Meksika Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıqda maraqlıdır

 

 Azərbaycanda səfərdə olan Meksika Senatı sədrinin müavini Françisko Arroyo Vieyranın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Milli Məclisdə olub. Meksikalı qonaqlar əvvəlcə Milli Məclisin inzibati binasını gəzib deputatlar üçün yaradılmış şəraitlə tanış olublar. Meksika Senatı sədrinin müavini parlamentdə tətbiq olunan müasir texnologiyanı yüksək qiymətləndirib. Qonaqlar Milli Məclisdəki Heydər Əliyev Xatirə zalında Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən fotolara baxıblar.

Sonra nümayəndə heyəti ilə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilib. Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ülvi Quliyev bildirib ki, bu səfər həm xalqlarımız, həm də dövlətlərimiz arasında olan münasibətlərin inkişafına təkan verəcək. Onun sözlərinə görə, Azərbaycan Meksika ilə əlaqələrə çox böyük önəm verir. Bu səbəbdən də tərəflər arasında dialoqun aparılması çox vacibdir. Ü.Quliyev diqqətə çatdırıb ki, Azərbaycan çox gənc ölkədir və 20 il müddətində böyük nailiyyətlər qazanıb: "Azərbaycan gənc dövlət olmasına baxmayaraq qədim dövlətçilik ənənəsinə malik bir ölkədir. Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan 1918-ci ildə qadınlara seçki hüququ verib". İşçi qrupunun rəhbəri ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda Meksikanın Azərbaycanda səfirliyi açılacaq və ikitərəfli əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək. İşçi qrupunun rəhbəri deyib ki, Azərbaycan iqtisadi cəhətdən güclü bir dövlətə çevrilib. Regionun lider dövləti hesab olunan ölkəmizin yeganə problemi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ülvi Quliyev işçi qrupunun üzvləri adından Meksika Senatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərara görə nümayəndə heyətinə minnətdarlığını bildirib. Qeyd edək ki, həmin qərara əsasən Meksika Ermənistanı işğalçı dövlət, Xocalı faciəsini isə soyqırımı kimi tanıyır.

Ü.Quliyev onu da vurğulayıb ki, hər iki ölkənin hökumət üzvlərinin, adamlarının qarşılıqlı səfərləri Azərbaycan-Meksika iqtisadi əlaqələrini  möhkəmləndirəcək və səfərlərin davamlı olması, biznes forumların keçirilməsi ticari əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

Meksika Senatı sədrinin müavini Françisko Arroyo Vieyra isə bildirib ki, Azərbaycanın gənc dövlət olmasına baxmayaraq bu cür sürətli inkişaf etməsi onlarda böyük sevinc hissi yaradıb. Onun sözlərinə görə, 20 illik müstəqillik tarixi olan bir dövlət artıq Avropa və dünyanın bir çox beynəlxalq təşkilatlarında söz sahibinə çevrilib. Azərbaycan regionda ən böyük iqtisadi layihələri həyata keçirən bir ölkədir. Onun sözlərinə görə, Meksika Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıqda maraqlıdır.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 8.