Böyük sənət töhfəsi

 

 Qüdrətli sənətkar, böyük musiqi xadimi Üzeyir Hacıbəyovun ölməz və parlaq irsi Azərbaycan incəsənətinin və dünya mədəniyyətinin zirvələrində dayanır. Görkəmli musiqi ustadının əsərləri ilə nəinki Azərbaycan incəsənəti daha da zənginləşmiş, hətta mədəniyyət tariximizdə bir çox mühüm sahələrin təməli qoyulmuş, möhkəm bünövrəsi yaradılmışdır. Dövlət himnimizin musiqisi, Şərqdə ilk opera, birinci operetta, konservatoriyanın təşkili, xalq çalğı alətləri orkestri (1932), mahnı və rəqs ansamblı (1936), romanslar... və sair bu böyük sənət dühasının adı ilə bağlıdır. Böyük istedadın və ciddi axtarışların sayəsində meydana çıxmış "Azərbaycan xalq musiqisinin əsasları" monumental əsəri (1945) ilə o, milli musiqimizin elmi-nəzəri konsepsiyasını yaratmışdır.

Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" və digər operaları əsasən muğam operaları, "Koroğlu" isə aşıq sənəti üstündə köklənmiş qəhrəmanlıq operası olaraq milli mədəniyyətimizin tarixində xüsusi mərhələyə çevrilmişdir. Dahi Üzeyir Hacıbəyovun böyük sənətinin zirvəsi sayılan məşhur "Koroğlu" operası geniş mənada Azərbaycan milli opera sənətinin, ümumiyyətlə, incəsənətimizin zirvəsində qərar tutan möhtəşəm əsərdir. İlk dəfə 75 il bundan əvvəl Bakıda tamaşaya qoyulan və hər dəfə rəğbətlə qarşılanan məşhur "Koroğlu" qəhrəmanlıq operasının ruhu və ideyası müstəqillik dövrünün Azərbaycanı üçün daha aktual və müasirdir. Keçmiş sovet hakimiyyəti illərində bu nadir sənət nümunəsi həm də ideoloji cəhətdən dəyərləndirilərək "istismarçı siniflər" kimi səciyyələndirilən hakim feodal təbəqəyə qarşı mübarizəni əks etdirən əsər olaraq ön mövqeyə çəkilmişdir. Hətta 1938-ci ildə Azərbaycan incəsənəti dekadası çərçivəsində Moskva şəhərində böyük təntənə ilə nümayiş etdirilən "Koroğlu" operasına tamaşa edən Sovetlər İttifaqının başçısı İosif Stalin müəlliflə görüşündə "istismardan azad olmaq və torpaq uğrunda mübarizəni" əsərin ən başlıca dəyəri kimi qiymətləndirmişdir.

Doğrudur, "Koroğlu" dastanında və onun əsasında yazılmış eyniadlı operada keçmiş feodal dünyasında hakim təbəqədəki ədalətsizliklərlə xalq kütləsi arasındakı ziddiyyətlərə dair motivlər mövcuddur. Lakin həm də böyük mütəfəkkir olan akademik Üzeyir Hacıbəyovun "Koroğlu" operasında əsas məqsədi heç də sinfi münasibətləri qabarıq şəkildə əks etdirmək olmayıb, ümumiyyətlə milli azadlıq və xalq qəhrəmanlığı haqqında musiqili səhnə əsəri yaratmaqdan ibarət olmuşdur. "Koroğlu" operası geniş mənada xalqın milli müstəqillik uvertürası səviyyəsində səslənir. Bu dahiyanə əsər Azərbaycan xalqının azadlığı və müstəqilliyinin böyük sənətin dili ilə ifadə olunmuş ölməz himnidir. Bizə görə, operadakı məşhur "Koroğlu uvertürası" və "Çənlibel xoru" yalnız dövlət himni ilə müqayisə edilə biləcək vətənpərvərlik və səfərbərlik manifestidir.

