ABŞ-ın
Merilənd ştatında “Azərbaycan Əyləncə
Günü” böyük maraqla
qarşılanmışdır
Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu tərəfindən ABŞ-ın Merilənd ştatında "Azərbaycan Əyləncə Günü" təşkil edilmişdir.
Müxtəlif nəslin nümayəndələri üçün nəzərdə tutulan proqram zamanı amerikalı mədəniyyətsevərlər Azərbaycanın zəngin etnoirsini əks etdirən bir neçə guşə ilə tanış olmuş, Qarabağ Fondunun Azərbaycan mənşəli gənc könüllüləri ilə onların doğma vətənləri barədə söhbət etmək imkanı əldə etmişlər.
"Əyləncə Günü"nün iştirakçıları xalçalarımızdan və musiqi ənənələrimizdən bəhs edən sənədli filmlərə baxmış, Azərbaycan xalçaçılıq məktəbində istifadə edilən əsas ilmələr, milli musiqi alətləri, Bakının tarixi abidələri, o cümlədən məşhur Qız qalasının tarixçəsi barədə söhbətləri dinləmişlər. Qarabağ Fondunun könüllüsü, peşəkar rəqqas Şahin Ələkbərov isə "Əyləncə Günü"nün qonaqlarına Azərbaycan milli rəqslərinin əsas hərəkətlərini nümayiş etdirmiş, gözəl rəqs ifasından sonra hamını milli birlik rəqsimiz olan "Yallı"ya dəvət etmişdir.
Amerika Muğam Cəmiyyətinin təsisçisi Cefri Verbokun muğam musiqisinin tarixi və özəllikləri barədə mühazirəsi amerikalılar tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Onlar milli alətlərimizlə bağlı çoxsaylı sual verərək musiqiçidən təkrarən muğam parçalarını ifa etməyi xahiş etmişlər.
"Azərbaycan Əyləncə Günü"ndə iştirak edən Merilənd ştatının Montqomeri dairəsinin icra başçısı Ayza Legget Amerika cəmiyyətinin mədəni müxtəlifliyini vurğulayaraq bu cür tədbirlərin xalqlar arasında körpülər qurduğunu diqqətə çatdırmışdır. O, Qarabağ Fonduna belə təşəbbüslə çıxış edərək çoxsaylı etnik mənşəli insanlar arasında mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı gücləndirdiyinə görə minnətdarlığını bildirmişdir.
Şəfəq
AKİFQIZI
Azərbaycan.- 2012.- 11 iyul.- S. 7.