Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilmişdir
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin
giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü toplantısı ilin
altı ayının sosial-iqtisadi yekunlarına həsr
edilmişdir.
Bu toplantılar ənənəvi xarakter
daşıyır. Keçən dəfə ilin birinci
rübünə yekun vuraraq qeyd edildi ki, 2012-ci il
Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu
il olacaqdır. İlin birinci ayları iqtisadi cəhətdən
çox müsbət idi və bu, bizə imkan verirdi ki,
ümumiyyətlə, 2012-ci ili Azərbaycan
iqtisadiyyatı üçün növbəti uğurlu il kimi
qiymətləndirək.
Altı ayın yekunları bu fikirləri bir daha təsdiqləyir. Çünki
altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf
etmiş və qarşıda duran bütün vəzifələr
icra edilmişdir. Ümumi daxili məhsul 1,5
faiz artmışdır. Bu rəqəm əvvəlki
dövrlərlə müqayisədə o qədər də
böyük rəqəm deyildir. Ancaq
ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir
faizin daha da böyük qiyməti və dəyəri
vardır. Onu qeyd edə bilərəm ki, iqtisadiyyatın
hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və
iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir
ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə
ölkədə 1 milyard dollar dəyərində çox məhsul
istehsal edilmişdir.
Ancaq bizi daha çox sevindirən qeyri-neft
iqtisadiyyatımızın inkişafı olmuşdur. Bu, demək olar ki, iqtisadi
siyasətimizin əsas istiqamətidir və altı ayda
qeyri-neft iqtisadiyyatımız 11,3 faiz
artmışdır. Bu, hesab edirəm ki,
dünya miqyasında ən yüksək göstəricidir.
Ümumi iqtisadiyyatımızın cəmi 1,5
faiz artımının səbəbi ondan ibarətdir kİ,
neft hasilatında müəyyən dərəcədə
azalma müşahidə edilir. Nəzərə
alsaq ki, neft sektoru iqtisadiyyatımızın böyük hissəsini
təşkil edir, əlbəttə, bu azalma istər-istəməz
ümumi göstəricilərə də təsir göstərir.
Ancaq biz bundan sonrakı illərdə də əsas
diqqətimizi qeyri-neft iqtisadiyyatımızın
inkişafına yönəldəcəyik və ilin altı
ayının yekunları Azərbaycanda aparılan
islahatların məntiqi nəticəsidir. Sənaye
istehsalının ümumi həcmi 3 faiz azalmışdır.
Bunun da səbəbi neft hasilatının
aşağı düşməsi olmuşdur. Ancaq
qeyri-neft sənayemizin inkişafı 8,3
faiz səviyyəsindədir. Bu da son illər ərzində
sənayeləşmə proqramının icrasının nəticəsidir.
Ölkəmizin müxtəlif bölgələrində,
Bakı şəhərində yeni böyük və
kiçik müəssisələr işə
düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı
uğurla icra edilir. Növbəti illərdə
bu məsələyə daim diqqət göstəriləcəkdir.
Bu il və gələn illərdə yeni sənaye
müəssisələrinin işə düşməsi
qeyri-neft sektorumuzu daha da gücləndirəcəkdir.
Birinci
üç ayda investisiyalar 4,3 milyard dollar
təşkil etmişdir. Hələ ki, altı
ayın investisiya rəqəmləri hesablanır və bu da
müsbət göstəricidir. Keçən
illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan
investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin
sonuna qədər bu templə işləsək və mən
hesab edirəm ki, temp daha da yüksək olmalıdır, - təqribən
18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq. Bu da əhalisi o qədər çox olmayan Azərbaycan
kimi ölkə üçün böyük rəqəmdir.
Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq
investisiyalar qoyulur, növbəti illərdə ölkə
qarşısında duran bütün infrastruktur və sosial məsələlər
öz həllini tapacaqdır.
Makroiqtisadi vəziyyət çox müsbətdir,
sabitdir.
İnflyasiya cəmi 2,2 faizdir. İstehlak bazarına, qiymətlərə daim diqqət
göstərilir. Əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Yəni,
inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz
fərq vardır. Bu da real gəlirlərin
nə qədər yüksək templərlə artmasına dəlalət
edir.
Altı
ayda kənd təsərrüfatı 10,4 faiz
artmışdır. Hesab edirəm ki, bu da son illər
üçün rekord göstəricidir. Biz
bu göstəricini gəzləyirdik, bilirdik. Çünki son müddət ərzində kənd
təsərrüfatının inkişafına göstərilən
diqqət, qoyulan investisiyalar, aparılan islahatlar məhsuldarlığı
artırır. Dövriyyəyə
buraxılan və buraxılacaq yeni əkin sahələri əlbəttə
ki, gələcək illərdə də kənd təsərrüfatının
inkişafına daha da böyük təkan verəcəkdir.
Yəni, əsas iqtisadi göstəricilər bundan ibarətdir. Bu gün əlbəttə,
bu barədə daha da geniş danışacağıq, məlumatlar
veriləcəkdir. Ancaq ilin altı ayı onu göstərir
ki, 2012-ci il də ölkə
iqtisadiyyatı üçün uğurlu il olacaqdır. Keçən rübdə əfsuslar olsun ki, biz yenidən
təbii fəlakətlə üzləşmişdik.
Şimal-qərb bölgəsində güclü zəlzələ baş
vermişdir, minlərlə ev uçub
dağılmışdır, yararsız vəziyyətə
düşmüşdür, məktəblər, tibb
ocaqları, sosial infrastruktur dağılmışdır. Ancaq operativ tədbirlərin görülməsi nəticəsində
bu böyük zəlzələnin fəsadları aradan
qaldırılır. Operativ qaydada ehtiyat
fondundan və dövlət büdcəsindən əlavə vəsaitin
ayrılması məsələləri də öz həllini
tapmışdır. Mən zəlzələ bölgəsində
vəziyyətlə tanış olarkən sakinlərə
bildirdim ki, qısa müddət ərzində onlar
üçün daha da gözəl evlər tikiləcək,
bütün sosial infrastruktur yenilənəcək, tikiləcək
və onların yaşayış şəraiti daha da
yaxşı olacaqdır.
Yəni, birinci dəfə deyil ki, biz təbii fəlakətlərlə
üzləşirik. İki il əvvəl böyük
daşqına məruz qaldıq. O, sınaqdan da şərəflə
çıxdıq. Minlərlə ev
tikilmişdir, kompensasiya ödənilmişdir və bu proses hələ
də davam edir. Əlavə vəsaitin
ayrılmasına da biz müsbət baxdıq. Zəlzələ bölgəsində də eyni
yanaşma tətbiq olundu. Çünki ilk
növbədə, biz Azərbaycan vətəndaşlarının
normal, rahat yaşamasına çalışmalıyıq və
bütün evlər dövlət hesabına yenidən tikiləcəkdir.
Mən daşqından sonrakı dövrdə bu məsələ
ilə bağlı fikirlərimi bildirmişdim, bir daha demək
istəyirəm ki, inkişaf etmiş ölkələrdə
dövlət öz üzərinə bu maliyyə öhdəliyini
götürmür. Çünki orada bütün evlər
sığortalanıb. Hər bir vətəndaş
öz evini gedib sığorta şirkətində
sığortalayır və təbii fəlakət baş
verdikdə sığorta şirkəti kompensasiyanı ödəyir.
Bizdə əlbəttə ki, vəziyyət fərqlidir.
Ancaq biz çalışmalıyıq ki, bu
sığorta sisteminə keçidi daha da sürətləndirək.
Amma hələ ki, bu, mümkün deyildir.
Dövlət bu vəzifəni öz üzərinə
götürür.
Onu da deyə bilərəm ki, dünyada çox nadir
hallarda belə məsələyə rast gəlmək olar ki,
dövlət bütün maliyyə texniki yükünü
tamamilə, yəni, 100 faiz öz üzərinə
götürür. Ancaq bu bizim siyasətimizin əsas istiqamətlərindən
biridir. Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, yeni tikiləcək evlər, məktəblər,
sosial-infrastruktur əvvəlkindən qat-qat keyfiyyətli və
rahat olacaqdır.
Keçən
rübdə Bakının və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair dövlət proqramının birinci ilinə yekun vuruldu,
geniş müşavirə keçirildi. Birinci ildə
görülən işlər təhlil edildi, gələn il üçün qarşıya vəzifələr
qoyuldu. Bütövlükdə bir il ərzində
Bakıda və onun qəsəbələrində çox
böyük quruculuq və abadlıq işləri
aparılıb. Bu işlər davam edir. Yaxın zamanlarda biz bu işlərin məntiqi, yəni,
real nəticələrini görəcəyik. Onlarla məktəb tikilir, bərpa edilir. Uşaq bağçaları, tibb ocaqları tikilir,
yollar salınır, qazlaşdırma prosesi gedir. Su, kanalizasiya layihələri icra edilir. Bakı qəsəbələrində, ümumiyyətlə,
heç vaxt kanalizasiya sistemi olmamışdır. Qəsəbədaxili yollar tikilir. Yəni, biz bu məsələyə
kompleks şəkildə yanaşmışıq. Eyni zamanda, qəsəbələrdə
yeni iş yerlərinin açılması məsələləri
də öz həllini tapır. Bakı qəsəbələrində
fəaliyyət göstərən iş adamlarına da
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
güzəştli kreditlərin verilməsi prosesi
başlanmışdır. Beləliklə, əminəm
ki, gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinə
dair ikinci dövlət proqramı uğurla icra ediləcəkdir.
Bununla bərabər, bölgələrdə regional
inkişaf proqramı icra edilir. Ötən dövr ərzində, yəni,
ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır
ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam edir və bu, təbiidir.
Çünki demək olar ki, Azərbaycanda hər
həftə yeni müəssisə, yeni fabrik və yeni zavod
tikilir, insanların məşğulluğu artır. Eyni zamanda, əmək bazarına nəzarət daha
da güclü olmalıdır. Bu məsələ
ilə bağlı müvafiq göstərişlər
verilmişdir. Əfsuslar olsun ki, Azərbaycanda
hələ də bu sahədə dəqiq sistem tətbiq edilməyibdir.
Gizli məşğulluq halları kifayət qədər
çoxdur, xarici miqrantların ölkəmizə qanunsuz gəlməsi
və qanunsuz fəaliyyət göstərməsi halları
aşkarlanır və bu meyillər güclənir. Bu da təbiidir. Çünki xüsusilə,
son 4 il ərzində Avropada iqtisadi-maliyyə
böhranı davam edir, Azərbaycan nadir inkişaf templərini
nümayiş etdirir. Əlbəttə ki, buraya
gəlmək, işləmək istəyənlərin sayı
artır, Dövlət Miqrasiya Xidməti bütün lazımi
tədbirləri görür. Bu tədbirlər
daha da səmərəli olmalıdır ki, biz ilk növbədə,
Azərbaycan vətəndaşlarının əmək
bazarında işlə təmin edilməsi məsələlərinə
baxaq, onları tamamilə həll edək. Baxmayaraq ki, Azərbaycanda
işsizlik aşağı səviyyədədir, - keçən
ilin yekunlarına görə 5,4 faizdir, -
ancaq hələ də işsizlik var və bəzi hallarda bu
işsizlik reallığı əks etdirmir. Çünki
heç kəs üçün sirr deyil ki, qeydiyyata
düşməyən, amma müəyyən işlərdə,
tikintidə işləyənlər, maaş
alanlar vardır. Ancaq heç yerdə bunun
qeydiyyatı aparılmır. Yəni, belə
hallar var və müvafiq göstərişlər verilibdir ki,
bu sahədə də şəffaflıq tam şəkildə
təmin edilsin və beləliklə, ölkə büdcəsinə
daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən
pensiya fonduna. Beləliklə, bu sahədə
də qayda-qanun yaradılmalıdır, birdəfəlik və
tam şəkildə.
Regionlarda gedən quruculuq-abadlıq işləri
artıq ənənəvi xarakter daşıyır. Mən
bölgələrdə mütəmadi qaydada oluram və hər
dəfə yenilikləri görəndə çox sevinirəm.
Deyə bilərəm ki, rayonlar arasında
sağlam rəqabət gedir. Həm rayon rəhbərləri,
eyni zamanda, ictimaiyyət, əlbəttə, hər bir rayon
sakini istəyir ki, onun rayonu daha da gözəl, abad və
inkişaf etmiş olsun. Biz də bu meyilləri
gücləndiririk və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin
mütləq əksəriyyəti bölgələrin
inkişafına yönəldilibdir.
Sosial məsələlərin həlli daim diqqət mərkəzində
olmuşdur, bu gün də belədir. Bu ilin yaddaqalan əlamətlərindən
biri də sovet dövründən qalmış, yəni,
batmış əmanətlərin kompensasiyasıdır.
Yenə də demək istəyirəm ki, Azərbaycan
dövləti o əmanətlərə görə heç
bir hüquqi, yaxud da ki, mənəvi məsuliyyət və
öhdəlik daşımır. Azərbaycan
müstəqil dövlətdir. Azərbaycan
müstəqil dövlət kimi bütün öhdəliklərini
yerinə yetirir.
Ancaq nəzərə
alsaq ki, sovet dövründə 2 milyon 400 min əmanətçi
var idi və insanlar bu əmanətlərin
qaytarılmasını, kompensasiyasını gözləyirdi,
yenə də siyasətimizin sosial xarakterini və sosial ədalət
prinsiplərini daha da gücləndirmək üçün
belə qərar qəbul edildi. Deyə bilərəm
ki, postsovet məkanında ən işlək, ən səmərəli,
ən ədalətli və insanlar üçün ən məqbul
variant məhz Azərbaycanda tətbiq edilib. Həm
müddət baxımından - çünki cəmi 2 il ərzində bütün kompensasiyalar ödəniləcək,
- eyni zamanda, verilən məbləğ baxımından. Əgər biz sovet rublunu manatla deyil, dollarla
müqayisə etsək, kompensasiyalar təqribən birə-beş,
birə-altı əmsalı əsasında ödənilir.
Bu da postsovet məkanında ən yüksək əmsaldır.
Artıq proses başlanmışdır. Minlərlə,
on minlərlə insan artıq müraciət etmişdir.
Minlərlə insan öz əmanətlərini
almışdır və bu proses 2013-cü ilin sonuna qədər
başa çatmalıdır.
Yəni, bu təşəbbüs bir daha bizim niyyətimizi
göstərir ki, sosial məsələlərin həlli daim
diqqət mərkəzində olmalıdır, bazar
iqtisadiyyatı prinsipləri əlbəttə ki, bizim
üçün əsasdır. Ancaq bəzi hallarda
bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri
ilə üst-üstə düşmür. Amma Azərbaycanda hər iki vacib amil daim diqqət mərkəzindədir
və görülən tədbirlər bunun məntiqi nəticəsidir.
