Tarixə böyük ehtiram

 

 Gəncə Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 23 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrlə əlaqədar tədbirlər planının yerinə yetirilməsi vəziyyəti şəhər ziyalılarının, nizamişünas alimlərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə edilmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri giriş sözü ilə açaraq Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıqla bağlı dövlət başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Yubileyin keçirilməsi ilə əlaqədar şəhər ziyalılarından, nizamişünas alimlərdən, həmçinin yaradıcı təşkilatların nümayəndələrindən ibarət təşkil olunmuş komissiyanın sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyevin komissiyanın gördüyü işlərə dair hesabatı dinlənilmişdir.

Bildirilmişdir  ki, dahi Nizaminin dünyanın bir sıra ölkələrində saxlanılan əlyazmalarının surətlərinin əldə edilməsi sahəsində müəyyən işlər görülür. Artıq bu əlyazmaların bir hissəsi Böyük Britaniya, Almaniya, Avstriya, Rusiya, Fransabaşqa ölkələrin muzeylərindən gətirilmiş və onların nümayiş etdirilməsi üçün inşası başa çatmaqda olan Nizami muzeyində ayrıca guşə yaradılır.

İkinci məsələ - qəbiristanlıqların və digər müqəddəs yerlərin mühafizəsi, bərpası və tədqiqi problemi də əhalinin ürəyindən xəbər verdiyinə görə geniş müzakirəyə səbəb oldu. Qeyd edildi ki, İmamzadə və Səbiskar məzarlıqları qədim Gəncənin əsas simvolları sayılır. Onların hər ikisi tarixi epiqrafik abidələrdir. İmamzadə türbəsi 739-cu ildə vəfat etmiş  beşinci imam Məhəmməd Bağırın oğlu Mövlana İbrahimin məzarı üzərində ucaldılmışdır. Tarixin hər dönəmində Gəncə İmamzadəsi öz əzəmətini qoruyub saxlaya bilmiş, inam-inanc yeri kimi həmişə ziyarət olunmuşdur. Bu müqəddəs ocağın türbə və əsas tikililəri XIV-XV əsrlərdə inşa edilmiş, XVII-XVIII əsrlərdə isə burada əlavə quruculuq işləri aparılmışdır.

Səkkiz ədəd sütunsuz günbəzdən ibarət olan İmamzadə kompleksi sənətkarlıq baxımından özündə Şərq-müsəlman memarlığının ən unikal, ən nəfis, ən dəyərli ənənələrini əks etdirir. Türbənin 14,7 metr hündürlüyə malik baş günbəzi, həmçinin dəbilqə formasındakı hündürlüyü 12 metr, diametri isə 4,4 metr olan "Şahzadə İbrahim" günbəzi bilicilər tərəfindən ən kamil incəsənət nümunələri kimi dəyərləndirilir.

Gəncə İmamzadəsinin bərpa və təmir edilməsinə dair ilk tarixi məlumatlar Cavad xanın adı ilə bağlıdır. Cavad xanın tapşırığı ilə şəhərin baş memarı, Mirzə Şəfi Vazehin atası Kərbəlayi Sadıq kompleksdə tikinti və təmir-bərpa işlərinə rəhbərlik etmişdir. Sonralar isə - yəni, 1878-1879-cu illərdə ikinci atlı müsəlman polkunun sərkərdəsi, general-mayor İsrafil bəy Yadigarzadənin şəxsi vəsaiti hesabına burada mühüm yenidənqurma işləri aparılmışdır.

İmamzadənin öz adına-sanına layiq bərpası müstəqil dövlətimizin payına düşür. Prezident İlham Əliyevin sərəncamı ilə İmamzadə kompleksinin təmiri, bərpası və ətrafında yenidənqurma tədbirlərinin həyata keçirilməsi üçün xeyli vəsait ayrılmışdır. İndi tarixin bu əvəzsiz yadigarında genişmiqyaslı quruculuq işləri görülür.

Səbiskar isə XVII əsrin yadigarıdır. Gəncə indiki məkana köçəndən bəri burada dəfn olunan dövrün ən tanınan insanlarına, zadəgan əsilli adamlara, xeyriyyəçilərə, ruhanilərə, Difai partiyasının öncüllərinə, cümhuriyyətin və 1920-ci il may üsyanının fədailərinə, ümumən Azərbaycanın siyasi-ictimai və mədəni həyatında xüsusi əhəmiyyət kəsb etmiş yüzdən artıq şəxsiyyətə milli memarlıq üslubunda sərdabələr ucaldılmışdır.

Mütəxəssislər deyirlər ki, burada inşa olunan sərdabələrin hər biri memarlıq baxımından Arran və Şərq memarlıq nümunələrinin inciləri hesab olunmaqla yanaşı, üslub baxımından bir-birindən fərqlənir. Bu mənada unikal dəfn ənənələrinə malik Səbiskar məzarlığı tarixietnoqrafik baxımdan mühüm əhəmiyyətli abidə hesab olunur.

Belə bir müqəddəs guşə uzun müddət baxımsız vəziyyətdə qalmışdı. Səbiskar məzarlığında təmir-bərpa işlərinin aparılmasının təşkili məqsədilə şəhər icra hakimiyyəti tərəfindən ziyalılardan ibarət ictimai komissiya yaradılmışdır.

Hazırda burada ilkin bərpa işlərinə başlanılmışdır. Məzarlığın min metrə yaxın uçuq divarları  sökülərək milli memarlıq üslubunda inşa olunur. Giriş və çıxış yerlərində milli ornamentlərlə bəzədilmiş yeni darvazalar qoyulur. Avtomobilpiyada yolları təmir olunur. Görkəmli şəxsiyyətlərə aid sərdabələrin tarixi müəyyən edilirmüvafiq məlumat lövhələri hazırlanır. Bir sözlə, Səbiskar məzarlığının açıq muzeyə çevrilməsi üçün tədbirlər görülür.

Gəncənin digər ziyarət yeri - ötən əsrin yetmişinci illərində Göygöl-Daşkəsən yolunda salınmış Təzə qəbiristanlıqdır. Son vaxtlarda onun abadlaşmasına  xüsusi diqqət yetirilir. Yol-iz sahmana salınır. Şəhidlər xiyabanı başdan-başa yenidən qurulub. Burada 367 şəhid, 44 naməlum əsgər və 5 Milli Qəhrəman uyuyur. Bütün məzarlar sıra ilə eyni ölçüdə, eyni formada bərpa olunub. Qara mərmər üzərində hər şəhidin adı-soyadı, olumölüm tarixləri ilə yanaşı, şəkilləri həkk edilib. Xiyabanın başında isə  19,5 metr hündürlüyündə abidə-kompleksi ucaldılır.

Müzakirələrdə əməkdar elm xadimi Mirdaməd Sadıqov, professor Xəlil Yusifli, dosent Süsənbər Məmmədova, əməkdar rəssam Şərif Şərifov, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, kafedra müdiri Sevda Qurbanəliyeva, dosent Sabir Həsənzadə, əmək veteranlarından Məsail Quliyev, Nizami Xəlilov, Tahir Abbasov, Akif Ələkbərov və başqaları qədim Gəncənin yenidən qurulmasında görülən əvəzsiz işlərdən, yubileyə hazırlıq tədbirlərindən və müqəddəs guşələrə olan qayğı və diqqətdən danışaraq arzu və təkliflərini bildirdilər.

Toplantıda çıxış edən ictimaiyyətin nümayəndələri dahi Nizaminin ədəbi irsinə və ümumən milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan, onun qorunması və təbliği istiqamətində göstərdiyi qayğı və diqqətə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 10.