Dahi Üzeyir Hacıbəyovun yaratdığı ölməz Koroğlu obrazı xalqın qəhrəmanlığı ilə müdrikliyinin, mübarizə əzmi ilə milli təfəkkürünün ümumiləşdirilmiş bədii ifadəsi kimi bütöv bir millətin, yaxud da milli dövlətin sərkərdəsinin mahiyyətini özündə əks etdirir. Bundan başqa, "Koroğlu" operası - Azərbaycan milli musiqi sənətinin bütün imkanları və vasitələrinin cazibədar çələngidir. "Koroğlu" operası - ümummilli ideya ilə, qəhrəmanlıq ruhu ilə milli musiqi mədəniyyətinin harmoniyasından yoğrulmuş, qeyri-adi böyük istedadla yazılmış nəhəng sənət abidəsidir. Bütün bunlara görə Üzeyir Hacıbəyovun "Koroğlu" operası Azərbaycanın dövlət müstəqilliyi dövrü üçün xüsusi aktuallığa malikdir. Daha doğrusu, milli azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq "Koroğlu" operasının əsas ruhunu ifadə edən mühüm hədəfdir. Bütövlükdə "Koroğlu" operası Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq uvertürasıdır. Azərbaycanın müstəqillik dövrünün mübarizə və inkişaf ruhunda, milli mədəniyyətimizin tac damarlarında "Koroğlu" operasının nəbzi döyünür. Hazırkı mərhələdə Koroğlu mövzusuna qayıdış xalqımızın tarixi qəhrəmanlıq ənənələrinə ehtiramın ifadəsi olmaqla bərabər, həm də müstəqillik epoxasında müasir nəsillərin formalaşdırılmasına, yeni mədəniyyətin, azərbaycançılıq düşüncəsinin dərinləşdirilib möhkəmləndirilməsinə xidmətin ifadəsidir.

21 fevral 2012-ci ildə Bakıda Koroğlu heykəlinin açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi aşağıdakı fikirlər yeni dövrün bu sahədəki vəzifələrini çox dolğun şəkildə ifadə edir: "Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, cəsarət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir... Koroğlu haqq-ədalətin tərəfində idi... Gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik".

Bütün bunlara görə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda Koroğlu mövzusuna qayıdış dövlət müstəqilliyi uğrunda mübarizə tariximizin əhəmiyyətli hadisələri səviyyəsində ümumiləşir. Hələ 1988-ci ildə ölkəmizdə milli azadlıq havasının yenicə canlanmağa başladığı zaman xalq rəssamı Hüseynqulu Əliyevin Koroğlu abidəsinin Naxçıvan şəhərində ucaldılması azadlıq hərəkatının inkişafına və milli birliyə xidmət etmişdi. İndiki dövrdə böyük Üzeyir bəy Hacıbəyovun məşhur "Koroğlu" operasının Naxçıvanda tamaşaya qoyulması böyük sənət hadisəsi olmaqla yanaşı, həm də mühüm siyasi-tarixi əhəmiyyətə malik olan milli ideologiya hadisəsidir. Düşmən sərhədində alınmaz qala kimi məğrur dayanan, böyük sürətlə qurulub möhkəmlənən, Çənlibel funksiyasını daşımağın məsuliyyəti və şərəfini birlikdə yaşayan Naxçıvanda teatr səhnəsinə çıxarılan "Koroğlu" operası mərdliyin, igidliyin, vətənpərvərliyin, milli birliyin həyatda və mübarizədə davam edən ritmi kimi səslənir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Üzeyir Hacıbəyovun "Koroğlu" operasının tamaşaya qoyulması bütövlükdə Azərbaycan milli mədəniyyəti miqyasında böyük sənət hadisəsidir. Adından da göründüyü kimi, ölkəmizin böyük sənət ocaqlarından biri olan və artıq yaradılmasının 130-cu ilinə qədəm qoymuş Naxçıvan teatrında uzun illərdən bəri musiqili dramatik vasitələrdən istifadə ənənəsinin mövcudluğu və inkişafı bu sənət ocağında operanın, həm də "Koroğlu" operası kimi özünəməxsus yüksək sənətkarlıq xüsusiyyətlərinə malik olan bir operanın tamaşaya qoyulması üçün zəmin hazırlamışdır. Bu mənada "Koroğlu" operasının səhnəyə çıxarılması "milli teatr mədəniyyətinin mühüm bir qolunu" (Cəfər Cəfərov) təşkil edən Naxçıvan teatrındakı çoxillik musiqi ənənələrinin məntiqi yekunudur.