Ünvanlı sosial yardım proqramı icra
edilir, hər bir ailəyə verilən məbləğ 109
manat səviyyəsindədir və 143 min ailə
ünvanlı sosial yardım alır. Bu da
sosial siyasətimizi gücləndirən amildir.
Beynəlxalq mövqelərimiz son 6 ayda daha da güclənmişdir. Həm ikitərəfli
formatda, həm beynəlxalq təşkilatlardakı fəaliyyətimiz
çox uğurlu olmuşdur. İkitərəfli
əlaqələr, təmaslar güclənir, tərəfdaşlarımızın
sayı artır və indi Azərbaycan diplomatiyasının fəaliyyət
dairəsi genişlənir. Biz ənənəvi,
regional tərəfdaşlıqdan, yeni bölgələrə,
yeni qitələrə çıxırıq - Afrika, Latın
Amerikası ölkələri ilə daha da sıx əməkdaşlıq
qururuq. Bu da həm ölkəmizin yeni
statusuna uyğundur, həm ölkəmizin siyasi imicinin təzahürüdür,
eyni zamanda, bizim xarici siyasətlə bağlı fikirlərimizin
əlamətidir. Biz diplomatiyamızı
şaxələndirməliyik. Ənənəvi
tərəfdaşlarla əlbəttə ki, əlaqələrimiz
davam edir, güclənir və özümüz
üçün yeni dostlar aşkarlayırıq. Biz Qoşulmama hərəkatına üzv olduq.
Bu da düşünülmüş və
çox düzgün bir addım idi. Qoşulmama
hərəkatına üzv olduqdan sonra dərhal fəal işə
başlamışıq və qısa müddət ərzində
böyük hörmət qazana bilmişik. Latın Amerikası ölkələri ilə əlaqələrimiz
daha da güclənir və qarşılıqlı səfərlərin
keçirilməsi bunu göstərir. Eyni
zamanda, Latın Amerikasında həm siyasi, həm də
iqtisadi maraqlarımızın təmin edilməsi
üçün gözəl şərait vardır. Azərbaycan investisiyaları orada tələb olunur və
biz bu məsələyə çox diqqətlə
baxırıq. Afrika qitəsi ilə fəal
işə başlamışıq. Yəni,
bizim xarici siyasətlə bağlı fəaliyyətimiz genişlənir
və bir daha demək istəyirəm ki, bu həm
dövrün tələbidir, eyni zamanda, güclənən Azərbaycanın
xarici siyasəti daha da şaxəli olmalıdır.
Bu ilin may
ayında Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik
Şurasına sədrlik etmişdir. Bu, tarixi
hadisədir. Dünyanın bir nömrəli
təşkilatına bir ay ərzində Azərbaycan sədrlik
etmişdir və əlbəttə ki, bu dövr daim bizim
tariximizdə qalacaqdır. Azərbaycanın
artan nüfuzu, imici, imkanları, gücü bax, bu
reallıqları mümkün etmişdir. Təhlükəsizlik
Şurasının yeni üzvü kimi Azərbaycan
bütün məsələlərdə öz prinsipial
mövqeyini nümayiş etdirir və bu mötəbər təşkilata
üzv olduqda bəyan etdiyim kimi, Azərbaycan Təhlükəsizlik
Şurasında ədaləti və beynəlxalq hüququ
müdafiə edir. Təsadüfi deyil ki,
bu gün Azərbaycan dünyanın qlobal məsələləri
ilə bağlı çox fəal və geniş müzakirələr
aparır, biz dünyanın aparıcı ölkələri
ilə daim təmasdayıq və bizim prinsipial mövqeyimiz
qiymətləndirilir.
Azərbaycan
ilə dost olan ölkələrin sayı çoxdur. Bizim siyasətimizi dəstəkləyən, bəyənən
ölkələrin sayı çoxdur. BMT
Təhlükəsizlik Şurasında 155 ölkənin bizi dəstəkləməsi
bunun əyani sübutudur. Ancaq təbii ki,
hər kəsə xoş olmaq mümkün deyildir. Belə vəzifə də heç vaxt
qarşımıza qoyulmayıbdır. Bizi
istəməyən qüvvələr də, dairələr də
vardır. Ancaq hətta onlar da Azərbaycana
hörmətlə yanaşırlar. Biz bu
hörməti yenə də öz prinsipial mövqeyimizlə
qazanmışıq. Bütün dövrlərdə
bizim sözümüz də, əməlimiz də bir
olmuşdur.
Beləliklə, növbəti aylar, illər ərzində
bizim xarici siyasətlə bağlı işimiz daha da
böyük, əlaqələrimiz daha da geniş olacaqdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı prinsipial mövqeyimiz, yenə də deyirəm, ədalətə
və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü məsələləri
heç vaxt danışıqlar predmeti olmamışdır və
olmayacaqdır. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir. Məndə bu barədə heç bir şübhə
yoxdur. Danışıqlar prosesində
müəyyən durğunluq vardır. Baxmayaraq
ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin
başçıları yeni bəyanatla çıxış
etmişlər və status-kvonun qəbuledilməz olduğunu
bir daha təsdiq etmişlər. Hələ
ki, status-kvonu dəyişdirən konkret, real addımlar
atılmır. Ancaq bu,
qaçılmazdır. Status-kvo dəyişdirilməlidir.
Həm Minsk qrupunun həmsədr ölkələrinin
dövlət başçıları, Avropa İttifaqı
Şurasının prezidenti Bakıda olarkən, ATƏT
nümayəndələri, digər beynəlxalq təşkilatlar
və siyasətçilər status-kvonun qəbuledilməz
olduğunu dəfələrlə bəyan edirlər. Bu, çox dəyərli bəyanatdır. Status-kvonun dəyişdirilməsi işğal
edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin
çıxarılması deməkdir. Bu
işğalçı qüvvələr işğal
edilmiş torpaqlardan çıxdıqca əlbəttə ki,
danışıqlar prosesində də müsbət meyillər
daha da güclənəcək və bu məsələ tezliklə
öz həllini tapacaqdır.
Ancaq bütün siyasi və diplomatik səylərlə
yanaşı, şübhəsiz ki, biz öz hərbi qüdrətimizi
artırırıq, gücləndiririk. Güclü
ordu yaratmışıq və yaradırıq. Güclü ordu danışıqlarda bizim
mövqeyimizi böyük dərəcədə gücləndirir.
Azərbaycanın iqtisadi imkanları genişlənir.
Azərbaycan nəinki bölgədə,
dünya miqyasında güclü ölkəyə
çevrilir. Əlbəttə ki, bizim
iqtisadi və maliyyə, eyni zamanda, siyasi resurslarımız məsələnin
ədalətli, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
gətirib çıxaracaqdır. Bizim həm
iqtisadiyyatımız, həm valyuta ehtiyatlarımız, həm
də əhalimiz artır. Son məlumata görə,
artıq Azərbaycanın əhalisi 9,3
milyon nəfərə çatmışdır. Ermənistana
gəldikdə, ancaq onların rəsmi statistikasına görə
ilin birinci beş ayında 80 min nəfər
o ölkəni həmişəlik tərk etmişdir. İlin sonuna qədər bu rəqəm təqribən
170, 200 minə çatacaqdır. Beləliklə,
bir neçə ildən sonra ümumiyyətlə, demoqrafik vəziyyət
həlledici məqama çevriləcəkdir. Təsadüfi deyildir ki, son
çıxışlarımda mən bu məsələyə
xüsusilə diqqət yetirirəm. Azərbaycanda
demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii
artım vardır. Ancaq hesab edirəm ki, bu
artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin
artımını təmin etmək üçün yəqin
ki, əlavə tədbirlər görülməlidir.
İqtisadiyyatımız, sənaye gücümüz,
maliyyə imkanlarımız, imkan verəcək ki, biz indiki səviyyədən
iki dəfə çox əhalini işlə təmin edək
və bütün şəraiti yaradaq.
Əlbəttə ki, bu, olacaqdır. Bu gün 9,3
milyondur. Bir neçə ildən sonra olacaq 15
milyon, 20 milyon. Yəni, bu proses gedir və gedəcəkdir.
Biz indidən müəyyən əlavə tədbirlərin
görülməsi ilə bu prosesi daha da
stimullaşdırmalıyıq.
Ermənistana gəldikdə, bəlkə də Ermənistan
rəhbərləri sevinir ki, əhali azalır. Çünki orada nə
iş yerləri, nə pul, nə iqtisadiyyat, nə sənaye, nə
də heç bir perspektiv yoxdur. Əhali nə
qədər azalsa, hökumətin üzərinə
düşən yük də o qədər azalır. Bu, bir yanaşmadır.
Bizim yanaşmamız tam başqadır. Bizim
iqtisadiyyatımız, sənaye gücümüz və siyasi
iradəmiz diktə edir ki, Azərbaycan əhalisi daha da
artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsinin həlli
üçün lazımdır - bu məsələni biz həll
edəcəyik və Azərbaycan bayrağını Xankəndidə
qaldıracağıq - bu, ümumiyyətlə, gələcək
üçün lazımdır. Çünki
bu gün dünyada əfsuslar olsun ki, bir çox hallarda beynəlxalq
hüquq normaları işləmir. Beynəlxalq
hüquq normalarına məhəl qoyulmur. Güc
amili ön plana çıxır. Bu, əslində,
ötən əsrlər üçün xas olan bir mənzərə
idi. Sadəcə olaraq İkinci dünya
müharibəsindən sonra - dünyanın yeni quruluşu,
yeni qaydaları tətbiq olunduqdan sonra beynəlxalq hüquq
normaları əsas kimi qəbul edildi və bu gün də bu,
belədir. Ancaq tendensiyalara və bölgədə,
dünyada gedən proseslərə baxdıqda biz
görürük ki, bəzi hallarda beynəlxalq hüquq
normalarına kobudcasına zidd olan addımlar atılır,
güc amili ön plana çıxır. Güclü
kimdir, haqlı da odur. Bu, bizim seçimimiz
deyildir, amma əfsuslar olsun ki, dünyada gedən proseslər
bunu göstərir. Güclü olmaq
üçün güclü iqtisadiyyat, hərbi sənaye
potensialı və böyük əhali lazımdır. Ona görə biz bu məsələ ilə
bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii
xarakter alırdı. Sadəcə olaraq,
ölkə iqtisadiyyatı artdıqca təbii artım da, necə
deyərlər, daha da sürətli idi. Biz
statistik rəqəmlərdə bunu görürük.
Son illər ərzində doğulan uşaqların sayı
daha da çoxdur, nəinki 10-15 il bundan əvvəl.
Yəni, bu, iqtisadi və sosial amillərlə
birbaşa bağlı olan məsələdir. Ancaq yenə də deyirəm, biz bu məsələyə
yeni prizmadan yanaşmalıyıq. Azərbaycan
əhalisi daha da sürətlə artmalıdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə,
onu da qeyd etmək istəyirəm ki, son müddət ərzində
Xocalı soyqırımını soyqırımı kimi
tanıtdırmaq üçün biz - həm dövlət,
hökumət, diplomatiyamız, ictimai təşkilatlar, diaspor
təşkilatlarımız çox böyük işlər
görmüşük. Bu, çox vacib və
çox önəmli məsələdir. Artıq
üç ölkə - Kolumbiya, Meksika və Pakistan Xocalı
soyqırımını soyqırımı kimi rəsmi
qaydada qəbul etmişdir. Əminəm ki, bu proses davam
etdirilməlidir və etdiriləcəkdir. Həm
səfirliklərimiz, əlbəttə ki, dövlət
qurumları, ictimai təşkilatlar bu məsələ ilə
bağlı öz səylərini davam etdirəcəklər.
Getdikcə Xocalı soyqırımını
soyqırımı kimi tanıyan ölkələrin sayı
daha da çoxalacaqdır.
Biz, yenə
də deyirəm, bu ilin altı ayının yekunlarını
müzakirə edərkən deyə bilərik ki, 2012-ci il bütövlükdə Azərbaycan
iqtisadiyyatı üçün çox uğurlu il kimi tarixdə
qalacaqdır. Çünki bu ildə
böyük infrastruktur layihələri icra edilir. Azərbaycanın siyasi gücü böyük dərəcədə
artıb. BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz həqiqətən, tarixi
hadisədir. Müstəqilliyimizin bərpasının
20 illiyinə təsadüf edən bu hadisə rəmzi xarakter
daşıyır. Əlbəttə, biz bu
gün ilin sonuna qədər görüləcək işlər
haqqında danışacağıq, müvafiq göstərişlər
veriləcəkdir. Artıq biz 2013-cü
ildə görüləcək işlər haqqında fikirləşirik,
fikirləşməliyik. Hesab edirəm ki,
müsbət dinamika ilin sonuna qədər davam edəcək və
ölkə iqtisadiyyatı daha da inkişaf edəcəkdir.
İndi isə keçək müzakirələrə. Söz verilir
maliyyə naziri Samir Şərifova.
* * *
Maliyyə
naziri Samir ŞƏRİFOV Prezident İlham Əliyevin rəhbərliyi
ilə son altı ayda ölkədə aparılan uğurlu
sosial-iqtisadi siyasət nəticəsində makroiqtisadi
dayanıqlığın qorunması və iqtisadiyyatın
neft sektorundan asılılığını azaltmaq istiqamətində
mühüm işlərin görüldüyünü dedi.
Dövlət büdcəsinin artım dinamikasının bu
ilin altı ayında xüsusilə nəzərəçarpan
olduğunu vurğulayan nazir bildirdi:
- Bu
müddət ərzində dövlət büdcəsinin mədaxili
8 milyard 134 milyon manat və ya 106,2 faiz yerinə
yetirilməklə ötən ilin eyni dövrü ilə
müqayisədə 45,0 faiz çox olmuşdur.
Təsdiq
olunmuş proqnoza Vergilər Nazirliyi 116,0 faiz əməl
etmişdir, yəni, büdcəyə 2 milyard 968 milyon manat,
ötən ilin eyni dövrünə nisbətən isə
405,0 milyon manat və ya 15,8 faiz çox vəsait təmin
etmişdir.
Həmin
vəsaitin 55,0 faizi və ya 1 milyard 633
milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına
düşür ki, bu da 2011-ci ilin müvafiq dövrünə
nisbətən 222 milyon manat və yaxud 15,8 faiz çoxdur.
Dövlət
Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə
557,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz
çoxdur.
Dövlət
Neft Fondundan büdcəyə 4 milyard 592 milyon manat vəsait
transfer edilmişdir.
Sair
daxilolmalar üzrə büdcəyə 17,0
milyon manat vəsait təmin edilmişdir.
