Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olmuşdur

 

 Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası (MR) Bəstəkarlar Təşkilatının hesabat konserti olmuşdur.

Bu münasibətlə təşkil olunmuş toplantıda Naxçıvan MR Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov çıxış edərək demişdir ki, təşkilat muxtar respublikanın musiqi mədəniyyətinin zənginləşməsi yolunda uğurlu fəaliyyət göstərir. Təşkilatın 2001, 2005 və 2007-ci illərdə hesabat konsertləri olmuşdur. 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında təşkilatın tam heyətlə iştirakı və naxçıvanlı bəstəkarların əsərlərinin qurultayın konsert proqramına daxil edilməsi, hesabat dövründə bəstəkarların müxtəlif janrlarda yazdıqları yeni əsərlər musiqisevərlərin böyük marağına səbəb olmuşdur. Bu gün MR-də bəstəkar və musiqişünasların fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Artıq naxçıvanlı bəstəkarların əsərləri, simfonikkamera musiqisi böyük konsert salonlarında səslənir. Təşkilat üçün yüksək şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha da genişləndirmiş, bəstəkarlarımızı yeni əsərlər yaratmağa ruhlandırmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxışında qeyd etmişdir ki, MR Bəstəkarlar Təşkilatı 34 illik tarixə və zəngin təcrübəyə malikdir. Təşkilat uğurla fəaliyyət göstərən və yüksək maddi-texniki imkanları olan bir qurumdur. Son illər Naxçıvan bəstəkarlarının qazandığı uğurlar, muxtar respublikada gənc musiqiçilərin yetişməsi istiqamətində həyata keçirilən tədbirlər və yaradılan şərait mədəniyyətin, o cümlədən musiqinin inkişafına göstərilən yüksək qayğının nəticəsidir. Bu gün MR Bəstəkarlar Təşkilatının işində böyük irəliləyişlər müşahidə olunur, naxçıvanlı bəstəkarlar müxtəlif janrlarda yazdıqları əsərlərlə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirirlər.

Bəstəkar Kamal Əhmədovun "Azərbaycan bayrağı" odasının ifası ilə başlayan hesabat konsertində ayrı-ayrı janrlarda bəstələnmiş mahnı və musiqi nömrələri səsləndirilmişdir. Bəstəkarlardan Şəmsəddin Qasımovun, Kamal Əhmədovun, Yaşar Xəlilovun, İzzət Zamanovanın, Ülvi Əhmədovun, Günay Məmmədovanın əsərləri Naxçıvan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrixorunun, estrada orkestrinin müşayiəti ilə solistlər tərəfindən ifa edilmişdir. Naxçıvan MR-in əməkdar artistləri Azər Cəfərlinin, Elçin Nağıyevin, Naxçıvan Dövlət Filarmoniyasının solisti Qəribə Həsənovanın, Sahilə Əsədovanın, Naxçıvan Dövlət Universiteti bəstəkarlıq kafedrasının ikinci kurs tələbəsi Ülvi Əhmədovun, fortepiano kafedrasının ikinci kurs tələbəsi Nəzakət Gülməmmədovanın ifa etdikləri "Ömrün Heydər zirvəsi", Hüseyn Cavidin "Səyavuş" pyesinə yazılmış musiqi əsasında "Süita", "Əshabi-Kəhf" baletindən iki fraqment, "Mövzu ilə variasiyalar", "Vətən" romansı, "Müstəqil respublikam" və "Çoban türküsü" mahnıları, Naxçıvan Dövlət Filarmoniyasının xor kollektivinin ifasında səslənən "Mirzə Cəlilin xatirəsinə həsr olunmuş kantata", kamera orkestrinin ifa etdiyi "Aşıqsayağı" tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Hesabat konsertindən sonra bəstəkarlarla görüşən Ali Məclisin sədri Vasif Talıbov uğurlu konsert proqramına görə onları təbrik edərək demişdir ki, muxtar respublikanın bəstəkarları milli musiqi xəzinəmizi yeni mahnılarla, dəyərli sənət nümunələri ilə zənginləşdirirlər. Naxçıvanda yaşayıb fəaliyyət göstərən gənc və təcrübəli bəstəkarların yaradıcılığı bu sahədə də varislik ənənələrinin uğurla davam etdirildiyini göstərir. Bu gün təkcə paytaxt Bakıda deyil, ölkəmizin regionlarında, eləcə də Naxçıvan MR-də istedadlı sənətkarlar, peşəkar ifaçılar yetişir. Naxçıvan Dövlət Universitetində açılan bəstəkarlıq kafedrası bu sahədəki kadr hazırlığına mühüm töhfə verir.

Ali Məclisin sədri Naxçıvan bəstəkarlarına yeni yaradıcılıq uğurları arzulamışdır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin katibi, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov və Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova uğurlu konsert proqramına görə naxçıvanlı bəstəkarları təbrik etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 7.