Bundan başqa, "Koroğlu" operası Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində muxtar respublikadakı incəsənət ocaqlarının kollektiv zəhmətinin, birgə fəaliyyətinin bacarıqla əlaqələndirilməsi sayəsində canlandırıla bilmişdir. Naxçıvan səhnəsinin "Koroğlu"sunda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən Filarmoniyanın mahnı və rəqs qruplarının, xor kollektivinin, kamera orkestrinin, Naxçıvan Dövlət Universiteti incəsənət fakültəsinin imkanları bütöv, vahid bir sistemdə cəmləşdirilmişdir. Bu mənada Naxçıvan teatrında tamaşaya qoyulan "Koroğlu" operası adları qeyd olunan ali təhsil və sənət ocaqlarının illərdən bəri ardıcıl olaraq inkişaf etdirilməsi sahəsində muxtar respublika Ali Məclisi səviyyəsində aparılan geniş və məqsədyönlü tədbirlərin hesabına əldə olunan mühüm nəticələrin sayəsində meydana çıxmışdır. Bu, həm də müxtəlif yaradıcılıq kollektivlərinin imkanlarının və səylərinin vahid bir məcrada birləşdirməyin mümkünlüyünün nümunəsidir. Beləliklə, "Koroğlu" operası müstəqillik dövrü Azərbaycan milli mədəniyyətinin Naxçıvan məktəbinin əsas sənət uğurlarından biri kimi yaranıb ərsəyə gəlmişdir.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuş "Koroğlu" operasının mətni əsərin özündə olduğundan bir qədər fərqli olaraq beş pərdə yox, dörd pərdədən ibarətdir. Operanın rejissoru, Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev mətndə az da olsa keçmiş ideologiya ilə səsləşə bilən bəzi hissələri ixtisar etməli olmuşdur. İxtisarların aparılması zamanı Alı kişi-Rövşən xətti birləşdirilmiş, paşa-əyan mühiti ilə əlaqədar bəzi səhnələr çıxarılmış, Eyvaz surəti digər obrazların sözləri ilə səhnədə səsləndirilmişdir. Heç bir halda operanın mətninə əlavə olaraq bir söz belə artırılmamışdır. Əslində Üzeyir Hacıbəyovun "Koroğlu" operasının mətnindən çox az bir şey səliqə ilə çıxarılmış, bununla da dramaturji mətn - libretto müasir dövrün tələblərinə və yaradıcı heyətin imkanlarına uyğunlaşdırılmışdır. Aparılan müəyyən ixtisarlardan sonra səhnəyə çıxarılan yekun variant "Koroğlu" operası əsasında hazırlanmış kompozisiya adlandırılmışdır.