Cari ilin
altı ayında dövlət büdcəsinin xərcləri
proqnoza nisbətən 91,4 faiz və ya 7 milyard 110 milyon manat,
ötən ilin eyni dövrü ilə müqayisədə isə
2 milyard 227 milyon manat və ya 45,6 faiz çox icra
olunmuşdur.
Xərclərin
funksional təsnifatına uyğun olaraq cari ilin altı
ayında ötən ilin eyni dövrü ilə müqayisədə
investisiya xərclərinə 1,9 dəfə, iqtisadi fəaliyyətlə
bağlı xərclərə 42,8 faiz, sosial müdafiə və
sosial təminat xərclərinə 42,1 faiz, müdafiə xərclərinə
41,6 faiz, mədəniyyət, incəsənət, informasiya və
bədən tərbiyəsi xərclərinə 36,9 faiz, məhkəmə
hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə
28,0 faiz, nəqliyyat və rabitə xərclərinə 19,4
faiz, səhiyyə xərclərinə 16,2 faiz, kənd təsərrüfatı,
meşə təsərrüfatı,
balıqçılıq, ovçuluq və ətraf mühitin
mühafizəsi xərclərinə 6,3 faiz vəsait yönəldilmişdir.
İqtisadi
təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində
dövlət büdcəsinə daxil olan vəsaitin 32,3 faizi və ya 2 milyard 300 milyon manatı sosial
təyinatlı xərclərin maliyyələşdirilməsinə
yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə
müqayisədə 370,0 milyon manat və ya 19,2 faiz çox
olmuşdur.
Cari ilin
altı ayında investisiya xərclərindən elm, təhsil,
səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni
və məişət təyinatlı obyektlərin tikintisinə
və yenidən qurulmasına 514,0 milyon
manat vəsait istifadə
olunmuşdur.
Ölkənin
əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal,
meliorasiya infrastrukturların tikintisi və yenidən
qurulması üçün 1 milyard 476,0 milyon manat, o cümlədən
yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən
qurulması üçün 405,0 milyon manat, "Bakı
Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair
Dövlət Proqramı"nın icrası üçün
118,0 milyon manat, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində
nəzərdə tutulmuş tədbirlərə 150,0 milyon
manat, su təchizatı və kanalizasiya sisteminin bərpası
və yenidən qurulması üçün "Azərsu"
Açıq Səhmdar Cəmiyyətinə 154,0 milyon manat,
torpaqların su təminatı və meliorativ vəziyyətinin
yaxşılaşdırılması tədbirləri
üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"
Acıq Səhmdar Cəmiyyətinə 156,0 milyon manat vəsait
yönəldilmişdir.
Altı
ayda dövlət büdcəsinin əsaslı vəsait
qoyuluşu xərclərindən Naxçıvan Muxtar
Respublikasında həyata keçirilən investisiya layihələrinin
maliyyələşdirilməsi üçün 118,0 milyon
manat, o cümlədən Arpaçay və Ordubad su elektrik
stansiyalarının tikintisinə üst-üstə 29,0 milyon
manat, Naxçıvan şəhərinin və yeddi rayonun su təchizatı
və kanalizasiya sisteminin tikintisinə 44,0 milyon manat, Naxçıvan-Culfa avtomobil
yolunun yenidən qurulmasına 13,0 milyon manat vəsait sərf
edilmişdir.
Dövlət
büdcəsindən ayrılmış investisiya xərcləri
ilə yanaşı, ölkəmizdə yol, su təchizatı
və meliorasiya, kənd təsərrüfatı, sosial və
digər infrastrukturların tikintisi və yenidən
qurulması üçün Azərbaycan hökuməti tərəfindən
xaricdən cəlb olunmuş kreditlər hesabına 348,0 milyon
manat məbləğində vəsait istifadə edilmişdir.
Son
altı ayda Prezidentin Ehtiyat Fondundan müxtəlif şəhər
və rayonlarda bir sıra sosial və infrastruktur layihələrinin
həyata keçirilməsinə 133 milyon manat vəsaitin
ayrıldığını, son iki ildə kəndlərarası
yolların təmirinə 215 milyon manat vəsaitin xərcləndiyini
bildirən maliyyə naziri dedi:
- Hesabat
dövründə dövlət büdcəsinin ehtiyat fondundan
əvvəlcədən büdcədə nəzərdə
tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin
maliyyələşdirilməsinə 400,0 milyon manat, o cümlədən
"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankının Azərbaycan Respublikasının
vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
imzaladığı tarixi fərmanın icrası olaraq 300,0
milyon manat vəsait ayrılmışdır.
Qeyd olunan
fərmanın icrası olaraq cari ilin iyunun 1-dən fərdi
birdəfəlik ödəmələrin verilməsinə
başlanılmış, 10 iyul tarixə keçmiş
SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital
Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin
192 mini üzrə müsbət qərar qəbul edilmiş,
onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində
vəsait əmanətçilərə ödənilmişdir.
Eyni
zamanda, cənab Prezident, ali diqqətinizə
çatdırıram ki, fərdi birdəfəlik ödəmələrin
verilməsi zamanı yarana biləcək mübahisəli məsələlərə
baxılması, müvafiq qərarların qəbul edilməsi
və bu işlərə ümumi nəzarətin həyata
keçirilməsi məqsədi ilə xüsusi idarələrarası
komissiya yaradılmış, əmanətçiləri ən
çox maraqlandıran məsələlər müəyyənləşdirilərək
bu istiqamətdə geniş məlumatlandırma və təbliğat
işləri aparılır.
Ölkə
vətəndaşları xalqın rifahı naminə imzalanan
bu fərmanı
Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarına
yüksək diqqət və qayğısının növbəti
təzahürü kimi qiymətləndirirlər.
Ölkə
həyatı üçün heç də az
əhəmiyyət daşımayan sosial siyasətin
mühüm qolu kimi hərbi qulluqçuların yaşayış
şəraitinin və maddi təminatının gücləndirilməsi
istiqamətində möhtərəm Prezidentimiz tərəfindən
qarşıya qoyulmuş vəzifələri və
atılmış real addımları qeyd etmək olar.
Cənab
Prezident, bu yönümdə siyasətinizə uyğun "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri barədə" imzaladığınız
müvafiq fərmanın icrası olaraq Azərbaycan
Respublikası Silahlı Qüvvələrində 20 təqvim
ili və daha çox qüsursuz xidmət etmiş 74 nəfər
hərbi qulluqçuya Bakı şəhəri daxil olmaqla
respublikanın müxtəlif şəhər və
rayonlarında, o cümlədən Abşeron, Sumqayıt, Gəncə,
Naxçıvan, İsmayıllı, Mingəçevir, Lənkəran
və digər rayon və şəhərlərdə dövlət
vəsaiti hesabına mənzillər təqdim edilmişdir. Cənab
Prezident, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
hərbi qulluqçularının sosial müdafiəsinin
gücləndirilməsi məqsədi ilə
yaratdığınız komissiya tərəfindən isə
daha 178 nəfər hərbi qulluqçuya mənzil verilməsi
ilə bağlı qərarlar qəbul edilmişdir.
Maliyyə
naziri onu da dedi ki, bu ilin altı ayında dövlət borcu
üzrə öhdəliklərin yerinə yetirilməsinə
61 milyon, kənd təsərrüfatı məhsulları
istehsalçılarına 35 milyon, damazlıq heyvanların
alınmasına 10 milyon, lizinq xidmətlərinə 33 milyon,
fermerlərə kreditlərin verilməsinə 8 milyon,
sahibkarlığın inkişafına 110 milyon manat vəsait
yönəldilmişdir. Bundan əlavə, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən dəstəklənən
investisiya layihələrinin sayı ötən illə
müqayisədə 57,1 faiz, verilən
güzəştli kreditlərin məbləği isə 53
faiz artmışdır. Azərbaycanda sığorta
bazarının məcmu aktivləri iki dəfə,
sığorta şirkətlərinin məcmu nizamnamə
kapitalı isə 3,3 dəfə
çoxalmışdır. Samir Şərifov nağdsız
ödənişlərlə bağlı Maliyyə Nazirliyi tərəfindən
bir sıra tədbirlərin görüldüyünü diqqətə
çatdıraraq bildirdi:
- 2012-ci
ilin iyul ayından Nazirliyin Dövlət Xəzinədarlığı
Agentliyində xəzinə xidməti göstərilən təşkilatların
xərcləri yalnız nağdsız qaydada aparılır. Bununla bağlı büdcə və büdcədənkənar
xərclərin aparılması üçün əməkhaqqı,
müavinət, pensiya, təqaüd və sair sosial ödənişlər
üzrə fiziki şəxslər tərəfindən istifadə
olunan plastik kartlarla bərabər, hüquqi şəxslərə
verilən korporativ kartların geniş tətbiqi nəzərdə
tutulur.
Möhtərəm cənab Prezident!
Sizin
tapşırığınıza uyğun olaraq cari ilin may
ayında 2012-ci il dövlət büdcəsinə
yenidən baxılmaqla müvafiq dəyişikliklər
edilmişdir.
Dəyişiklik
nəticəsində dövlət büdcəsinin gəlirləri
və xərcləri 600 milyon manat artırılaraq, gəlirlər
17 milyard 38 milyon manata, xərclər isə 17 milyard 672 milyon
manata çatdırılmışdır.
2012-ci il
dövlət büdcəsinin xərclərində
formalaşan əlavə vəsaitin çox hissəsi ölkənin
şimal-qərb bölgəsində baş vermiş zəlzələ
nəticəsində Zaqatala, Qax, Balakən və Şəki
rayonlarının əhalisinə və infrastrukturlarına dəymiş
ziyanın, 2010-cu ildə Kür və Araz
çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində
törətdiyi irimiqyaslı fəlakətin nəticələrinin,
cari ildə ölkənin bəzi rayon və şəhərlərinin
ərazisində normadan artıq yağan leysan
yağışlarının, sel və daşqınların
törətdiyi fəsadların aradan qaldırılmasına,
ölkədə ehtimal olunan təbii fəlakət və
fövqəladə halların qarşısının
alınmasına və qabaqlayıcı tədbirlərin
görülməsi məqsədi ilə xüsusi təyinatlı
maşın və avadanlığın alınmasına
yönəldilmişdir.
Bununla yanaşı, Bakı şəhərinin bəzi ərazilərində
müəyyən edilmiş qrunt sularının səviyyəsinin
qalxması və sürüşmə zonalarında müvafiq
tədbirlərin görülməsi üçün də əlavə
maliyyə təminatı yaradılmışdır.
Cari ilin ötən dövrü ərzində ölkənin
hərbi quruculuğu və təhlükəsizliyi sahəsində
qəbul edilmiş fərman və tapşırıqların
icrası və dövlət büdcəsində əvvəlcədən
nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi
üçün də əlavə vəsaitin ayrılması
büdcədə aparılmış dəyişikliklər
zamanı nəzərə alınmışdır.
Cənab
Prezident, "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının qanununa uyğun olaraq 2013-cü il və sonrakı üç il
üçün dövlət və icmal büdcə layihələrinin
tərtibi prosesinə başlanılmışdır.
Büdcə
layihələri hazırlanarkən müəyyən etdiyiniz
iqtisadi strategiyaya və prioritet vəzifələrə,
ölkədə yaranmış makroiqtisadi mühitə və
dünyadakı mövcud iqtisadi duruma uyğun olaraq qeyri-neft
sektorundan və digər real mənbələrdən dövlət
büdcəsinə əlavə daxilolmaların təmin edilməsinə,
ən ümdə vəzifələrdən hesab etdiyiniz əhalinin
sosial vəziyyətinin yaxşılaşdırılmasına
və maddi rifahının yüksəldilməsinə,
regionların, qeyri-neft sektorunun, ələlxüsus, kiçik
və orta sahibkarlığın inkişaf etdirilməsinə,
biznes şəraitinin yaxşılaşdırılmasına,
dövlətin müdafiə potensialının və ərzaq
təhlükəsizliyinin gücləndirilməsinə, sənaye
və emal təmayüllü infrastrukturların genişləndirilməsinə,
bütün dövlət proqramları üzrə maliyyə təminatının
yaradılmasına diqqət yetirilir.
Çıxışımın sonunda icazə verin, cənab
Prezident, Sizi əmin edim ki, bugünkü müşavirədə
verəcəyiniz tapşırıqlar da nəzərə
alınmaqla, 2012-ci büdcə ilinin layiqincə başa
çatdırılması və müəyyən etdiyiniz
inkişaf hədəflərinə nail olunması
üçün Maliyyə Nazirliyinin kollektivi səylərini
daha da artıracaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Son illərdə Azərbaycanda milli mədəniyyətin
və turizmin inkişafı sahəsində mühüm nailiyyətlərin
əldə edildiyini bildirən mədəniyyət və
turizm naziri Əbülfəs QARAYEV qeyd etdi ki, bu gün ölkəmiz
beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirildiyi məkana çevrilmişdir. Bakıda keçirilmiş
"Eurovision" mahnı müsabiqəsinin ölkəmizin təbliği
baxımından vacib rola malik olduğunu vurğulayan nazir dedi:
- May
ayında Bakıda keçirilən "Eurovision-2012"
mahnı yarışması təkcə xalqımızın zəngin
mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin,
turizm potensialının təbliği üçün
geniş imkanlar açmaq baxımından deyil, həmçinin
qısa müddət ərzində əldə etdiyi yüksək
inkişaf səviyyəsini, demək olar ki, bütün
dünyaya nümayiş etdirmək baxımından
böyük əhəmiyyətə malik olmuşdur.
Təkcə
Avropada deyil, bütün dünyanın mədəni hissəsinin
diqqət mərkəzində olan bu mahnı
yarışmasının belə yüksək səviyyədə
keçirilməsi, möhtərəm Prezident, yalnız Sizin dəstəyiniz
və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın
böyük səyləri nəticəsində mümkün
olmuşdur.
"Eurovision"
musiqi yarışması nə qədər iri mədəniyyət
layihəsi olsa da, yeganə misal deyildir. Ötən
ayın sonunda Şəkidə keçirilən "İpək
yolu" Beynəlxalq musiqi festivalı, yaxın günlərdə
Qəbələ şəhərində keçiriləcək
Beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyli,
Mstislav Rostropoviç adına Beynəlxalq musiqi festivalları
nəinki Bakıya, həm də Azərbaycanın
regionlarına dünyanın ən nüfuzlu musiqi ustaları
və həvəskarlarının böyük axınına səbəb
olmuşdur. Qarşıdakı aylarda da ölkənin
mədəni həyatında nüfuzlu, dünya miqyaslı
professional incəsənət layihələri
üstünlük təşkil edəcəkdir.
