Azərbaycanın gənclər siyasəti kitabının təqdimatı olmuşdur

 

 İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "İrəli" İctimai Birliyinin (İB) üzvü, gənc yazar Toğrul Əliyevin "Aspoliqraf" mətbəəsində nəşr edilmiş "Azərbaycanın gənclər siyasəti" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə "İrəli" İB-nin sədri Rauf Mərdiyev, Milli Məclisin deputatı İlham Məmmədov, SAM-ın  direktoru Fərhad Məmmədov və başqaları kitabın məziyyətlərindən danışaraq müəllifi təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışlar.

Bildirilmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsi kimi hazırda Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər.

Diqqətə çatdırılmışdır ki, ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından yetərincə istifadə edilməsi, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını təmin etmiş, Azərbaycan gəncliyinin  cəmiyyətin inkişafında fəal təbəqəyə çevrilməsinə imkan yaratmışdır.

Gənclər dövlət qayğısını daim üzərlərində hiss edirlər. Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycanın naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan dövlətimizin başçısının etimadını həmişə doğrultmalıdırlar.

Azərbaycanda milli bütövlüyün və dövlətçiliyin qorunmasında müstəsna xidmətləri olmuş Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliği olduqca vacibdir. Bu baxımdan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı çıxışlarının, fərman və sərəncamların, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun  gənclərlə bağlı  digər məlumatların yer aldığı kitab azərbaycanlı gənclərin vahid amal ətrafında daha da sıx birləşməsində faydalı olacaqdır.

Çıxış edənlər əminliklə vurğulamışlar ki, "Azərbaycanın gənclər siyasəti" kitabı gənclər arasında populyarlıq qazanacaqdır.

Sonda kitabın müəllifi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 7.