Fikrimizcə, "Koroğlu" operasının Naxçıvan teatrında tamaşaya qoyulmuş variantında yaradıcı şəkildə aparılmış zəruri ixtisarlar əsərin süjetinə, tamlığına qətiyyən xələl gətirməmişdir. Əksinə, yeni təqdimatda opera əhəmiyyətli hadisələrin və vəziyyətlərin üzərində qurulmuş, süjet xəttinin ən mühüm məqamları saxlanılmaqla kompozisiyanın bütövlüyü mühafizə edilmişdir. Məlumdur ki, hər hansı bir əsərdə, xüsusən də keçmiş sovet ideologiyası mühitində yaranmış əsərlərdə, hətta bir çox hallarda indi də yazılan dramlarda da səhnənin tələbatı ilə əlaqədar müəyyən dəyişikliklər və əlavələr edilməsi zərurəti yaranır. Demək olar ki, teatrlarda oynanılan əsərlərin mütləq əksəriyyətinin "səhnə variantı" mövcuddur. "Koroğlu" operasının Naxçıvan tamaşasının dramaturji mətnindəki qeyd edilən "əməliyyatlar" da o qədər yaradıcılıqla və bacarıqla, həssaslıqla edilmişdir ki, librettonun tam mətni ilə tanış olmayanlar bunu hiss edə bilməzlər. Bütün bunlara ixtisarlar deyil, "Koroğlu" operasının "Naxçıvan tamaşasının "səhnə variantı"nın hazırlanması kimi baxmaq daha doğru olardı. Bizə görə, Naxçıvan teatrında oynanılan "Koroğlu" operasını "kompozisiya" kimi təqdim etmək yalnız Üzeyir Hacıbəyovun böyük sənətinə məsuliyyətli bir münasibətdən irəli gəlir. Əslində isə Naxçıvan səhnəsinin "Koroğlu" operasından alınan təəssürat tamdır. Operanın bütün əsas inkişaf mərhələləri səhnədə öz əksini tapmışdır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfə olaraq səhnəyə çıxarılan Koroğlu obrazı iki cəhəti: milli azadlıq mübarizəsi - qəhrəmanlıq ruhu ilə xalq-aşıq sənətinin zənginliyini və qüdrətini özündə birləşdirir. Tenor səsə malik olan Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov üçün məsələnin ikinci cəhətinin səhnə həlli daha əlverişli, münasib və nisbətən asandır. Bundan əvvəl Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında Əsgər bəyin obrazını məharətlə yaradan, Əsgərin ariyalarını və tərəf müqabilləri ilə duetlərini özünəməxsus sənətkarlıqla ifa edən Mübariz Əsgərov operada Koroğlunun sazla-sözlə əlaqədar tərəflərini daha rahat qavramışdır. Ümumiyyətlə, "Arşın mal alan" operettasındakı ifaçılıq-aktyorluq fəaliyyəti ona "Koroğlu" operasında Koroğlu rolunun ifaçısı kimi etimad göstərilməsi baxımından ciddi bir əsas olmuşdur. Mübariz Əsgərov "Koroğlu" operasının baş qəhrəmanının obrazı üzərində çalışarkən ifaçılıqla aktyorluğu məharətlə uzlaşdırmış, ifaçı ağırlıqlı aktyor missiyasını məsuliyyətlə yerinə yetirmişdir. Opera janrının tələblərinə uyğun olaraq o, Koroğlunun bütün hərəkətlərini, hadisələrdə iştirakını səslə, ariya və duetlərlə, aşıq musiqisi ilə müşayiət edə bilmişdir. Mübariz Əsgərovun simasında onun özünəməxsus səsi, ariyalarındakı sözlərin ritmi və musiqinin əks-sədası bir-birini tamamlamışdır. Solo ilə çıxış etdiyi məqamlarda da o, ya hadisələrin axarına, ya da musiqinin tempinə uyğun səhnə hərəkətləri əsasında davranır. Bütövlükdə Naxçıvan teatrında böyük səhnəmiz səviyyəsində yeni bir Koroğlu ifaçısı formalaşır.