Qısa zaman aralığında dörd ölkədə
Azərbaycan mədəniyyəti günləri
keçirilmişdir. Bunların hər biri - İtaliya, Ukrayna,
Qazaxıstan və Türkiyə dövlətimizin xarici siyasətində
mühüm yer tutan ölkələrdir. Onu
da qeyd edim ki, İtaliya, Qazaxıstan və Türkiyədə
Azərbaycan mədəniyyəti günləri ilk dəfə
olaraq keçirilirdi. Burada təqdim edilən
milli rəqslər, klassik və xalq musiqisi, sərgilər,
keçirilmiş elmi konfrans və simpoziumlar ölkəmizin zəngin
mənəvi-mədəni palitrasını
yaratmışdır desəm, səhv etmərəm. Yeri
gəlmişkən qeyd edim ki, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi ilə İtaliyada keçirilən mədəniyyət
günləri rəmzi bir sonluqla - Roma şəhərinin
"Villa Borghese" parkında dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin
ucaldılması ilə başa çatmışdır.
Hörmətli müşavirə
iştirakçıları!
Ümummilli lider, müasir Azərbaycanın memarı
Heydər Əliyev xalqımızın mədəni irsinin təbliğinə,
məşhur şəxsiyyətlərinin, elm, mədəniyyət
və təhsil ocaqlarının yubileylərinin qeyd
olunmasına xüsusi diqqət yetirirdi.
Bu ənənə bu gün də davam etdirilir. Təsadüfi
deyil ki, cənab Prezident, Sizin imzaladığınız
müvafiq sərəncamlarla doqquz dünya şöhrətli ədəbiyyat
xadiminin, böyük söz ustadlarının yubiley tədbirlərinə
start verilmişdir. Bunlar Nizami Gəncəvinin 870, Mirzə
Ələkbər Sabirin 150, Mirzə Fətəli Axundzadənin
200, Xurşidbanu Natəvanın 180, Əhməd Cavadın 120,
Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirvarid
Dilbazinin 100, Xəlil Rza Ulutürkün 80 illik yubileyləridir.
Artıq üç yubiley, əsasən, beynəlxalq
miqyasda, təntənəli surətdə qeyd edilmişdir.
Onu da vurğulamaq istərdim ki, TÜRKSOY təşkilatı
2012-ci ili bütün türk dünyasında "Axundzadə ili"
elan etmişdir. Eyni zamanda, bu ayın əvvəlində
Azərbaycan və dünya memarlığının nadir
incisi hesab olunan Şəki Xan Sarayının 250 illik yubileyi
Şəkidə beynəlxalq səviyyədə qeyd
olunmuşdur.
Möhtərəm cənab Prezident!
Hesabat dövründə respublikanın muzey və digər
mədəniyyət müəssisələrinin fəaliyyətinin
yaxşılaşdırılması, Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunub saxlanılması istiqamətində
müəyyən işlər görülmüş, xalq
yaradıcılığının inkişafı və təbliği
ilə bağlı müvafiq tədbirlər həyata
keçirilmişdir.
2012-ci
ilin birinci yarısında ölkəmizin mədəni həyatında
ən əlamətdar hadisələrdən biri də Heydər
Əliyev Fondunun və Mədəniyyət və Turizm
Nazirliyinin birgə təşkilatçılığı ilə
Azərbaycan Milli İncəsənət Muzeyində təşkil
edilən "Fransanın inciləri" sərgisi
olmuşdur. Qeyd etmək istərdim ki, belə
bir zəngin eksponatlı nadir sərgi Fransanın da təcrübəsində
ilk dəfə məhz Bakıda nümayiş etdirilmişdir.
Sərgi respublika ictimaiyyəti tərəfindən
maraqla qarşılanmış, onu 50 minə yaxın
tamaşaçı ziyarət etmişdir.
Eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin
Roma şəhərində layiqincə təqdim edilməsi
üçün Roma Sivilizasiyası Muzeyində
ayrılmış min kvadratmetrdən çox sahədə
"Azərbaycan - Odlar Yurdu İpək Yolunda" adlı sərgi
təşkil edilmişdir. Sərgi üç ay
müddətinə nəzərdə tutulsa da,
çoxsaylı tamaşaçıların və Roma şəhər
meriyasının arzusu nəzərə alınaraq daha iki ay
uzadılmışdır.
İstanbulun Topqapı şəhər parkında yerləşən
Azərbaycan Mədəniyyət evinin əsaslı təmiri və
yeni ekspozisiyasının qurulması işləri həyata
keçirilmişdir.
Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunması, təbliği və
təşviqi məqsədi ilə "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı
Paytaxtları" proqramı ilə əlaqədar 2012-ci ildə
Gədəbəy şəhəri "Azərbaycanın Əfsanələr
Paytaxtı", Masallı şəhəri "Azərbaycanın
Folklor Paytaxtı" və Quba şəhəri "Azərbaycanın
Sənətkarlıq Paytaxtı" elan edilmişdir.
Cari ilin
aprel ayında "Təzyiq altında irs -
şəhərlərin tarixi landşaftlarının
perspektivləri" adlı Beynəlxalq Bakı konfransı
keçirilmişdir. Tədbirdə bütün
qitələri əhatə edən nüfuzlu alimlər və
ekspertlər iştirak etmişdir.
Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni muzey tikilib
istifadəyə verilmiş, nəticədə ziyarətçi
axını xeyli güclənmiş, onların sayı ötən
illə müqayisədə iki dəfə
artmışdır.
Azərbaycan
kinosunun inkişafı ilə bağlı dövlət
proqramında nəzərdə tutulan işlərin uğurla
davam etdiyini bildirən Əbülfəs Qarayev demişdir ki,
ötən il dövlət sifarişi ilə 4 bədii, 8
qısametrajlı bədii, 4 cizgi və 32 sənədli film
çəkilmişdir, satirik jurnalın 2 nömrəsi
işıq üzü görmüşdür. Hazırda
10 bədii, 16 sənədli və 3 cizgi filminin istehsalı ilə
bağlı işlər gedir. "Yaddaş"
studiyasında Milli Qəhrəmanlar ilə bağlı 10 sənədli
filmin çəkildiyini deyən mədəniyyət və
turizm naziri Azərbaycan filmlərinin beynəlxalq müsabiqələrdə
uğurla iştirak etdiyini vurğuladı,
Kinematoqrafçılar İttifaqının
yaradılmasının böyük əhəmiyyət kəsb
etdiyini dedi.
Hazırda Azərbaycanda yeni mədəniyyət və
turizm müəssisələrinin inşa olunduğunu, fəaliyyətdə
olanların isə əsaslı təmir edildiyini deyən nazir
yaradıcı insanlar adından Prezident İlham Əliyevə
minnətdarlığını bildirdi.
Əbülfəs
Qarayev 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən
"Turizm ili" elan edilməsini bu sahənin
inkişafına təkan verdiyini bildirərək dedi:
- Azərbaycana
gələn xarici vətəndaşların və turistlərin
sayı çoxalmışdır. Ötən il
Azərbaycan ilk dəfə iki milyondan çox, yəni, 2
milyon 239 min nəfər əcnəbi qəbul etmişdir. Bu, 2010-cu ilə nisbətən 14 faiz çoxdur.
Ölkədə 508 mehmanxana fəaliyyət göstərir,
orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu
illə müqayisədə 16,3 faiz
artmışdır, onların da 50 faizdən çoxu xarici
ölkə vətəndaşlarıdır. Onu da qeyd etmək
istərdim ki, 5 il öncə ölkəmizdə
fəaliyyət göstərən mehmanxanaların sayı
300-dən az idi. Təkcə ötən il
Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə
verilmişdir.
Hazırda ölkə ərazisində 45 mehmanxana inşa
edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.
Hesabat dövründə, cənab Prezident, Sizin
tapşırığınız və şəxsən rəhbərliyiniz
altında Qusar rayonunda "Şahdağ" Qış-Yay Turizm
Kompleksinin tikintisi davam etdirilmişdir. Birinci mərhələdə
nəzərdə tutulan işlər artıq tamamlanmaq üzrədir.
Hazırda İsveçrə və Avstriya
şirkətləri tərəfindən növbəti mərhələlər
üzrə layihələndirmə işləri və marketinq
araşdırmaları aparılır, Nəqliyyat Nazirliyi
yolların tikinti-təmiri, "Azərenerji" elektrik xətlərinin
çəkilməsi işlərini davam etdirir. İşlərin gedişatı göstərir ki,
artıq bu ilin sonunda kompleks turist qəbuluna başlaya biləcəkdir.
Hazırda Sizin tapşırığınıza əsasən,
2013-cü ildə Bakıda keçiriləcək II
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
ilə bağlı hazırlıq işləri
görülür. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, UNESCO,
İSESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, BMT-nin
Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və
Avropa Şurasının Şimal-Cənub Mərkəzi,
Euronews kimi nüfuzlu beynəlxalq qurumlar Azərbaycan
paytaxtında həmtəşkilatçı qismində
çıxış etməyə qərar veriblər və fərqli
mədəniyyətlər arasında dialoq qurmağa məhz
burada çalışacaqlar. Hesab edirik ki, bu
fakt Azərbaycan dövlətinin, şəxsən Sizin, cənab
Prezident, beynəlxalq sülhsevər və multikulturalizm siyasətinizin
dünya ictimaiyyəti tərəfindən qəbul
olunmasının əyani sübutudur.
Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin
inkişafı, təbliği, dünya müstəvisində
daha əhəmiyyətli yer tutması, eyni zamanda yeni-yeni
yaradıcılıq nümunələrinin meydana
çıxması, mədəni irsimizin qorunması və
turizmin inkişafı istiqamətində genişmiqyaslı fəaliyyətini
bundan sonra da səmərəli şəkildə davam etdirəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Sonra Dövlət Gömrük Komitəsinin
sədri Aydın ƏLİYEV çıxış edərək
dedi:
- Möhtərəm cənab Prezident!
Azərbaycanın dünyəvi hüquqi dövlət
kimi beynəlxalq aləmdə özünəməxsus yer
alması son 10 ildə ölkədə həyata keçirilən
uğurlu iqtisadi siyasətin nəticəsidir. Zati-alinizin rəhbərliyi
altında keçid dövrü kimi səciyyələnən
ictimai-iqtisadi formasiya dəyişikliyi mərhələsini
artıq geridə qoyan müstəqil Azərbaycan regionun
aparıcı dövlətinə çevrilmişdir.
Bu gün ölkədə əsas hədəflərdən
biri də sahibkarlığın inkişafı
üçün biznes mühitinin daha da
yaxşılaşdırılması, bu sahədə
qanunvericiliyin təkmilləşdirilməsi, milli
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi,
dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyası və bu əsasda ölkədə dinamik inkişafın
davamlılığını təmin etməkdir.
İqtisadi inkişafı şərtləndirən və
əhəmiyyətli dərəcədə sürətləndirən
əsas amillərdən biri də dövlətlərarası
ticarət əlaqələrinin genişləndirilməsi,
uğurlu idxal-ixrac əməliyyatlarının həyata
keçirilməsi, onlar arasında nisbətin milli maraqlara
uyğun olaraq düzgün qurulmasıdır.
Ulu öndər Heydər Əliyevin təkrarsız və
unikal dövlət idarəçilik məktəbinin
davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarının həyata keçirdiyi müstəqil
siyasət milli maraqlarımızın qorunmasını təmin
etmişdir. Digər sahələrdə olduğu kimi, ölkəmizin
xarici-iqtisadi fəaliyyət sferasında da daim inkişaf nəzərə
çarpır, xarici-ticarət dövriyyəsinin həcmi
böyük sürətlə artır. Ölkənin
fiskal siyasətinin həyata keçirilməsində önəmli
rola malik olan Dövlət Gömrük Komitəsi
üçün hər il olduğu kimi "2012-ci il dövlət
büdcəsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq 1 milyard 200 milyon manat həcmində
büdcə daxilolmaları
proqnozlaşdırılmışdır. Hesabat ilinin ilk 6
ayında 555.0 milyon manat büdcə proqnozuna qarşı
faktiki olaraq 557.2 milyon manat gömrük vergi və
rüsumları toplanaraq dövlət büdcəsinə
köçürülməsi təmin olunmuş, proqnoza 100.4
faiz əməl edilmişdir.
Beynəlxalq ticarətin inkişaf etdirilməsində,
mal dövriyyəsinin sürətləndirilməsində,
yük-nəqliyyat daşımalarının həcminin
artırılmasında, tranzit sisteminin səmərəli fəaliyyət
göstərməsində, gömrük işi sahəsində
hüquqpozmalarla mübarizədə, nəqliyyat
daşımalarında təhlükəsizlik məsələlərinin
təmin olunmasında gömrük xidməti müstəsna rol
oynayır.
Cənab
Prezidentin müvafiq sərəncamına əsasən tətbiq
olunan "Bir pəncərə" sistemi gömrük rəsmiləşdirilməsi
əməliyyatlarının
avtomatlaşdırılmış qaydada həyata keçirilməsini,
bu işə sərf olunan vaxtın minimuma endirilməsini təmin
edərək xarici iqtisadi fəaliyyət
iştirakçılarına və fiziki şəxslərə
xidmətin səviyyəsini
yaxşılaşdırmış, bütövlükdə
gömrük orqanlarında idarəçiliyin təkmilləşdirilməsinə
imkan yaratmışdır.
Bununla yanaşı, gömrük ödənişlərinin
bank və ya plastik kart vasitəsilə alınması təşkil
olunmuş, bütün gömrük idarələrində
pos-terminallar quraşdırılmış və ya müvafiq
bankların filialları açılmışdır.
Hazırda gömrük ödənişlərinin 97
faizinin nağdsız qaydada alınması təşkil
edilmişdir.
Şəffaflığın
artırılması və nəzarətin təkmilləşdirilməsi
istiqamətində gömrük orqanlarında daim müvafiq tədbirlər
həyata keçirilir. Qeyd etmək istəyirəm ki,
aidiyyəti tədbirlərin, o cümlədən şəffaflığın
təmin olunması, korrupsiyaya qarşı mübarizənin
aparılması cənab Prezidentin fərman və sərəncamları
ilə təsdiq olunmuş dövlət proqramı və Milli
Strategiyada təsbit olunmuş müddəalara uyğun olaraq həyata
keçirilməklə xarici iqtisadi fəaliyyət
iştirakçılarına böyük həcmdə
idxal-ixrac əməliyyatlarının aparılmasına imkan
verir. Ötən dövr ərzində
gömrük xidmətinin fəaliyyəti
avtomatlaşdırılmış vahid idarəetmə sisteminə
keçirilmişdir. Bu sistem Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə ticarətin liberallaşdırılması, iş
adamlarına daha əlverişli iş şəraitinin
yaradılması istiqamətində mühüm
addımların atıldığını bir daha göstərir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki,
son zamanlar digər aidiyyəti icra orqanları ilə məlumatların
birgə elektron qaydada mübadilə edilməsi və vahid
şəbəkənin qurulması istiqamətində işlər
davam etdirilir.
Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə
iştirakçıları!
2012-ci ilin birinci yarısında gömrük
orqanlarında qaçaqmalçılığa qarşı
mübarizə daha da gücləndirilmiş, vergidən
yayınmanın və hüquqpozma faktlarının aşkar
edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər
görülmüşdür. Belə ki, cari ilin ilk
6 ayı ərzində gömrük orqanları tərəfindən
gömrük işi sahəsindəki hüquqpozmalara
qarşı mübarizə istiqamətində görülən
tədbirlər nəticəsində 8237 hüquqpozma faktı
aşkar olunmuşdur.
Gömrük
orqanları tərəfindən görülən tədbirlər
nəticəsində narkotik vasitələrin
qaçaqmalçılığı ilə əlaqədar 37
fakt aşkar olunmuş və 5,8 kq narkotik vasitə, 6,2 kq
psixotrop maddə dövriyyədən
götürülmüşdür.
Hesabat
dövründə 8119 inzibati xəta faktı üzrə 180
hüquqi şəxs və 7912 nəfər fiziki şəxs
inzibati qaydada müvafiq məsuliyyətə cəlb
edilmişdir. Bu şəxslərə
qarşı gömrük orqanları tərəfindən 563
min manat cərimə tətbiq edilmiş, 100 min manat dəyərində
hüquqpozma predmeti olan mallar müsadirə edilmişdir.
Eyni
zamanda 3 ədəd ov silahı və 200 ədəd ona aid
sursat, 79 ədəd pnevmatik silah, 3 ədəd odlu silah və
19 ədəd patron, 8 ədəd soyuq silah, 5 ton dizel
yanacağı, 780 ədəd mobil telefon və külli
miqdarda digər əşyalar hüquqpozma predmeti kimi
saxlanılmışdır.
Aksizli
malların qeyri-qanuni keçirilməsinə qarşı
aparılmış qabaqlayıcı tədbirlər nəticəsində
767 litr və 25937 ədəd spirtli içki, 76,3 min manat dəyərində
tütün məmulatları tutulmuşdur.
Hesabat dövründə qanunvericiliyin təkmilləşdirilməsi
və struktur dəyişikliyi ilə əlaqədar
mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, cari ilin yanvar
ayından qüvvəyə minmiş "Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin məlum
fərmanı, o cümlədən qeyd olunan fərmanın icrası
ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin müvafiq sərəncamı ilə
hazırlanması Dövlət Gömrük Komitəsinə həvalə
edilmiş normativ hüquqi aktların Gömrük Məcəlləsinə
uyğunlaşdırılması, o cümlədən "Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi
haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin fərmanının icrasını təmin etmək
məqsədi ilə fərman və qərar layihələri
hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Hesabat
dövrü ərzində beynəlxalq təşkilatlarla əməkdaşlığın
inkişaf etdirilməsi və möhkəmləndirilməsi
istiqamətində də məqsədyönlü iş
aparılmış, bir sıra xarici ölkələrlə
gömrük işi sahəsində beynəlxalq normalara
uyğun saziş, protokol və digər sənədlər
imzalanmışdır.
Cari ilin
aprel ayında Bakı şəhərində
keçirilmiş Ümumdünya Gömrük Təşkilatının
Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin
2012-ci il Konfransı çərçivəsində
"Azərbaycan Respublikası hökuməti və Makedoniya
Respublikası hökuməti arasında gömrük işi
sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında Saziş"
imzalanmış və 10-a yaxın xarici ölkə ilə
gömrük işi sahəsində sazişlərin layihələri
hazırlanmışdır.
Hesabat
dövründə beynəlxalq təşkilatların dəstəyi
ilə Bakı şəhərində və dünyanın bir
çox ölkələrində keçirilmiş beynəlxalq
forum, konfrans, simpozium, sərgi və digər mühüm tədbirlərdə
Dövlət Gömrük Komitəsinin rəhbərliyi, həmçinin
gömrük orqanlarının əməkdaşlarından və
mütəxəssislərdən ibarət nümayəndə
heyətləri iştirak etmişlər.
Möhtərəm cənab Prezident!
2012-ci ilin
yanvar ayında Azərbaycan Respublikası Gömrük Xidmətinin
yaranmasının 20 illik yubileyi münasibətilə beynəlxalq
səviyyədə qonaqların iştirakı ilə Bakı
şəhərində bir sıra mühüm tədbirlərin,
o cümlədən Bakı Dövlət Universiteti ilə birgə
Beynəlxalq Konfransın keçirilməsi Sizin dəstəyinizlə
həyata keçirilmişdir. Cari ilin yanvar ayında Sizin
imzaladığınız sərəncamlara əsasən
gömrük əməkdaşlarının 3 nəfərinə
ali xüsusi rütbənin verilməsini, Gömrük Komitəsinin
şəxsi heyətinin 42 üzvünün orden və
medallarla təltif edilməsini və Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinin
Akademiyasının yaradılmasını bütövlükdə
gömrük xidmətinə verdiyiniz ən yüksək qiymət
kimi dəyərləndiririk.
Gömrük
Komitəsinin əməkdaşlarına göstərdiyiniz
böyük etimada, yüksək diqqət və qayğıya
görə bütün gömrük xidməti əməkdaşları
adından Sizə dərin təşəkkürümü və
minnətdarlığımı bildirərək, cənab
Prezident, Sizi və müşavirə
iştirakçılarını əmin etmək istəyirəm
ki, ölkəmizdə mövcud iqtisadi sərbəstlik şəraitində
özəl bölmənin inkişafı və eyni zamanda
xarici ticarət əlaqələrinin həcmi və
miqyasının daha da artması üçün
respublikamızın uğurlu inkişafı naminə vəzifə
və funksiyalarımıza uyğun bütün
bacarığımızı səfərbər etməklə
tərəfimizdən aidiyyəti işlər həyata
keçiriləcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyevin yekun nitqi
- Əminəm ki,
iqtisadiyyatda müsbət meyillər ilin sonuna qədər daha
da güclənəcəkdir. İlin sonuna
qədər hələ görüləsi işlər
çoxdur. Biz infrastruktur layihələrini
başa çatdırmalıyıq. Eyni
zamanda, əminəm ki, makroiqtisadi vəziyyət ilin sonuna qədər
sabit olaraq qalacaqdır. Çünki altı ayda
inflyasiyanın cəmi 2,2 faiz səviyyəsində
olması belə deməyə əsas verir. Əlbəttə,
bu, çox müsbət göstəricidir. Qeyd etdiyim kimi, əhalinin pul gəlirləri inflyasiyanı
10 faizdən çox üstələyir. Şübhəsiz
ki, bu dinamika və bu göstəricilər hər bir vətəndaşın
həyatında, onun maddi rifahında öz izlərini
buraxmalıdır.
Manatın məzənnəsi bizdə sabitdir. Hətta biz ən
çətin, böhranlı illərdə manatın məzənnəsini
saxlamışıq. Baxmayaraq ki, bəzi ölkələrdə
20, 30, 40 faiz devalvasiya olurdu, amma biz manatın məzənnəsini
saxlamışıq ki, Azərbaycan vətəndaşları
bu böhrandan az itki ilə
çıxsınlar. Bu gün də manatın
məzənnəsi və manatın gücü ölkəmizin
iqtisadi qüdrətini göstərir, əlbəttə ki, Azərbaycana
xaricdə olan inamı daha da artırır.
Biz pul sahəsində islahat aparanda, yeni manatı
dövriyyəyə buraxanda bir manatı dollara bərabər
etdik. Amma hazırda bir manat bir avroya bərabərdir, ondan
daha da dəyərlidir. Hesab edirəm ki,
bu, düzgün yanaşmadır. Bizim iqtisadi
potensialımız və sənaye gücümüz imkan verir
ki, manatın məzənnəsini bax, belə güclü səviyyədə
saxlayaq. Bəzi ölkələrdə
ümummilli valyutanın qiymətdən düşməsi ixrac
imkanlarını daha da genişləndirir. Ancaq bizim ixrac imkanlarımız onsuz da genişlənir
və ölkəmizdə yaradılan və yaranmaqda olan yeni
müəssisələr, o cümlədən
ixracyönümlü müəssisələrdir. Bizim üçün əsas vəzifə
makroiqtisadi sabitliyi saxlamaqdır. Çünki
investisiya xərclərimiz, büdcəmiz, sosial ödəmələr
artır, əmanətlərin kompensasiyası məsələləri
əlavə yükdür. Bütün
bunlar istər-istəməz inflyasiyaya təkan verə biləcək
amillərdir. Amma buna baxmayaraq, inflyasiya
çox aşağı səviyyədədir.
Eyni zamanda, istehlak qiymətlərinə nəzarət
daim güclü olmalıdır. Bu sahədə
müsbət dəyişikliklər vardır. Hesab edirəm ki, əlavə tədbirlərin
görülməsi nəticəsində bu sahədə daim
müsbət vəziyyət qalacaqdır. Biz
sağlam rəqabəti gücləndirməliyik. İnhisarçılığa qarşı
mübarizəni daha da gücləndirməliyik. Bu mübarizə öz nəticələrini verir.
Amma hələ də görüləsi işlər
çoxdur. Yəni,
iqtisadiyyatımızın bu bloku daim diqqət mərkəzindədir
və burada aparılan islahatlar, atılan addımlar ümumi
iqtisadi iqlimimizi sağlamlaşdırır.
Baxmayaraq ki, Azərbaycanda aparılan köklü iqtisadi
islahatlar bugünkü reallıqları mümkün
etmişdir, biz iqtisadi islahatları daha da sürətləndirməliyik. Biz 20 il ərzində
həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar
aparmaqla ölkəmizi yeni müstəviyə gətirib
çıxarmışıq. Azərbaycan
artıq ortagəlirli ölkələr sırasındadır,
qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli
ölkələr sırasında olsun, inkişaf etmiş
ölkəyə çevrilsin. Bunun
üçün iqtisadi islahatlar davam etdirilməlidir. Bu islahatların böyük bir hissəsi artıq
icra edilib, həm qanunvericilikdə öz əksini
tapıbdır, həm verilən qərarlarda və gündəlik
həyatda da biz bunu görürük. Beynəlxalq
təşkilatlar, yəni mötəbər beynəlxalq maliyyə
təşkilatları bizim uğurlarımızı qeyd edir.
Dünyanın üç aparıcı reytinq
agentliyi - "Standard & Poor's", "Fitch" və
"Moody's" Azərbaycanın kredit reytinqini
artırmışlar. Baxmayaraq ki, Avropa
ölkələrinin və Avropa banklarının reytinqləri
eyni agentliklər tərəfindən aşağı
salındı, Azərbaycanın kredit reytinqi qalxdı.
Yəni, bu, görülən işlərin, aparılan
islahatların məntiqi nəticəsidir. Biz
islahatları aparmaqla neft-qaz amilindən iqtisadi
asılılığımızı böyük dərəcədə
aşağı sala bilmişik və gələcəkdə
şaxələndirmə, yerli istehsalın, sağlam rəqabətin
gücləndirilməsi, investisiyaların cəlb edilməsi
sayəsində, əminəm ki, daha da böyük uğurlara
çatacağıq.
Biznes mühitinin yaxşılaşdırılması
sahəsində əhəmiyyətli dərəcədə
müsbət dəyişikliklər baş vermişdir. Bu il
biznes proqramında Azərbaycan yüksək səviyyədədir.
Ancaq hesab edirəm ki, daha da yüksək pilləyə
qalxmaq üçün imkanlar vardır. Müəyyən
bürokratik əngəllərin aradan qaldırılması və
biznes mühitinin yaxşılaşdırılması istiqamətində
atılacaq yeni addımlar, əminəm ki, bu il
biznes cədvəlində Azərbaycanı daha da yüksək
pilləyə çıxaracaqdır. Yəni, məsələ
onda deyildir ki, biz reytinqlərdə lap yüksək pillədəyik,
- baxmayaraq ki, bu da vacibdir, - əsas məsələ konkret,
real işlərin görülməsi, biznes iqliminin
yaxşılaşdırılması və özəl sektorun
inkişafı üçün əlavə tədbirlərin
görülməsidir.
Qeyd etməliyəm ki, özəl sektora diqqət
yüksək səviyyədədir. Hər il
sahibkarlarla və yerli icra orqanlarının nümayəndələri
ilə geniş müşavirə keçirilir. Hər il sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək
verilir və Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə yüz milyonlarla ölçülən kreditlər
verilir, bu kreditlər işləyir. Yəni bu,
bizim özəl sektora konkret münasibətimizdir. Bir daha demək istəyirəm ki, şəxsən mənim
üçün Azərbaycanın dövlət və özəl
şirkətləri arasında heç bir fərq yoxdur.
Hər ikisi Azərbaycan şirkətləridir, hər ikisində
Azərbaycan vətəndaşları işləyir və maaş alır, biz hər ikisini də dəstəkləməliyik.
Ona görə biznes mühitinin
yaxşılaşdırılması daimi prosesdir. Biz yeni yanaşmaları tətbiq etməklə bu sahədə
daha da böyük nəticələrə çata bilərik.
Dövlət orqanlarının biznes strukturlarına əsassız
müdaxilə hallarına tamamilə son qoyulmalıdır. Bu sahədə
müsbətə doğru irəliləyiş vardır.
Ancaq hələ ki, bu müdaxilələr olur.
Əlbəttə, bu, o demək deyildir ki, bu sahə
tamamilə nəzarətsiz qalsın. Nəzarət
qanun çərçivəsində güclü
olmalıdır. Ancaq nəzarət biznesi əngəlləməməlidir
və əsassız maneələr yaradılmamalıdır.
Ümumiyyətlə, bu sahədə elektron xidmətə
keçid daha da sürətli olmalıdır. Bəzi
dövlət qurumları bu sahədə çox sürətlə
irəliyə gedirlər, bəzi qurumlar hələ ki, ləng
tərpənirlər. Keçən
müşavirədə mən bu məsələ ilə
bağlı fikirlərimi daha da geniş bildirdim. Elektron sistemə keçid qaçılmaz bir
reallıqdır. Bu, labüddür və
biz bunu etməliyik. Dünya
iqtisadiyyatının inkişafı bu istiqamətdə gedir,
eyni zamanda, bu, bizə həm şəffaflıq gətirəcəkdir,
həm çox məsələlər daha da dəqiq təşkil
ediləcək və xoşagəlməz hallara qarşı
mübarizə daha da güclü olacaqdır.
