, bayrağının yüksəlməsini, himninin səslənməsini arzulayır. İnsanlara bu sevinci yaşadan idmançılar xalqın sevimlisinə çevrilir, cəmiyyətdə böyük rəğbətlə qarşılanırlar.

Azərbaycanda idmançılar dövlət qayğısı ilə hərtərəfli əhatə olunurlar. Uğurlu idman siyasətinin nəticəsidir ki, idmançılarımız dünyanın idman ictimaiyyəti tərəfindən əsas rəqib kimi qarşılanırlar. Son illər ölkədə idmanla məşğul olanların sayının əhəmiyyətli dərəcədə artması, respublikada dünyaAvropa miqyaslı turnirlərin təşkili, gənc nəslin bədən tərbiyəsinə marağının artması Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət strategiyasının nəticəsidir.

Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlərə görədir ki, beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarca Olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və qitə çempionatları keçirilir. İdmançılarımız da öz qələbələri ilə daim ölkəmizin idman şöhrətini uca tutur, qazandıqları qələbələrlə xalqımızı sevindirirlər.

Belə xoş xəbərlərdən biri də Bolqarıstandan gəldi. Həmin ölkənin paytaxtı Sofiyada Şərq əlbəyaxa döyüş növlərinin Olimpiadası keçirildi. Komandamız mötəbər yarışa Kunq-fu Federasiyasının vitse-prezidenti Faiq Həsənovun rəhbərliyi altında iki nəfər idmançı ilə qatılmışdı. Turnirdə uğurla çıxış edən millimiz ən yüksək nəticə göstərərək 2 qızıl medalla Vətənə qayıtmışdır. Hər iki idmançı - Mustafa Məmmədzadə (90 kq) uşu-sandanın non-kontakt, Fərid Mayılov (75 kq) isə uşu-sandanın layt-sanda növündə keçirilmiş ölkədaxili turnirlərdə daha uğurla çıxış edərək bu yarışa lisenziya əldə etmişdilər.

Yığmamızın heyətində çempion olan idmançılardan Mustafa Məmmədzadə ilə görüşüb söhbət etdik. Videogörüntülərdən izlədiyimiz qədəri ilə Mustafa  nümayiş etdirdiyi döyüşlərlə bütün diqqəti özünə çəkmişdi. O, dörddəbir finalda rumıniyalı, yarımfinalda portuqaliyalı, finalda isə italiyalı  idmançını məğlub edərək dünya çempionu adını qazanmışdır. Xatırladaq ki, Mustafa buna kimi dəfələrlə ölkə çempionu olmuş, bir sıra beynəlxalq turnirlərin, Avropadünya çempionatlarının qalibi kimi yüksək pillələri tutmuşdur.

Mustafa söhbət zamanı qeyd etdi ki, çempionluq sevincini yaşamaq hər bir idmançının ən böyük arzusudur, çünki bayrağımız yüksəklikdə dalğalanır, dövlətimizin himni səslənir: "Bu turnir başqa çempionatlara nisbətən çox çətin keçdi. Demək olar ki, dünyanın ən güclü döyüşçüləri Olimpiadada mübarizə aparırdılar. Sevinirəm ki, bu çətin və məsuliyyətli yarışda qalib gələrək Azərbaycanın üçrəngli bayrağını yüksəkliyə qaldırıb Vətənə çempion kimi qayıtdım. Təsəvvür edin ki, dövlətin himni yalnız iki halda - bir dövlət başçılarının şərəfinə səsləndirilir, onun şərəfinə dövlət bayrağı dalğalandırılır, bir də idmançı beynəlxalq yarışlarda qalib gələrkən. İdmançı öz himnini eşidəndə, onun qələbəsi şərəfinə qaldırılan dövlət bayrağını görəndə, necə qürur hissi keçirdiyini sözlə ifadə etmək çox çətindir. Vətən üçün bundan böyük şərəf və qürur ola bilərmi? Hər bir gəncimizə belə şərəfli anları yaşamağı arzu edirəm. Bu nailiyyətlərin qazanılmasında böyük rolu olan baş məşqçimiz Babək Əliyevə minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qazandığımız  uğurlarda bizə maddi və mənəvi  dəstək olan Mübariz Ağayevə, Bakı Texniki Kollecinin direktoru Ramazan Məmmədova dərin təşəkkürümü çatdırıram. Bir məqamı da qeyd etmək istərdim ki, ölkəmizin idmançılarının beynəlxalq miqyaslı yarışlarda uğurlu nəticələr qazanması üçün "Sərhədçi" Olimpiya Kompleksinin rəhbərliyi hər zaman bizə yaxından dəstək olur. Ümumiyyətlə, Azərbaycanda həm ölkə rəhbərliyi, həm də ictimaiyyət tərəfindən idmançılara  göstərilən böyük hörmət, xüsusi qayğı və dəstək idmanın kütləvi xarakter almasında həlledici rol oynayır".

İnanırıq ki, Mustafa Məmmədzadənin timsalında bütün idmançılarımız növbəti beynəlxalq turnirlərdən də qələbə ilə qayıdaraq xalqımızı yenidən sevindirəcəklər.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 11 iyul.- S. 7.