"Koroğlu" dastanında olduğu kimi, Üzeyir Hacıbəyovun operasında da Nigar ayrıca, müstəqil bir bədii surət olmaqla yanaşı, həm də Koroğlunu ideyaca və mənəviyyatca tamamlayan obraz funksiyasını da daşıyır. Çənlibel, Misri qılınc və Qırat kimi Koroğlunu da Nigarsız və ya əksinə, Nigarı Koroğlusuz təsəvvür etmək mümkün deyildir. Nigar obrazı həm də gərgin dramatik mübarizələrlə zəngin olan operaya dərin bir fəlsəfi lirika gətirir. Nigar obrazını səhnədə canlandırmaq üçün seçilmiş aktyor həm ciddi bir mərdanəlik, bütövlük, həm də təbii bir lirizm nümayiş etdirməyi bacarmalıdır. Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva Nigar obrazını "Koroğlu" operasındakı hadisələrin mərkəzində saxlamağı bacarmışdır.

Ürək çırpıntıları ilə ifa etdiyi ariyalarda əksini tapan mətləblər bütün məqamlarda onun qoç Koroğlunun, beləliklə elinin-obasının taleyi ilə yaşadığını tamaşaçıya çatdıra bilir. Bununla belə, Koroğlu kimi xalq qəhrəmanına övlad bəxş edə bilməməsi ilə bağlı keçirdiyi iztirablar da Nigarın dilindən səslənən düşüncələrdə özünün qabarıq əksini tapır. Aydın surətdə görünür ki, əməkdar artist Gülyanaq Fərzəliyeva Nigar olaraq Koroğluya dəstək olduğu məqamlarda daha ciddi, sərt və ya xəbərdaredici xarakterli mahnılarla çıxış edir. Bir qadın olaraq daxili iztirablarını ifadə edərkən isə o, kövrək və qayğılı duyğuları ilə səhnədə yaşayır. Gülyanaq Fərzəliyevanın bir-iki oktava enib qalxan soprano səsi ona obrazın hər iki vəziyyətində olan ərzi-halını ifadə etmək üçün münasib imkan yaradır.

Birinci pərdədəki Nigarın "Zalım Həsən xan, cəllada verdi fərman, fağır-günahsız, dilsiz-ağızsız Alını etsin qurban; Kor etdilər yazıq Alını, dağıtdılar bütün malını; qəlbim yanır, odlanır bu ahi-nalədən; Gələr bir gün..." sözləri üstündə köklənmiş ariyasında operanın bütün ruhu, əsas ideyası ifadə edilir. Bu anda Gülyanaq Fərzəliyevanın sopranosunda Koroğlu dəlilərinin nərəsi səslənir. Gülyanaq Fərzəliyeva Nigar obrazındakı mükəmməl ifası ilə Azərbaycan səhnəsində bu obrazın indiyədək tanınmış ifaçıları ilə yanaşı dayanmaq istedadına malik olduğunu nümayiş etdirir.

"Koroğlu" operasındakı Həsən xan obrazı ilə gənc ifaçı Əli Davudinin səhnə imkanları geniş ölçüdə açılmışdır. Bu vaxtadək əsasən "filarmoniya solisti" kimi tanınan, yaxud da böyük xor kollektivinin tərkibində özünəməxsus yer tutan Əli Davudi Həsən xan obrazı ilə səhnədə də böyük imkanlara malik olduğunu təqdim etmişdir. Əli Davudi "Koroğlu" operasındakı ariya və duetlərdəki solistliklə Həsən xanın ictimai funksiyasını nəzərə çarpdıran hərəkətlərində məna tapan aktyorluq cizgilərini uzlaşdırmaq üçün bütün enerjisini meydana qoymuşdur. Beləliklə, Əli Davudi yaratdığı Həsən xan obrazı ilə Koroğlu-Nigar xəttinin əks cəbhəsinin mahiyyətini tamaşaçılara çatdırmağın öhdəsindən gəlmişdir. Naxçıvan teatrının artisti Zakir Fətəliyevin yaratdığı İbrahim xan, Rəhman Dünyamalıyevin səhnədə canlandırdığı Ehsan paşa obrazları saray mühitinin daxili aləminin açılmasına uğurla xidmət edir və nəticə etibarilə Həsən xan xəttini tamamlayır. Naxçıvan Dövlət Filarmoniyasının solisti Qəribə Həsənovanın saray xanəndəsi olaraq ifa etdiyi mahnılar həmin mühitin mahiyyətinin aydınlaşmasında mühüm əhəmiyyətə malikdir. Qəribə Həsənovanın yaratdığı kədərli görüntü saray həyatında onun "yad adam" olması təəssüratını canlandıra bilir. "Koroğlu" dastanındakı Xanəndə qızın ifası vasitəsilə Qəribə Həsənova xalqa yaxın gənc xanəndənin taleyini də tamaşaçılara təqdim edir. Onun səsində Koroğlu epoxasının gərgin məqamlarının müəyyən çalarları çox təbii şəkildə səslənir. Samir İsmayılovun saray təlxəyi obrazındakı çıxışları xan-paşa həyatındakı daxili gərginliklərin, saray mühitindəki ziddiyyətli vəziyyətlərin üzə çıxmasına şərait yaradır. Samir İsmayılovun təqdimatında təlxək ictimai mühitdən gələn çətinliklərə baxmayaraq, haqq sözün carçısı və ədalətin tərəfdarı kimi çıxış edir. Gənc aktyor təlxək obrazı ilə saray mühitindəki paşa və əyanlardan fərqli düşüncəyə sahib olduğunu sezdirməyi bacarır. O, bir aktyor kimi özünü təlxəkliyə qoymağın da öhdəsindən gəlmişdir.

