Ombudsman Avropa Şurası Məşvərətçi Komitəsinin ekspertlər qrupu ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Avropa Şurası Məşvərətçi Komitəsinin ekspertlərini - xanım Anastasiya Kriklini, xanım Şarlotta Altenhöner-DionuGyerg Sinan ilə görüşmüşdür.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, E.Süleymanova "Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası" üzrə ölkədə həyata keçirilən tədbirlər, həmçinin mandatı, insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti, Ombudsmanın regional mərkəzləri haqqında geniş məlumat vermişdir.

E.Süleymanova Azərbaycanda 90-dək milli azlığın, etnik qrupun yaşadığını, ölkədə milli, dini dözümlülüyün hökm sürdüyünü, milli azlıqlarla, onların icmaları ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını, bu baxımdan Azərbaycanın çoxmillətli ölkə olduğunu qeyd etmişdir.

İnsan hüquqları üzrə müvəkkil fəaliyyəti dövründə milli azlıqların kompakt yaşadığı regionlara dəfələrlə səfərlər etdiyini, əhali ilə görüşlər keçirdiyini, onların problemlərinin həllinə kömək göstərdiyini bildirmişdir.

E.Süleymanova milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verdiyini, bu qəbildən olan təkliflərin əksəriyyətinin nəzərə alındığını da qonaqların nəzərinə çatdırmışdır.

Ekspertlərin ayrı-seçkilik əleyhinə qanunvericiliklə bağlı suallarını cavablandıran ombudsman bu sahədə müzakirələrin aparıldığını, digər dövlətlərin müvafiq qanunvericiliyinin öyrənildiyini qeyd etmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 10.