Korrupsiyaya və rüşvətxorluğa qarşı
mübarizədə yaxşı nəticələr vardır. İctimaiyyət
də görülən işlər haqqında mütəmadi
qaydada məlumat alır, məlumatlandırılır. Bu mübarizə davam etdiriləcəkdir. Mən bir daha demək istəyirəm ki, korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizə kampaniya
xarakteri daşımır. Bu, bizim
şüurlu seçimimizdir. Elə etməliyik
ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq,
buna son qoyulsun. Bu sahədəki işlər
daha da sürətlə getməlidir. Burada,
əlbəttə ki, cəza tədbirləri tətbiq
olunmalıdır. Əfsuslar olsun, hələ
ki, bunsuz mümkün deyildir. Eyni zamanda,
institusional islahatlar, tədbirlər, yenə də elektron
sistemə keçid, "elektron hökumət"in
bütün əlamətlərini tətbiq etməklə biz
daha da ciddi nəticələrə çata bilərik. Burada, əlbəttə, hələ ki, təkmilləşdirməyə
imkanlar çoxdur. Əminəm ki, növbəti
aylar ərzində daha da böyük nəticələr
olacaqdır.
Yerli istehsalın gücləndirilməsi sahəsində
konkret addımlar atılır. Yeni sənaye
parklarının yaradılması prosesi gedir. Kimya parkı artıq yaranmaqdadır.
Yüksək texnologiyalar parkının yaradılması
haqqında müvafiq göstərişlər verilmişdir. Sumqayıt
texnoparkı öz fəaliyyətini genişləndirir. Balaxanı texnoparkının yaradılması istiqamətində
konkret addımlar atılır. Qaradağ
rayonunda yeni sənaye müəssisələrinin fəaliyyətə
başlaması və ümumiyyətlə, Qaradağın sənaye
mərkəzlərindən birinə çevrilməsi prosesi
uğurla gedir. Bu sahədə bütün göstərişlər
verilib, iş ardıcıllıqla gedir,
sadəcə olaraq, mən həmişə bu işlərdə
çox tələbkaram, dövlət qurumlarının
nümayəndələrini tələsdirirəm ki, bu işləri
daha da qısa müddət ərzində görək. Bu işlərin gözəl nəticələrini
biz bax bugünkü statistik göstəricilərdə də
görürük. Qeyri-neft sənayemiz təxminən
10 faiz artmışdır. Əminəm ki,
bu dinamika yeni yaradılan müəssisələrin fəaliyyəti
nəticəsində saxlanılacaqdır.
Dünən Qaradağ rayonunda "Holcim" sement
zavodunun açılışında iştirak edərkən
bir daha vurğuladım ki, belə layihələr Azərbaycan
iqtisadiyyatını gücləndirir. Bu layihələri icra
etmək üçün Azərbaycanda çox gözəl
işlək mexanizm vardır. Dünən
də qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm,
sevindirici haldır ki, xarici investorlar Azərbaycanın təkcə
neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da maraq göstərir.
Bu layihəyə xarici şirkət, yəni
"Holcim" şirkəti 300 milyon avro dəyərində
investisiya qoymuşdur. Vaxtilə bizim təşəbbüsümüzlə
yaradılan Azərbaycan Dövlət İnvestisiya Şirkəti
də bu layihədə iştirak edir. Bu
iştirak xarici investorları daha da ruhlandırır. Bu, onu göstərir ki, vaxtilə Azərbaycan
Dövlət İnvestisiya Şirkətinin yaradılması
çox düzgün addım idi. O şirkətə
verilən vəsait artıq işləyir. Biz
istədiyimiz məqsədə çatmışıq.
Dövlət İnvestisiya Şirkətinin
yaradılması iqtisadiyyatda, yaxud da ki, sənayedə dövlət
sektorunun artırılması məqsədlərini
güdmürdü. Təsadüfi deyil ki, məhz sement
zavodunun layihəsində Dövlət İnvestisiya Şirkətinin
payı cəmi 10 faizdir. Ancaq biz bu 10 faiz ilə həm
idarəetmə prosesində iştirak edirik, eyni zamanda, konkret
vəsaiti investisiya şəklində qoyuruq, investorlarda
inamı gücləndiririk və istisna edilmir ki, Azərbaycan
Dövlət İnvestisiya Şirkəti gələcəkdə
öz payını lazım gəldikdə hərrac, yəni
tender yolu ilə satışa da çıxara bilər. Çünki əsas məqsədimiz sənaye
müəssisələrinin yaradılmasıdır. Nə üçün mən bu gün bu məsələ
ilə bağlı xüsusilə geniş
danışıram. Təkcə ona görə
yox ki, dünən biz bu zavodun açılışında
iştirak etmişik. Ümumiyyətlə,
bu zavodun açılışı onu göstərir ki,
investorlar bizə inanırlar. Böhranlı
illərdə, 2009-cu ildə Avropa bankları demək olar ki,
iflasa uğrayırdı. Böhranın ən
ağır dövrü hökm sürürdü. O vaxt
böyük məbləğdə investisiyaların
qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın
gələcəyinə böyük inamın təzahürüdür.
Azərbaycanda müsbət investisiya mühitinin
mövcudluğu, xarici investorlara gözəl şəraitin
yaradılması sayəsində biz buna nail
ola bildik. Yeni, müasir, ekoloji cəhətdən
tamamilə təhlükəsiz zavod artıq dünəndən
fəaliyyətə başlayıb.
Bir
neçə il bundan əvvəl Azərbaycanda
sementin istehsalı təxminən 1 milyon ton səviyyəsində
idi, tələbat isə ildən-ilə artırdı. Çünki bu qədər tikinti, bu qədər sənaye
müəssisələrinin yaradılması sement tələb
edir. Hazırda tələbat 3,3 milyon
tondur. İstehsal ondan azdır, biz
özümüzü təqribən 70 faiz təmin edirik.
Ancaq icrada olan layihələr bir neçə
ildən sonra Azərbaycanda sementin istehsalını 5 milyon tona
çatdıracaqdır. Bu, təqribən
2014 -2015-ci illərdə olmalıdır. Beləliklə,
biz bu sahədə həmin məhsula daxili tələbatımızı
ödəyirik.
Bütövlükdə bu meyillər hər bir sahədə
özünü büruzə verməlidir. Həm kənd
təsərrüfatı sahəsində, - bu barədə hələ
danışacağıq, - həm tikinti materiallarının
istehsalında.
Dünən
biz metal konstruksiyalar zavodunun açılışını
qeyd etdik. Bu layihə də dövlət dəstəyi
ilə icra edilmişdir. Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə kreditlər ayrıldı, yerli
iş adamları öz vəsaitini qoydu və müasir müəssisə
yaradıldı. Yəni, belə layihələrin
sayı çox olmalıdır. Həm
iri, həm orta həcmli, həm kiçik müəssisələrin
yaradılması bu gün artıq reallıqdır.
Kənd təsərrüfatının inkişafı ilə
bağlı görülən tədbirlər öz nəticəsini
verir. Kənd təsərrüfatı 10 faizdən
çox artmışdır. Əminəm
ki, biz növbəti illərdə çalışıb bu
dinamikanı saxlamalıyıq. Mən dəfələrlə
bu barədə fikirlərimi bildirmişəm. Kənd təsərrüfatı Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi
üçün əsas sahələrdən biridir və məşğulluğun
təmin edilməsi üçün demək olar ki, əsas
sahədir. Çünki əhalimizin təxminən
yarısı bölgələrdə, yəni, kənd yerlərində
yaşayır. Burada həm yeni təşəbbüslərin
icra edilməsi, eyni zamanda, təkmilləşmə proseslərinin
sürətlə getməsi daha da gözəl nəticələr
verəcəkdir.
İri fermer təsərrüfatlarının
yaradılması prosesi, nəhayət,
başlamışdır. Mən bu barədə hələ
bir il bundan əvvəl demişəm, əfsuslar
olsun ki, buna o qədər də böyük diqqət verilməmişdir.
Ancaq keçən müşavirədə mənim
sahibkarlarla bağlı kəskin sözlərim bizim dövlət
məmurlarını da hərəkətə gətirdi.
Hazırda yerlər müəyyən edildi.
Artıq birinci beş min hektar
hazırlanır ki, biz orada iri fermer təsərrüfatlarının
yaradılmasına başlayacağıq. Əminəm
ki, bu təcrübə uğurlu olacaqdır və biz bundan
sonra dövriyyəyə buraxılacaq əkin sahələrinin
həcmini böyük dərəcədə
artırmalıyıq. Yerlər müəyyən
edilib, indi orada aqrotexniki, meliorativ tədbirlər görülməlidir
ki, sahibkarlığa daha da güclü təkan verilsin.
Eyni zamanda, məhsuldarlığın
artırılması məsələləri xüsusilə
taxıl yığımı prosesində daha da ciddi diqqət
tələb edir. Müəyyən təcrübə vardır və bu il daha da çox məhsuldarlıq gözlənilir.
Ancaq biz hamımız yaxşı bilirik, imkan
var ki, hətta indiki əkin sahələrini də nəzərə
almaqla, məhsuldarlığı artırmaqla ərzaq təhlükəsizliyini
tam şəkildə təmin edə bilək. Ümumiyyətlə, kənd təsərrüfatı
məhsullarının istehsalında özümüzü
yüz faiz təminetmə prinsipi tətbiq edilir. Yaxın illərdə biz özümüzü əsas
ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik.
Bununla paralel olaraq meliorativ tədbirlərin həyata
keçirilməsi prosesləri gedir. Bu sahədə iki
böyük layihə icra edilir. Samur-Abşeron
kanalı - Taxtakörpü su anbarı və Şəmkirçay
Dəryaçası tikilir. Hər iki layihə
qlobal layihədir. Ölkə
iqtisadiyyatına, yəni bir layihəyə qoyulan investisiya
baxımından bəlkə də ən böyük layihələrdir
və kənd təsərrüfatının inkişafı
üçün ən vacib layihələrdir. Bu layihələrin
icrası nəticəsində on minlərlə, bəlkə də
yüz minlərlə hektar yeni əkin sahələri
dövriyyəyə buraxılacaq, yeni
iş yerləri, yeni istehsal sahələri yaranacaq, yəni, o
bölgələrdə böyük canlanma müşahidə
olunacaqdır.
Orada işlər cədvəl üzrə gedir və bəlkə
də cədvəli bir qədər qabaqlayırlar. Ona görə
baxmaq lazımdır, - düzdür, bizim dövlət büdcəmiz
artıq formalaşıbdır, əlavə vəsait yoxdur, -
ancaq əgər haradasa bir imkan yaranarsa, mən hesab edirəm
ki, bu layihələri daha da sürətləndirmək, vaxt
itirməmək üçün əlavə vəsait
ayrıla bilər.
Altı ayda digər infrastruktur layihələrinin
icrası davam etmişdir. Prezidentin Ehtiyat
Fondundan və dövlət büdcəsi hesabına bir
çox yeni layihənin icrası başlamışdır,
xüsusilə kənd yollarının tikintisi. Biz çalışmalıyıq ki, gələn
ilin sonuna qədər kənd yollarının tikintisi ilə
bağlı əsas məsələləri həll edək.
Tərtib edilmiş proqrama əsasən, - əgər
biz bu templəri saxlaya bilsək, - gələn ilin sonuna qədər
kənd yerlərində əhalinin yaşadığı məntəqələrin
85 faizində yeni kənd yolları artıq istismara veriləcəkdir.
Bölgələrdə, Bakıda su və kanalizasiya
layihələri icra edilir. Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi nəticəsində
bu sahədə dönüş yaranmışdır. Digər layihələr icra edilir.
Bu yaxınlarda mənə verilən məlumata görə,
Hövsan qəsəbəsində artıq 24 saat fasiləsiz su
verilir. Bu, çox gözəl göstəricidir. Çünki biz yaxşı bilirik ki, Hövsan qəsəbəsində,
ümumiyyətlə, o bölgədə həmişə su
ilə problemlər olmuşdur. Yadımdadır,
mən bir neçə dəfə Hacıbala Abutalıbovla
oraya getmişdim, əhali ilə
görüşmüşdüm. Yuxarı
mərtəbələrə, ümumiyyətlə, su
çatmırdı. Gündə bir-iki
saat su verilirdi və daim ən ağır yerimiz ora idi. Amma görülən tədbirlər nəticəsində
indi 24 saat fasiləsiz keyfiyyətli su verilir. Bu, onu göstərir ki, hər bir işi görmək
olar, təki iradə, istək və işə düzgün
münasibət olsun. Biz bu layihənin
timsalında görürük ki, bütün Bakıətrafı
qəsəbələrdə bu layihələr icra ediləcək
və bütövlükdə ölkə üzrə bu layihələr
icra edilir. Bakıda, qəsəbələrdə,
hər bir şəhərdə, hər bir rayon mərkəzində
və artıq rayon mərkəzinə yaxın olan kəndlərdə,
yaxud da ki, yeni çəkiləcək su xətlərinin
üzərində yerləşən kəndlərdə bu
layihələr maksimum dərəcədə icra edilir. Paralel olaraq, kanalizasiya layihəsi icra edilir.
Mənə bu yaxınlarda yeni layihələr təqdim
edilmişdir, hansılar ki, əvvəllər nəzərdə
tutulmurdu. Kür çayının suyunu rayon istiqamətinə
yönləndirməklə biz yeddi rayonun su təchizatını
böyük dərəcədə yaxşılaşdıra
biləcəyik. Gələn ilin sonuna qədər
Hacıqabul, Şirvan, Neftçala, Biləsuvar, Salyan,
Sabirabad, Saatlı rayonlarının 111 kəndinə yeni layihə
əsasında təmiz içməli suyun verilməsi nəzərdə tutulur. Bu böyük layihə bu
yaxınlarda artıq start götürəcəkdir. Digər infrastruktur layihələrinə gəldikdə,
qazlaşdırma, elektrik enerjisi ilə təchizatla
bağlı sahələrdə işlərin mütləq əksəriyyəti
görülmüşdür. Sadəcə
olaraq, qalan işlər də cədvəl üzrə
görülməlidir ki, burada 100 faiz təminat təşkil
edilsin.
Biz artıq bərpa olunan enerji mənbələrinin
yaradılması ilə ciddi məşğuluq. Bu məsələ
ilə bağlı konkret addımlar atılmış,
strukturlar formalaşmışdır. Artıq
Bakı və Sumqayıtda günəş panelləri zavodu fəaliyyətə
başlamışdır. Hesab edirəm ki,
bütün aidiyyəti qurumlar - dövlət qurumları və
özəl qurumlar bu zavodun məhsullarından istifadə etməlidirlər.