"Koroğlu" dastanından Keçəl Həmzə kimi tanıdığımız obraz operada Həmzə bəy adı ilə təqdim olunur. Həmzə bəy Çənlibel dünyasını sınaqdan keçirmək, Koroğlu obrazının xarakterində yüksək keyfiyyətlərlə yanaşı, bəzi nazik məqamların da olduğunu göstərmək, beləliklə, obrazı bütün yönləri ilə canlandırmaq üçün düşünülmüş açardır. O, Koroğlu kimi xalq qəhrəmanının "saqqızını oğurlamağı" bacaran, rola girməyin öhdəsindən gələn fərqli bir qüvvədir. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Elçin Nağıyevin ifasında Həmzə bəyin Çənlibel mühitində oynamaq istədiyi rol inandırıcı şəkildə təqdim olunur. Bundan başqa, Elçin Nağıyevin mahir bir vokalçı olaraq bu vaxta qədər qazandığı təcrübə ona Həmzə bəy obrazını operanın dili ilə təqdim olunmasına yol açır. Həsən xan obrazı Əli Davudinin uğurlu səhnə debütü olduğu səviyyədə Həmzə bəy surəti də ilk çıxışı olsa da, Elçin Nağıyevin böyük səhnədəki özünütəsdiqidir. Elçin Nağıyev Naxçıvan səhnəsində özünəməxsus səsi və davranışı ilə tam Həmzə bəydir. Çox inanırıq ki, o, böyük səhnənin də layiqli Həmzə bəyi ola biləcəkdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində 40 ildən artıq zəngin sənət yolu keçmiş Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynovun ifasında Alı kişi həm azadlıq hərəkatının zərurəti ideyasını ortaya çıxarır, həm də xalq müdrikliyinin daşıyıcısı olaraq proseslərin gedişinə işıq salır. Xəlil Hüseynov Alı kişinin bir-birini tamamlayan hər iki mövqeyini səhnədə bütöv bir tamın hissələri kimi yaşayır və təsirli vasitələrlə canlandırır.

