Rusiyanın Azərbaycan
diasporu Krasnodar
diyarına humanitar yardım göstərmişdir
Krasnodar diyarında baş vermiş təbii fəlakətlə əlaqədar daşqından zərər çəkənlərə yardım yığılması üzrə aksiyalar keçirilir. Ümumrusiya Azərbaycanlılar Konqresinin bütün regional bölmələri Rusiyanın hər yerində geniş vüsət almış bu prosesə fəal qoşulmuşdur.
Konqresdə AzərTAc-a bildirmişlər ki, Azərbaycan icmasının nümayəndələri və Ümumrusiya Azərbaycanlılar Konqresinin Krasnodar regional bölməsinin üzvləri bu günlərdə "Starıy Baku" kafesində toplaşmışlar. Diyarda baş vermiş faciə müzakirə edilmiş, daşqından ən çox zərər çəkmiş Krımsk şəhərinin əhalisinə humanitar yardım göstərmək məqsədilə xeyriyyə aksiyası üçün maliyyə vəsaiti toplamaq qərara alınmışdır. Bir yük avtomobilinə ümumi dəyəri 200 min rubldan çox olan 10 tona yaxın ilkin tələbat malları yüklənmişdir. Yüklərin arasında min şüşə müxtəlif sular, tez hazırlanan qidalar, bir neçə yüz kiloqram meyvə, habelə yuyucu vasitələr şəxsi gigiyena əşyaları vardır. İyulun 9-da Azərbaycan diasporunun nümayəndələri bu yükü Krımskda qəbul etmişlər.
ÜAK-ın Krasnodar regional bölməsinin sədri Şahlar Novruzov AzərTAc-a bildirmişdir ki, yükü boşaltmaq imkanı yaranması üçün bir neçə saat gözləmək lazım gəlmişdir. Bu fors-major vəziyyətdə Krımsk şəhərinə göndərilmiş humanitar yardımı qəbul etməyə və yardımın həcmini təsdiqləməyə hazır olan məsul şəxs tapmaq o qədər də asan olmamışdır. Diyarın vitse-qubernatoru D.Xatuov bu məsuliyyəti öz üzərinə götürmüş və bu çətin anda göstərilən dəstəyə görə Azərbaycan diasporuna təşəkkürünü bildirmişdir. Ertəsi gün ÜAK-ın Krasnodar bölməsinin nümayəndələri içərisində humanitar yardım yükü olan avtomobil karvanının Rusiya-Azərbaycan sərhədindən yola düşməsi barədə məlumatı izləmişlər. Həmin maşınlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə Bakıdan Krımsk şəhərinə gedirdi. Rusiyanın strateji tərəfdaşı olan Azərbaycan fəlakətə düşmüş yaxın qonşusuna dərhal dostluq köməyi göstərməyi özünə borc bilmiş və xarici dövlətlər arasında birinci olaraq bunu etmişdir. Fəlakət rayonuna göndərilmiş 22 böyükhəcmli yük maşınındakı yükləri şəhərin məsul şəxsləri qəbul etmişlər.
Təbii fəlakətdən zərər çəkmiş rusiyalılara ÜAK-ın Moskva, Həştərxan, Stavropol, İvanovo, Smolensk, Ryazan vilayət bölmələri, habelə Şimali Osetiya-Alaniya, Başkortostan, İnquşetiya və digər ərazi bölmələri də yardım göstərmişlər.
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 12 iyul.- S. 10.