Məsələn, dövlət xətti ilə
tikilən yeni evlər, indi zəlzələ bölgəsində,
yaxud da ki məcburi köçkünlər üçün
tikilən evlərdə biz günəş panellərindən
daha da geniş şəkildə istifadə etməliyik. Çünki bu, böyük iqtisadi səmərə
verəcəkdir, bu, təmiz enerji növüdür. Düzdür, hazırda Azərbaycanda qeyri-təmiz
enerji növlərindən istifadə edilmir. Bizim enerji növlərimiz təbii qaz və sudur.
Hər ikisi təmizdir. Ancaq
günəş enerjisi qazdan daha da təmizdir. Bir də ki, bunun böyük iqtisadi səmərəsi
olacaqdır, bizə qaza əlavə qənaət etmək
imkanı yaradacaqdır. Nəzərə
alsaq ki, bizim indi ixrac imkanlarımız genişlənir, təbii
qaza nə qədər çox qənaət olunsa, o qədər
də çox ixrac oluna bilər.
Eyni zamanda, bərpa olunan enerjidən istifadə
texnologiyalarının yaradılması ölkəmizin
müasirliyə doğru getməsini əks etdirir. Bu, bizim böyük məsuliyyətimizi göstərir.
Çünki neftlə, qazla zəngin olan
ölkədə bərpa olunan enerji növlərinin
inkişafı, ilk növbədə, məsuliyyətimizi və
niyyətimizi göstərir. Eyni zamanda, bu, iş yerləri,
müasir texnologiyalar, kadrların hazırlanması deməkdir.
Hesab edirəm ki, bu sahədə daha da
böyük işlər görülməlidir. Biz təzə başlamışıq, ancaq
yaxşı başlamışıq. Hesab
edirəm ki, bizim təcrübə başqa ölkələrdə
də öyrənilə bilər.
Əlbəttə, bizim üçün bərpa olunan
enerji növlərinin yaradılması və genişləndirilməsi
çox da təcili xarakter daşımır, çünki
bizim zəngin neft-qaz yataqlarımız vardır. Yeni yataqlar
aşkar edilib. "Şahdəniz",
"Abşeron", "Ümid" və digər
yataqlarımızda 2,6 trilyon kubmetr qaz
ehtiyatları vardır ki, bu da gələn 100 il ərzində
bizə və tərəfdaşlara kifayət edəcəkdir.
Ancaq bununla bərabər, biz bərpa olunan enerji
növlərini mütləq inkişaf etdirməliyik.
Enerji təhlükəsizliyi məsələlərinə
gəldikdə, bu sahədə də deyə bilərəm ki,
biz ölkə qarşısında duran bütün vəzifələri
icra edirik. Azərbaycanın enerji təhlükəsizliyi ilə
bağlı həll olunmamış heç bir məsələsi
qalmayıbdır. Bütün məsələlər
həll edilib. Sadəcə olaraq, neft-qaz
sektorunun inkişafının indiki mərhələsində
biz strategiyamızı düzgün işləməliyik.
Bunu müəyyən etmişik və bu strateji
hədəflərə çatmaq üçün konkret
addımlar da atılmalıdır. Bu sahədə
görülən bütün işlər haqqında ictimaiyyət
bilir.
Bizim çoxşaxəli ixrac nəqliyyat infrastrukturumuz
vardır. Hasilat lazımi səviyyədədir. Keçən
ay biz TANAP layihəsinə start verdik. Bu layihə
bir neçə səbəbə görə tarixi layihədir.
İlk növbədə, bildiyiniz kimi, uzun illərdir
ki, Azərbaycan və ümumiyyətlə, Xəzər
qazının Avropaya çatdırılması ilə
bağlı müzakirələr, danışıqlar
aparılır, konfranslar, zirvə görüşləri
keçirilir. Ən azı son yeddi il
ərzində bu məsələ ilə bağlı
müzakirələr gedir, ancaq nəticə yoxdur. Belə olan halda biz qərara gəldik ki, bu sahədə
də Azərbaycan liderliyi üzərinə götürməlidir.
Necə ki, 1990-cı illərin ortalarında Azərbaycan
Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası ilə bağlı
liderliyi, bütün məsuliyyəti və öhdəlikləri
öz üzərinə götürmüşdür. Biz
gördük ki, əgər bu sahədə də liderliyi
üzərimizə götürməsək, bu
danışıqlar hələ bəlkə bir on il də heç bir nəticəsiz davam edəcəkdir.
Qısa müddət ərzində türkiyəli tərəfdaşlarımızla
bu məsələ ilə bağlı müzakirələr,
danışıqlar aparıldı. Layihəyə
ad verildi - TANAP, Trans-Anadolu Qaz Kəməri. Bütün məsələlər həllini
tapdıqdan sonra keçən ay İstanbul şəhərində
gözəl mərasim keçirildi və TANAP ilə
bağlı bütün sənədlər imzalandı. Yəni, bu layihəyə start verildi. Bir daha vurğulamaq istəyirəm ki, bu layihə
sırf Azərbaycan-Türkiyə layihəsidir. Pay
bölgüsü 80 faiz Azərbaycan, 20 faiz Türkiyə tərəfinə
çatacaqdır. Pay bölgüsü bu əsasda
aparılmışdır. Bu pay
bölgüsü, eyni zamanda, maliyyə öhdəliyini
göstərir. Yəni, biz hazırıq ki,
layihənin 80 faizinin maliyyəsini özümüz təmin edək.
Eyni zamanda, mən bunu elan etmişəm, bu gün də demək
istəyirəm ki, bu layihə tərəfdaşlar
üçün, bizim üçün dost olan şirkətlər,
Azərbaycanda uzun illər fəaliyyət göstərən
şirkətlər üçün də
açıqdır. Əgər hər hansı
bir şirkət bu layihədə səhmdar, investor kimi
iştirak etmək istəyərsə, biz buna müsbət
baxacağıq. Əlbəttə, biz qərar
verəcəyik ki, hansı şirkətlər bu layihədə
iştirak edə bilər.
Çünki bu layihə, yenə də deyirəm, Azərbaycan
və Türkiyə layihəsidir. Mən tam əminəm
ki, bu layihənin uğurlu nəticəsi olacaqdır. Çünki bu günə qədər Azərbaycan
tərəfindən irəli sürülmüş layihələrin
heç biri iflasa uğramayıb. Hər
biri gözəl nəticələrlə sonuclanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri və digər
kəmərlər Azərbaycan tərəfindən icra edilib və
uğurla icra edilib.
O ki
qaldı neft-qaz yataqlarının işlənilməsinə,
bizim son illər ərzində, bu sahədə də heç
bir problemimiz olmamışdır. Biz
bütün hədəflərə çatmışıq.
Bu gün bir daha demək istəyirəm ki, Azərbaycan
öz enerji təhlükəsizliyini təmin edib, başqa
ölkələrin enerji təhlükəsizliyi məsələlərinin
həllində iştirak edir və gələcəkdə daha
da geniş şəkildə iştirak edəcəkdir.
Bu layihə, yenə də deyirəm, böyük əhəmiyyətə
malik olan layihədir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
layihələrindən az əhəmiyyət
daşımır. Bu, bizə imkan verəcək
ki, öz qaz resurslarımızı Türkiyəyə və
ondan sonra Avropaya daha da böyük həcmdə nəql edək.
Beləliklə, biz enerji siyasətimizdə əsas
amil olan şaxələndirmə məsələlərinə
tam şəkildə çatacağıq.
Biz bu gün də bu sahədə heç bir problemlə
üzləşmirik. Azərbaycanda hasil edilən neft-qaz ixrac
olunur, daxildə istehlak edilir. Hazırda
hasilatın səviyyəsi bizi qane edir və əslində
uzun illər bundan sonra bu səviyyə qalarsa,
iqtisadiyyatımız yalnız inkişaf edəcəkdir.
Nəzərə almalıyıq ki, biz indi
neft-qaz amilindən iqtisadi
asılılığımızı azaldırıq və
azaldacağıq. Yəni, demək istəyirəm
ki, hər şey indiki səviyyədə də qalsa, yenə
də biz inkişaf edəcəyik və
inkişafımızı yavaşıdan amil olmayacaqdır.
Ancaq bu layihə icra edilsə,
inkişafımız əlbəttə ki, daha da sürətli
olacaq, təsir dairəmiz daha da genişlənəcəkdir.
Çünki bu sahə - enerji sahəsi iqtisadi
maraqlarla bərabər, digər maraqları da təmin edir.
Artıq bu, heç kəs üçün sirr
deyil və Azərbaycanın, şübhəsiz ki, regional və
beynəlxalq mövqeləri yalnız və yalnız güclənəcək
və möhkəmlənəcəkdir.
Sənaye
inkişafımız ilə bağlı bir məsələyə
də toxunmaq istəyirəm. İri sənaye
müəssisələrinin şəhər mərkəzindən
çıxarılması prosesi gedir, getməlidir. Bakı sakinləri bu prosesin müsbət nəticələrini
görürlər. Biz vaxtı ilə
köhnəlmiş, ekoloji cəhətdən təhlükəli
sənaye müəssisələrini şəhərin mərkəzindən
çıxarırıq, yeni yerlərə
köçürürük. Eyni zamanda,
köhnəlmiş müəssisələrin fəaliyyətə
davam etməsi də lüzumsuzdur. Biz yeni,
güclü sənaye potensialı yaradırıq. Əlbəttə, çalışmalıyıq ki,
ən qabaqcıl texnologiyalar tətbiq edilsin. Şəhərin mərkəzində -
köçürülən köhnəlmiş sənaye
müəssisələrinin yerlərində ictimai istifadə
üçün yerlər yaradılmalıdır. Parklar, avtomobil dayanacaqları, bağçalar
salınmalıdır ki, insanlar üçün daha da
yaxşı şərait yaradılsın. Yaşıllıq zolaqları, ağaclar əkilməlidir.
Bu il iki milyondan artıq ağac əkilmişdir.
Əvvəlki dövrdə daha da çox idi.
Çünki "Ekologiya ili" çərçivəsində
hər yerdə bu proses gedirdi. Ancaq mən "Ekologiya ili"
başa çatdıqda demişdim ki, hesab edin ki, "Ekologiya
ili" bu gün də davam edir, sabah da
davam edəcək, hər il bizdə "Ekologiya ili"
olmalıdır. Çünki bu, həyatımızdır,
sağlamlığımızdır, gələcəyimizdir.
Yəni, bu proses davam etdirilir və bu prosesin müsbət nəticələri
vardır. Bayraq meydanına gedən yol və
Yeni Bulvar bunun bariz nümunəsidir. Bu yerlər
köhnəlmiş, yəni sovet dövründə tikilmiş
və heç bir əhəmiyyət daşımayan zavodlarla
elə bil ki, əhatə olunmuşdu. Onları
oradan köçürmək o qədər də asan
olmamışdır. Müqavimətlər
də oldu. Ancaq siyasi iradə olduqda heç bir müqavimət
heç bir nəticə vermir.
Ancaq bu gün Bakı sakinləri və Azərbaycan vətəndaşları
görürlər ki, nə qədər böyük işlər
görüldü. Bu sahə ümumi istifadəyə verildi,
bulvar uzadıldı, gözəl yaşıllıq
zolaqları yaradıldı və insanlar rahat istirahət edirlər.
Belə yerlər Bakının mərkəzində
hələ çoxdur və biz
çalışmalıyıq ki, onları mərkəzdən
çıxaraq və işləyən müəssisələri
köçürək, işləməyən müəssisələr
də oradan yığışdırılmalıdır.
Eyni zamanda, şəhərimizdə və ətraf qəsəbələrdə
çirklənmiş göllər həddindən artıq
çoxdur. Təxminən 30-a qədər göl vardır.
O göllərin yaranması tarixi bizə bəllidir. Oraya lay suları, kanalizasiya suları axır. Bu, əlbəttə ki, Bakının müasir
simasına uyğun gəlmir. Göstəriş
verilmişdir, hazırda İqtisadi İnkişaf Nazirliyi və
"Azərsu" şirkəti bu məsələ ilə
bağlı təkliflər hazırlayır. Biz bu gölləri təmizləməliyik,
abadlaşdırmalıyıq, kanalizasiya və drenaj sistemlərini
yaratmalıyıq ki, bu göllərdən Bakı sakinləri
və onun qonaqları istifadə etsinlər. Hazırda çox acınacaqlı mənzərə
təşkil edən bu göllər gözəl, şəffaf
göllərə çevrilməlidir. Mən
hesab edirəm ki, biz buna nail olacağıq. Baxmayaraq ki, bu, böyük və çətin bir
işdir. Həm maliyyə resursları tələb
edən, həm də texniki cəhətdən çox çətin
bir işdir. Ancaq mən hesab edirəm ki,
biz bunu mütləq etməliyik. Bunun
ölkəmizin gələcəyi üçün çox
böyük əhəmiyyəti olacaqdır. Təsəvvür edin ki, çirklənmiş,
ekoloji vəziyyəti korlayan bu göllər gələcəkdə
əgər təmiz göllərə çevrilərsə,
görün nə qədər yaxşı şərait, nə
qədər yeni istirahət yerləri, parklar, meşə
zolaqları yaradılacaqdır. Misal
üçün, Böyük Şor gölü. İndi ən ağır vəziyyətdə olan
Böyük Şor gölü şəhərin lap mərkəzindədir.
İndi Böyük Şor gölünün təmizlənməsi,
yeni kanalizasiya sistemlərinin, lay sularının
ötürülməsi, yaşıllıq zolaqlarının
yaradılması layihəsi əgər uğurla başa
çatarsa, böyük bir ərazidə, şəhərin mərkəzində
gözəl, təmiz göl yaranacaqdır.
Xocasən gölü, Xırdalan gölü, Qanlı
göl, Zığ gölü, yəni, bu göllərin
sayı həddindən artıq çoxdur. Bütün
bu göllərə yuxarıdan, vertolyotdan baxanda dəhşətli
bir mənzərə açılır. Biz
bu gölləri təmizləməliyik. Göstərişlər
verilib, bu il əlavə vəsaitin
ayrılması da nəzərdə tutulub. Ancaq gələn
ilin investisiya proqramında bu məsələ xüsusilə
qeyd olunmalıdır və çalışmaq lazımdır
ki, mümkün olan işləri bu il
görək. Əsas işləri gələn
ilin əvvəlində maksimum diqqətlə görməliyik.
Bakı və qəsəbələrin proqramı icra
edilir. Bu barədə
mən giriş nitqimdə sözümü dedim. Burada bütün vəzifələr qarşıya
qoyulub. Əminəm ki, proqramda olan
bütün məsələlər 2013-cü ilə qədər
öz həllini tapacaqdır. Proqrama əlavələr
də edildi. Çünki baxmayaraq ki,
proqram tərtib olunanda yerlərdən bizə daha çox məlumat
gəldi və bu məlumat, sifarişlər əsasında biz
bu proqramı yaratdıq. Ancaq əlbəttə
ki, indi yeni məsələlər ortaya çıxır.