Bir neçə kəlmə rejissor haqqında demək lazım gəlir. Rejissorluğa aktyorluqdan gələn Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyevin Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı uğurlu tamaşaları onun ölkəmizin tanınmış rejissorları ailəsinin layiqli bir üzvü olduğunu müəyyən etmişdir. Əsasən dramatik və tragikomik əsərlərə uğurlu quruluşlar verməsi ilə teatrın tarixində özünəməxsus iz buraxan Kamran Quliyev fikrimizcə, Üzeyir Hacıbəyovun "Koroğlu"su ilə opera rejissoru kimi də böyük sınaqdan məharətlə çıxmağı bacarmışdır. Əvvəla, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı "musiqili teatr" statusunda olduğu üçün bu böyük sənət ocağının baş rejissoru indiyədək orkestrlə, ifaçılarla, bəstəkarla işləmək sahəsində özünəməxsus iş təcrübəsinə malikdir. Məsələnin bu cəhəti ona Üzeyir Hacıbəyovun "Koroğlu" operası kimi böyük sənət əsərinə rejissorluq etmək, quruluş vermək üçün səlahiyyət qazanmaq imkanı vermişdir.

Kamran Quliyevin operanın musiqi rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevlə, dirijor Çingiz Axundovla, hətta xormeyster, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mahirə Əsgərova ilə, baletmeyster, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovla, konsertmeyster Sahilə Əsədova ilə birgə işi dahi Üzeyir Hacıbəyovun nadir və zəngin musiqisinin bütün əzəmətini və qüdrətini, incəliklərini və gözəlliyini səhnədə canlandırmağa imkan yaratmışdır. İlk dəfə bu tamaşada dirijor qismində çıxış edən xalq artisti Çingiz Axundovun rəhbəri olduğu Naxçıvan Dövlət Kamera Orkestri ilə "Koroğlu" operasını tamaşa boyu bacarıqla müşayiət etməsi operanın uğurlu səhnə həllində mühüm amillərdən biri olmuşdur. Bu qədd-qamətli dirijorun səhnədəki orkestr çuxurundan yuxarı qalxan çubuğu həm dirijor pultunda kamera orkestrinin məharətlə idarə olunmasına, həm də səhnədəki hərəkətlərin, vəziyyətlərin musiqinin ahənginə, ritminə uyğun tənzimlənməsinə ton verir. Adətən orkestr çuxurundakı pult arxasında nəzəri cəlb edən dirijor bu dəfə həm də uca boyu ilə səhnədə görünür və az qala hadisələrin iştirakçısına çevrilir. Bu mənada orkestrə aid sərhədlərdən kənara çıxmayan, ilk növbədə əsərin musiqisi ilə, bütövlükdə isə operanın ruhu və gedişatı ilə yaşayan Çingiz Axundov fərqli bir əlavə obraz təsiri bağışlayır. Sözün böyük mənasında kamera orkestri "Koroğlu" operasının musiqi həyatını dolğun şəkildə idarə edir.

Ümumiyyətlə, "Koroğlu" operası kütləvi səhnələr tamaşasıdır. Operadakı kütləvi səhnələr əsərin ideyasını, ruhunu, hadisələrin inkişaf dinamikasını, hətta bir çox məqamlarda ayrı-ayrı obrazların səhnədəki vəziyyətini, süjetin gedişatını mənalandırmaq üçün düşünülmüş məqamlar və vasitələrdir. Bundan başqa, Üzeyir Hacıbəyovun "Koroğlu" operasında kütləvi səhnələri müşayiət etmək baxımından xor və ya rəqslər üçün yazdığı musiqi, bu fonda təqdim olunan xor və solo əsərin musiqi hissəsinin əsasını, müəyyən məqamlarda isə tam mahiyyətini təşkil edir. "Koroğlu" operasındakı xor səhnələri geniş mənada Üzeyir Hacıbəyov sənətinin zirvəsində dayanan musiqi əsərlərindən ibarətdir.

Məsələn, məşhur "Çənlibel xoru" Üzeyir Hacıbəyovun "Koroğlu" operası zəminində meydana çıxmış ən nadir və məşhur əsərlərdən biridir. Çənlibel xoru "Koroğlu" operasının qəhrəmanlıq ruhunun dramatik uvertürasıdır. Bütün bunlara görə "Koroğlu" operasında kütləvi səhnələrdə ifa edilən xor, ariya və rəqslərin yüksək professional səviyyədə təqdim olunması sadəcə tamaşadakı hadisələrarası boşluqları doldurmağa xidmət etmir, əsərin hərəkətverici qüvvəsi funksiyasını yerinə yetirir. Çənlibel xoru qəhrəmanlıq rəmzi olan Çənlibeli obraza çevirir. Çənlibel xoru Vətən mənasında Çənlibelin qəhrəmanlıq simfoniyasıdır. Bütün bunları nəzərə alan rejissor Naxçıvan "Koroğlu"sunda kütləvi səhnələrin operasını yüksək səviyyədə canlandırmaq üçün mümkün olan bütün vasitələrdən bacarıqla faydalanmışdır. Səhnəyə cəlb edilən Naxçıvan Dövlət Filarmoniyasının xor kollektivinin böyük məharətlə ifa etdiyi səfərbərlik üstündə köklənmiş mahnılar vətənpərvərlik və qəhrəmanlıq marşları səviyyəsində səslənir. Xorun ifasında ucalan "Çənlibel-ölkəm, hər yeri möhkəm-möhkəm, quş keçə bilməz bu səngərlərin üstündən, qəsd edə bilməz bu yerlərə heç bir düşmən! Qəhrəmanlar yurdu - Çənlibel, basılmaz bir ordu - Çənlibel!" sədaları həm bütünlüklə "Koroğlu" operasının, həm də Koroğlu obrazının fəlsəfəsini əks etdirən çağırışlar kimi səhnəni də rəmzi mənada Vətənə çevirir.

Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovun "Koroğlu" operasına verdiyi tərtibat Çənlibel ətrafı mühitinin uyğun vasitələrlə təsəvvür olunmasına imkan yaradır. Quruluşda rəmziliklə, simvolika ilə gerçəkliyin sintezinə diqqət yetirilmiş, bu yolla dastan ruhunun həyati vasitələrlə qavranılmasına nail olunmuşdur. Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin səyləri nəticəsində xor və rəqs səhnələri mövzu ilə, hadisələrin axarı və obrazların yaşadıqları vəziyyətlə çox təbii şəkildə əlaqələndirilmişdir. Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının professional ifaları ilə "Koroğlu" operasının musiqi dünyası tam zənginliyi ilə səhnədən tamaşaçı mühitinə yol açır.

Ümumiyyətlə, dahi bəstəkar Üzeyir Hacıbəyovun "Koroğlu" operasının Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulması ölkə miqyasında mühüm bir mədəniyyət hadisəsidir. "Koroğlu" operasının Naxçıvan səhnəsində canlandırılması ilə muxtar respublikada incəsənətin müxtəlif sahələrinin, ayrı-ayrı yaradıcı kollektivlərin daha da inkişaf etdirilməsi baxımından dövlət əhəmiyyətli vəzifələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Geniş mənada "Koroğlu" operasının Naxçıvan tamaşası Azərbaycanın yeni dövr mədəniyyətinin yüksək inkişaf ritmlərinin konkret göstəricilərindən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 may 2012-ci il tarixdə "Koroğlu" operasının Naxçıvanda ilk tamaşasından sonra yaradıcı heyətlə görüşü zamanı diqqətə çatdırdığı aşağıdakı mətləblər ictimai-siyasi baxımdan qazanılan nailiyyətləri dolğun şəkildə ümumiləşdirir: "Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin müstəqil ölkəmizdə uğurla davam və inkişaf etdirilməsinin bəhrələridir... Bunun nəticəsidir ki, Naxçıvan teatrında klassik Azərbaycan operaları tamaşaya qoyulur, peşəkar ifaçılar yetişir".

Üzeyir Hacıbəyovun "Koroğlu" operasının Naxçıvan tamaşası müstəqillik dövrü Azərbaycan milli mədəniyyətinə Naxçıvan Muxtar Respublikasının böyük sənət töhfəsidir. Fikrimizcə, Naxçıvan teatrının "Koroğlu"su böyük səhnədə - Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilməyə layiqdir.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 9.