Misal üçün, qəzalı məktəblərin
təmiri. İndi qəzalı məktəb
hansı məktəb sayılır? Dağılan
məktəb, yoxsa ki, pis vəziyyətdə olan məktəb?
Yəni bu qəzalı məktəbi müəyyən
etmək o qədər də asan məsələ deyildir.
Ancaq bir halda ki, indi biz ən pis vəziyyətdə
olan məktəbləri ya sökürük, yenidən tikirik,
ya da bərpa edirik, o qədər də yaxşı vəziyyətdə
olmayan məktəblər qalır kənarda, onlar da təmir
olunmalıdır. Yəni, onlar da proqrama əlavə
edilir. İndi uşaq
bağçalarının hamısı təmir
olunacaqdır. Şəhərdə bir dənə
də təmirsiz uşaq bağçası qalmayacaqdır.
Ancaq uşaq bağçalarının sayı və
potensialı bizi təmin etmir. Yeni bağçalar
tikilməlidir, ona görə proqrama əlavələr edildi,
vəsait də ayrıldı. Əminəm
ki, gələn ilin sonuna qədər icra ediləcəkdir.
Gələn ilin büdcəsi haqqında biz artıq
indidən fikirləşirik. Bu gün Maliyyə
Nazirliyi bu məsələ ilə məşğuldur. Gələn ilin büdcəsi həmişə
olduğu kimi, yenə də investisiya yönümlü
olmalıdır. Əlbəttə ki, sosial
yönümlü olmalıdır. Gələn il Bakı və qəsəbələrin
proqramı, böyük infrastruktur layihələri başa
çatmalıdır. Ona görə göllərlə
bağlı ekoloji tədbirlər icra edilməlidir. Ona
görə gələn il bizim xərcimiz
yəqin ki, çox olacaqdır. Yəqin ki, yox,
dəqiq çox olacaqdır. Biz bu işi
indidən planlaşdırmalıyıq və bu barədə
mən artıq göstəriş vermişəm. Bu gün də bir daha demək istəyirəm ki, gələn
ilin investisiya proqramını biz bu ilin sonunda təsdiq etməliyik.
Çünki adətən bizdə investisiya
proqramı ilin əvvəlində, təqribən yanvar
ayında təsdiq edilir. Ondan sonra vəsait
açılır və investisiya layihələri demək
olar ki, fevral ayına qədər öz icrasını gözləyir.
Ancaq vaxt itirməmək üçün investisiya
proqramı bu ilin sonunda qəbul edilməlidir ki, yanvarın əvvəlindən
artıq bu proqram icra edilməyə başlasın.
Bizim maliyyə vəziyyətimiz bütövlükdə
yaxşıdır. İlin əvvəlindən ölkəmizin
strateji valyuta ehtiyatları artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 44
milyard dollar səviyyəsindədir. İlin
sonuna qədər bu rəqəm artmalıdır. Xarici dövlət borcu çox aşağı səviyyədədir.
Ümumi daxili məhsulun 7 faizini təşkil
edir. Bu, dünya miqyasında ən müsbət
göstəricilərdən biridir. Buna
baxmayaraq, mən göstəriş vermişəm ki, biz əlavə
kreditlərin götürülməsində daha da ehtiyatlı
olmalıyıq. Bu gün biz
özümüz kreditlər veririk və bu, həm siyasi, həm
iqtisadi cəhətdən müsbət haldır. Biz öz pulumuzu müxtəlif alətlər vasitəsilə
yerləşdiririk. Götürüləcək kreditlər,
sadəcə olaraq, istisna hal kimi ola bilər.
Çünki əsas işlər dövlət
büdcəsi, yaxud da ki, əvvəllər
götürülmüş kreditlər hesabına
görülür. Mən yeni kreditlərin
götürülməsinə o qədər də
böyük ehtiyac görmürəm. Yəni,
müstəsna hal kimi etmək olar, hər bir kreditin
götürülməsi əsaslandırılmalıdır.
Bu, krediti götürmək istəyən
şirkət, yaxud da nazirlik tərəfindən əsaslandırılmalıdır
ki, biz xarici dövlət borcunu artırmayaq. Düzdür, ümumi daxili məhsulun 7 faizi
çox aşağı göstəricidir. Müqayisə üçün deyim ki, inkişaf
etmiş ölkələrdə bu, 80, 100, 150 faizdir və o,
artıq iflasa gedən yoldur. Bizdə 7
faizdir. Ola bilər müəyyən dərəcədə
artsın, çünki əvvəlki illərdən
götürülmüş kreditlər hələ gəlməyə
davam edir. Ola bilər artsın, amma heç bir halda 10
faizi keçməməlidir və
çalışmalıyıq ki, növbəti illərdə
biz bu kreditlərin borcunu bir az endirək. Halbuki biz bu borcu bir gündə ödəyə bilərik.
Yəni, bizim valyuta ehtiyatlarımız borcumuzdan
10 dəfə çoxdur.
Amma yenə
də elə etməliyik ki, bu gün də, sabah
da, 10 ildən, 20 ildən, 50 ildən sonra ancaq inkişaf yolu
ilə gedək. Avropanın bəzi ölkələri
borc götürməklə bax, bu vəziyyətə
düşdülər. Borc
götürürdülər, o borcu yönəldirdilər
sosial proqramlara, seçkiqabağı vədlərin yerinə
yetirilməsinə. Populist
çıxışları təmin etmək üçün
ondan sonra gələn siyasi qüvvələr yenə də
borc götürürdülər və beləliklə,
piramida yaranırdı ki, o da çökməli idi,
çökdü də. Belə təhlükə bizdə
yoxdur, ola da bilməz. Amma hər
halda həmişə deyirəm ki, siyasətdə də,
iqtisadiyyatda da, həyatda da hər kəs ayağını
yorğanına görə uzatmalıdır.
Bir məsələyə də toxunmaq istəyirəm. "Eurovision" mahnı
müsabiqəsinin Azərbaycanda keçirilməsi bizə
imkan verdi ki, ölkəmizi dünyaya
olduğu kimi təqdim edək. Ancaq sözün düzü,
keçən il bizim istedadlı gənc
müğənnilərimiz Almaniyada keçirilən
müsabiqədə qalib gəldikdə heç təsəvvür
edə bilməzdik ki, bu müsabiqə bu qədər siyasiləşdiriləcəkdir.
Çünki bu vaxta qədər bu müsabiqə sadəcə
olaraq, mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi
olmamışdı və ola da bilməz. Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə
bunu siyasiləşdirmək istəyən qüvvələr
tapıldı və deyə bilərəm ki, Azərbaycana
qarşı böyük və çirkin kampaniya
başlamışdı. Qeyd etməliyəm
ki, "Eurovision"u Azərbaycanda keçirmək
üçün biz heç vaxt təşəbbüs irəli
sürməmişdik, bu, mümkün deyil. Çünki yarışmanın qaydaları belədir
ki, qalib olan ölkə məcburdur ki, bu tədbiri
keçirsin və biz də bunu böyük məsuliyyət
kimi qəbul etdik. Doqquz ay ərzində, -
bu da dünya miqyasında yəqin ki, rekord göstəricidir,
- "Crystal Hall" kimi möhtəşəm idman-konsert
sarayını tikdik. Bayraq Meydanı onsuz
da genişləndirilirdi, biz orada işləri sadəcə
olaraq, sürətləndirdik və bütün şəraiti
yaratdıq.
Təşkilati nöqteyi-nəzərdən ən
gözəl müsabiqə idi. Bizə gələn
minlərlə xarici qonaq təşkilati məsələləri
yüksək qiymətləndirdi və bütövlükdə
şəhərimizə heyran oldu. Çünki
Bakının gözəlliyi elədir ki, Bakıya vurulmamaq
mümkün deyil. Biz bütün
qonaqları ənənəvi olaraq qonaqpərvərliklə
qarşıladıq, çalışdıq ki, onlar
üçün gözəl şərait yaradaq və elə
edək ki, bu mahnı müsabiqəsi hər bir cəhətdən
yadda qalsın və əvvəlkilərdən fərqlənsin.
Görürəm və bilirəm ki, biz buna
müvəffəq olduq.
Bakıda
keçirilmiş "Eurovision" müsabiqəsi hesab edirəm
ki, başqa şəhərlər üçün nümunə
ola bilər. Ancaq bununla bərabər,
biz gözlənilməz kampaniya ilə də üzləşdik.
Bu, bizim üçün gözlənilməz
idi. Çünki yenə də deyirəm,
"Eurovision"un tarixində heç
vaxt siyasi məqamlar olmamışdı. Burada
antiazərbaycan qüvvələrin birləşməsi prosesi
sürətlə getmişdir. İlk
növbədə, erməni lobbisi və bu məsələ ilə
bağlı mən əvvəllər də demişəm, bu
gün də deyirəm, "Eurovision" müsabiqəsi bir
daha mənim sözlərimi təsdiqləyir ki, bizim
üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti
üçün bir nömrəli düşmən dünya
erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə
Azərbaycanı ləkələmək, qaralamaq, şayiə,
böhtan yaymaq üçün çalışırlar və
bütün maliyyə-siyasi qüvvələrini səfərbər
edirlər ki, təki Azərbaycana zərbə vursunlar. Erməni lobbisi, ondan sonra digər qurumlar, digər
dairələr, Avropada islamofobiya xəstəliyinə düçar
olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Bunu da mən təəssüf hissi ilə deyə
bilərəm. Belə fikirlər səsləndi
ki, müsəlman ölkəsində Avropa müsabiqəsi
keçirilə bilməz. Bu, əlbəttə
ki, çox məyusedici bəyanatlardır. Düzdür, belə qüvvələrin Qərb
dünyasında, siyasi müstəvidə çəkisi
çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə
olan siyasətçilər əfsuslar olsun ki, vardır.
Əgər belə təsnifat aparsaq deyə bilərəm
ki, üçüncü qüvvələr sadəcə
olaraq, Azərbaycanın uğurlu inkişafını qəbul
edə bilməyən, Azərbaycanın böhranlı illərdə
bu qədər inkişaf etdiyini həzm edə bilməyən
və sadəcə olaraq, uğurlarımıza qısqanan,
paxıllıq edən dairələrdir. Onları
qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran,
hər yerdə problem, nümayişlər, polis ilə əhalinin
toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi
hal almışdır, - ancaq burada sakitlik, rahatlıq,
inkişaf və xoş ovqat hökm sürür.
İnkişafımızı qəbul etməyən
qüvvələr, insanlar, siyasətçilər var və
biz onları tanıyırıq. Bunlara qoşulmuş
yerli, antimilli qüvvələr, özünü müxalifət
adlandıran, əslində, uzun illər antiazərbaycan
mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya
aparan qüvvələr vardır. Mən onlara qüvvə
demərəm, elementlər, ünsürlər desəm, daha dəqiq
olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana
qarşı çox çirkin, yalan və böhtan üzərində
kampaniya aparmağa başlamışlar. Həm
xarici, həm daxili mətbuatda qəsdən müəyyən
təxribatların baş verməsini onlar təşkil
etmişlər. Onlar üçün, yəni
xüsusilə daxildəki bu elementlər üçün siyasi
həyatda bir prinsip var ki, Azərbaycan üçün nə
qədər pisdirsə, onlar üçün bir o qədər
yaxşıdır. Yəni, Azərbaycanı
ləkələmək, Azərbaycan haqqında yanlış məlumat
yaymaq, erməni lobbisi ilə birləşmək - bütün
bunlar bizim gözümüzün qabağında baş
vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan
xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki,
bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc
içində idi. Bu qədər qonaq gəlir,
hər kəs istəyirdi ki, öz ölkəsini təqdim
etsin, tanıtdırsın, gözəl yerləri göstərsin.
Antimilli qüvvələr isə xarici qonaqlara
deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin,
biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə
pisdir. Yəni, adamın ağlına gəlmir
ki, bu dərəcədə antimilli duyğularla yaşayan
insanlar burada, ümumiyyətlə, özləri
üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir,
hər gün faciədir. Bir yenilik görəndə
üzülürlər, bir inkişaf görəndə yasa
batırlar. Bunlar doğrudan da, çox
ağır bir psixoloji durumda olan insanlardır, özü də
uzun illər ərzində. Çünki
Azərbaycanın inkişafı bu günün işi deyil.
Bu, ardıcıllıqla gedən bir
inkişafdır. 1990-cı illərin ortalarından bu
günə qədər hər il
inkişaf, gözəllik, abadlıq - indi Bakı
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilibdir. Bunu biz demirik, xarici
qonaqlar deyirlər. Bunlar üçün
bu, daimi stressdir və yəqin ki, onların məntiqsiz hərəkətləri
illərcə yığılmış bu stressin təzahürüdür.
Çünki o hərəkətləri
başqa cür izah etmək mümkün deyildir.
"Eurovision"a qədər 20-ci Sahədə
ayrılan yerdə üç mitinq keçirilmişdir. Mən bir daha
demək istəyirəm ki, onlar üçün ən məqbul
yer 20-ci Sahədir və özləri də öz xoşu ilə
20-ci Sahədə mitinqləri çox sakit şəkildə
keçirdilər. Heç kim onlara dəymədi.
Amma görəndə ki, hər dəfə, - yəni
üç dəfə belə yığıncaqlar
keçirildi, - oraya gələn insanların sayı getdikcə
azalır, yeni taktikaya əl atdılar. Şəhərin
mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə
xarici mətbuatın diqqətini cəlb etməyə cəhd
etdilər. Bu, sırf təxribat xarakteri
daşıyan bir addım idi. Yaxşı,
"Eurovision" artıq qurtardı. Haradadır
o piketlər, haradadır o mitinqlər?! Hacıbala
Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə
dəvət etsin. "Eurovision"
növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək,
biz bilmirik. Yəni, biz o qədər
gözləyə bilmərik.
Bu, nə qədər gülməli olsa da, bir o qədər
də acınacaqlıdır. Çünki
doğrudan da, öz xalqına, öz millətinə, öz
dövlətinə bu qədər mənfi münasibət bəsləyən
insanlara bir ad vermək olar - milli satqınlar, xəyanətkarlar
və antimilli qüvvələr. Ancaq
bütün bu cəhdlərə və bizə qarşı bu
çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik -
Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi.
Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və
biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə
o zaman ədalət zəfər çalır və əminəm
ki, biz bundan sonra da həmişə qalib gələcəyik!
AzərTAc
Azərbaycan.-
2012.- 12 iyul.- S. 1-4.